"Qarabağ"dan daha bir ulduza təklif: 450 min avro

29-08-2017, 16:40           
"Qarabağ"dan daha bir ulduza təklif: 450 min avro
Azərbaycan çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan “Qarabağ” transfer çalışmalarını davam etdirir.

teref.az yenicag.az-a istinadən xəbər verir ki, Ağdam klubu uelsli yarımmüdafiəçi Co Ledlini heyətinə qatmaq istəyib. Məlumata görə, çempionumuz bu futbolçuya ilinə 450 min dollarlıq təklif ünvanlayıb. Lakin 30 yaşlı oyunçu 650 min dollar istəyib. Klub futbolçunun istəyi ilə razılaşmadığından danışıqlar təxirə salınıb.

Qeyd edək ki, Ledli “Kardif Siti” klubunun yetirməsidi. 2004-cü ildən 2010-a qədər məhz doğma klubunda çıxış edən və 229 oyunda 27 qola imza atan yarımmüdafiəçi daha sonra Şotlandiyanın “Seltik” klubuna üz tutub. 4 il ərzində bu komandada 106 oyun keçirib, 20 qol vuran futbolçu 2014-cü ildən “Kristal Pelas”da top qovurdu. İngiltərə təmsilçisində 83 oyuna 6 qolla yadda qalan Co bu yay klubla yollarını ayırdıqdan sonra azad agent statusu daşıyır.

Ledli Uelsin aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millidə də oynayıb. O, hazırda üzvü olduğu ölkəsinin yığmasında 73 oyuna çıxıb, 4 dəfə rəqib qapılarına yol tapıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.