Avropa Oyunları: Patrik Hikki bu dəfə 500 milyon dollar istəyir

19-09-2015, 13:09           
Avropa Oyunları: Patrik Hikki bu dəfə 500 milyon dollar istəyir
2019-cu il Avropa Oyunlarının hansı ölkədə keçiriləcəyi hələ müəyyən edilməsə də Avropa Olimpiya Komitəsi yarışların qrafikini müəyyən edib. Virtualaz.org saytı xəbər verir ki, komitənin qərarına əsasən yarışlar iyun ayının sonuncu iki həftəsində keçiriləcək. I Avropa Oyunları bu ilin iyun ayında Bakıda keçirilib.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki deyib ki, yarışların qrafiki komitənin Albaniyanın paytaxtı Tiranada keçirilən toplantısında təsdiqlənib. P.Hikki xatırladıb ki, II Avropa Oyunlarına ev sahibliyini əvvəlcə Hollandiya üzərinə götürmüşdü: “Lakin cəmiyyətin müxtəlif kəsimlərindən bu yarışlara dəstək alınmadığı üçün onlar imtina etdilər”. P.Hikkinin sözlərinə görə, yarışların qrafikinin indidən müəyyən edilməsi imkan verəcək ki, Avropa idman federasiyaları və Milli Olimpiya komitələri öz təqvimlərini Avropa Oyunlarının təqvimi ilə uzlaşdırsınlar. Bakı oyunlarında olduğu kimi sonradan təqvimlərinə düzəliş etməli olmasınlar.

Patrik Hikki deyib ki, 2019-cu il Avropa Oyunlarını keçirmək üçün üç şəhər arasında seçim ediləcəyi gözlənilir. Hazırda bu şəhərlərlə danışıqlar davam edir, yekun qərarın oktyabrda açıqlanacağı planlaşdırılır. Yarışlara ev sahibliyi etmək üçün danışıqlar Türkiyə, Rusiya və Belarusla aparılır. “2019 yarışları üçün seçim imkanları böyük deyil, qərar simvolik xarakter daşıyacaq”- P.Hikki deyib. Onun fikrincə, yarışların təqviminin müəyyən edilməsi potensial ev sahibləri ilə danışıqları yekunlaşdırmağa kömək edəcək. Hikkinin sözlərinə görə, Avropa Olimpiya Komitəsi 2019-cu il yarışlarının orta əməliyyat büdcəsini 500 milyon dollar səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, Hollandiya əvvəlcə yarışların büdcəsini 37 milyon avro olaraq təsdiqləyib, daha sonra bu məbləğin həddən artıq çox olduğunu bildirərək yarışlara ev sahibliyi etməkdən imtina edib. Hərçənd ki, Avropa Olimpiya Komitəsi Bakıda keçirilən yarışlara görə kifayət qədər yüksək tələblər irəli sürmüşdü və əməliyyat büdcəsi 1 milyard dollara yaxın idi. P.Hikkinin fikrincə, 500 milyon dollar real rəqəmdir: “Olimpiya Oyunları ilə müqayisədə qitənin 50 ölkəsinin təmsil olunduğu idman tədbirlərinə 500 milyon dollar əməliyyat büdcəsinin müəyyən edilməsi optimal və ağlabatandır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.