Elnur Məmmədov Çingiz Abdullayevi “baqaj”a qoydu

29-08-2015, 15:53           
Elnur Məmmədov Çingiz Abdullayevi “baqaj”a qoydu
Son günlər istər azarkeşlərlə münasibətlərə görə, istərsə də klubdaxili intizamın aşağı olması ilə gündəmdə qalmağı bacaran “Neftçi” uçurumdan yuvarlanmaqda davam edir

Hətta, iş o yerə çatıb ki, artıq Çingiz Abdullayevin də istefa verəcəyi barədə mətbuata məlumatlar sızır. Bu barədə komanda.az saytı bir neçə gün əvvəl məlumat yaymışdı.

Gündəmi zəbt edən informasiyaya cavab olaraq, klubun rəsmi saytında Çingiz Abdullayevin açıqlaması yerləşdirildi. Açıqlamada yazıçı xaricdə olduğunu, Azərbaycana qayıdandan sonra iş başında olacağını bildirmişdi.

Fanat.az-ın redaksiyasına bu barədə ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, bu açıqlamadan Çingiz Abdullayevin xəbəri yoxdu. Onun adından belə açıqlama "Neftçi" rəhbərliyinin təşəbbüsü ilə yayılıb. AFFA-nın baş katibi Elxan Məmmədov Çingiz Abdullayevi dilə tutaraq, müvəqqəti də olsa “Neftçi”də saxlamaq istəyir. Baş katib yaxşı bilir ki, yazıçının indi və bu şəkildə "Neftçi"dən getməsi həm də ona vurulan böyük zərbədi.

Məsələ bununla bitmir. “Qızıl dağlar” vəd olunaraq “Neftçi”yə gətirilən, ictimaiyyət arasında tanınan, nüfuzu olan insanlar da aldadıldığını başa düşüb. “Neftçi”dəki mənbəmiz islahatlardan sonra formalaşmış yeni “komanda”da ikitirəliyin yaranması barədə çox ilginc məlumatlar verib. Nifuzunu klubla birgə xərcləmək istəməyən Müşahidə Şurasında təmsil olunan tanınmışlar artıq istefa astanasındadı. Narazılıq əsasən Elxan Məmmədovun kadrı kimi tanınan Elnur Məmmədovdandı. Belə ki, klubdakı daxili intizamın aşağı olması və idarəçilikdən narazılıq “kiçik” Məmmədovun müzakirələrdə diqqət mərkəzinə düşməsinə səbəb olub. Uğursuzluğun əsas hədəfi hesab olunan Elnur Məmmədov barədə Elxan Məmmədov və Elşad Nəsirova məlumat verilib. “Ya o, ya da, biz” tələbini irəli sürən Müşahidə Şurasının üzvləri açıq-aşkar Elnur Məmmədova qarşı çıxıblar.

Məlumatda bildirilir ki, “Neftçi”nin icraçı direktorunun da təslim olmaq fikiri yoxdu. O, Cənubi Amerika səfərindən qayıdandan dərhal sonra Elxan Məmmədova “hesabat” verib. İcraçı direktor “hesabat”ında qarşı tərəfi Sadıq Sadıqova işləməkdə suçlayıb. Daha dəqiq desək, onları Sadıqovun dəyirmanına su tökməkdə günahlandırıb.

Mənbəmiz iddia edir ki, Elnur Məmmədovun “hesabat”ında bildirilir ki, “Neftçi”nin cari mövsümdə ilk qələbəsini klubun daxilində belə şübhə altına alanlar var. O, “Elxan Məmmədovla Kamran Quliyevin münasibətləri bu dəfə Elnur Məmmədovun postunun möhkəmlənməsi üçün istifadə olundu” kimi söz-söhbətlərin klub daxilindən çıxdığını baş katibin nəzərinə çatdırıb.

Mənbəmiz icraçı direktorun “hesabat”ında açıq-aşkar Çingiz Abdullayevin də adının çəkildiyini qeyd edir. “Müşahidə Şurasında klub haqqında hesabat vermək mənim hüququm olduğu təqdirdə, Çingiz Abdullayev klubda iki-üç hesabat verən saxlayır və onları toxunulmaz elan edir. Əgər belədirsə, mən bacarmıram” deyən Məmmədov baş katibdən ölçü götürülməsini istəyib.

Mənbənin dediklərinə inansaq, “Neftçi”də vəziyyət görünəndən də ağırdı. Hər-kəs bir-birindən şübhələnir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.