Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20-09-2017, 08:35           
Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər
Belçikanın paytaxtı Brüssel 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhər sırasından xaric oluna bilər.
"Report"un məlumatına görə, buna səbəb "Eurostadium"un tikintisinin ləngiməsidir.
Mümkündür ki, UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında Brüssel AVRO-2020-yə təşkilatçılıq hüququndan məhrum edilsin. Bu şəhərdə qrup mərhələsinin 3, 1/8 final mərhələsinin 1 oyunu keçirilməlidir. Lakin təbiəti mühafizə orqanlarından tikintiyə indiyədək razılıq almaq mümkün olmayıb. Belçika Krallığı Futbol Assosiasiyasının baş katibi Koen de Brabander stadionun vəd olunduğu kimi, 2019-cu ildə hazır ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, icazənin alınma prosesi daha 150 gün çəkəcək. Üstəlik, stadionun ərsəyə gəlməsinə 12 - 18 ay lazım gələcək. Beləliklə, hər şey qaydasında getsə, 60 min nəfərlik arena 2019-cu ilin payızınadək - AVRO-2020-nin startına 9 ay qalmış istifadəyə veriləcək. Hazırda Belçikanı əvəzləməyə Uels və Fransanın namizədlikləri nəzərdən keçirilir.
Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi şərəfinə AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Həmin şəhərlər arasında Bakı da var. Bakı Olimpiya Stadionu çempionatın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.