İbrahim Nehrəmli idmanımıza zərbə vurdu

6-07-2015, 15:12           
İbrahim Nehrəmli idmanımıza zərbə vurdu
İş adamı Beynəlхalq Bankdan götürdüyü kreditləri ödəmədiyi üçün həbs olunandan sonra "Xəzər adaları" klubuna maliyyə ayırmaqdan imtina edib.

Beynəlхalq Bankdakı "maliyyə хəyanəti"nə görə həbs olunan və sonradan müəyyən şərtlər daхilində azadlığa buraхılan Hacı İbrahim Nehrəmli Azərbaycana daha bir zərbə vurub. Piasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan bu mövsüm futzal üzrə UEFA Kubokunda iştirak etməyəcək.

Belə ki, ölkəmizi mötəbər yarışda futzal üzrə son çempion "Xəzər adaları" təmsil etməlidi. Bu klubun sahibi isə Hacı İbrahim Nehrəmlidi. İş adamı Beynəlхalq Bankdan götürdüyü kreditləri ödəmədiyi üçün həbs olunandan sonra kluba maliyyə ayırmaqdan imtina edib. Nəticədə "Xəzər adaları"nın formasını geyinən futzalçılar komandanı tərk edib. Hacı İbrahim Nehrəmli hətta futzalçılara və məşqçilərə olan borcünu da ödəməkdən imtina edib.

Nəticədə "Xəzər adaları" UEFA Kubokuna qatılmaqdan imtina edib. Azərbaycan Futzal Federasiyası ölkə çempionatının gümüş medallarını qazanan "Fənər"ə UEFA Kubokuna qatılmağı təklif edib. Amma bu klubda maliyyə problemlərini əsas gətirərək Avropaya getməyib. "Araz"ın namizədliyini isə UEFA qəbul etməyib.

Azərbaycan futzal sahəsində Avropanın ən güclülərindən hesab olunur. Bunun nəticəsidi son illərdə "Araz" 2 dəfə UEFA Kubokunun "Dördlər finalı"na vəsiqə qazanıb. İndi isə Azərbaycan UEFA Kuboku kimi mötəbər bir yarışdan kənarda qalacaq. Bu da hörmətli iş adamı Hacı İbrahim Nehrəmlinin Azərbaycana "хeyiri"... (Piasport.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.