Millimiz bu gecə ikinciliyi ələ keçirəcəkmi?

10-06-2017, 14:12           

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

BakuPost.az-ın məlumatına görə, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qarşılaşma hər iki komanda üçün böyük önəm kəsb edir. Britaniya təmsilçisi Belfastda yığmamız üzərində qələbə qazanaraq, ələ keçirdiyi qrup ikinciliyini möhkəmləndirməyi hədəfləyir.

Ancaq Robert Prosineçkinin yetirmələrinin də yarışdan qopub-qopmamağı bu matçın nəticəsindən asılıdır. Komandamız doğma publika önündə qalib gələrək, həm Belfastdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq, həm də şansını yenidən artırmaq arzusundadır.
Millimizin heyət baxımından bir problemi yoxdur. Prosineçkinin istədiyi bütün oyunçular sərəncamında təlim-məşq toplanışında olub, komanda şəklində hazırlaşmağa imkan tapıb.

Rəqib isə Bakıya ciddi itkilərlə gəlib. Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən dəvət olunmayıblar. Kreyq Katkart da yığmada zədə alaraq, heyətdən çıxarılıb.

Baş məşqçi Maykl Onil ötən il Avropa çempionatında iştirak edən futbolçulardan bir neçəsinin xidmətindən məhrumdu. Bəzi əsas heyət üzvlərinin klublarında az çıxış etməsi və oyun praktikasının olmaması da işimizə yaraya bilər.

Şimali İrlandiyaya indiyə qədər evdə məğlub olmamağımız bugünkü matça ümidlə baxmağa imkan verir. 2004-cü ildə britaniyalılar Azərbaycanı qolsuz bərabərliklə tərk etmişdilərsə, 2013-cü ildəki qarşılaşmada yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.