"Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər"

21-09-2018, 21:20           
"Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər"
Hakimlər, Hakim-İnspektorlar Komitələrindəki struktur dəyişikliyi çox müzakirə olunur. Təbiidir. Hakimlik faktoru dünya futbolunda hər zaman diqqət mərkəzində olub və Azərbaycan futbolunda da belədir...


Son tur bir daha sübut etdi ki, ölkə futbolunda hakim idarəçiliyi səviyyəsi hansı durumdadır. Nəzərə alsaq ki, hər turda cəmi dörd görüş olur, əvvəlki rəqabət yoxdur, bölgələrdə futbol iflic vəziyyətə salınıb, boş tribunalar önündə açıq "Bakı çempionatı" keçirilir. Belə durumda heç bir psixoloji təzyiq olmadan hakimlərin bu dərəcədə biabırçı səhvlərə yol verməsi mövcud durumun nəcə acınacaqlı olmasının əyani göstəricisidir.


"Qarabağ"-"Sumqayıt" görüşündə penaltinin verilməməsi, "Neftçi"-"Keşlə" matçında analoqu olmayan ofsaydın qeyd olunmaması, əksər hakimlərin oyunlara nə faktiki, nə də psixoloji hazır olmamalarının göstəricisidir.


Oyunlarda nə gərginlik var, nə ajiotaj, yuxudan durub Bakının bir tərəfindən o biri tərəfinə stadionlara gedilir. Rəqabətin, 6-7 komandanın çempionluğa oynadığı illərdə bəhanələr gətirilirdi ki, hakimlər klubların, azarkeşlərin təzyiqinə dözə bilmirlər. Yaxşı ki, "Qalatasaray"-"Lokomotiv" oyununa çıxılmır, yoxsa həqiqi təzyiqdən özlərini Bosfora atardılar. İndi ki, problem yoxdu, az qala stadionlarda 22 futbolçu, hakimlər və texniki zonada oturanlardan başqa heç kim olmur. Nə yaxşı ki, öz klublarına sadiq 3-5 fan-klub var.


Əks halda tribunalarda matəm havası olardı.
Belə durumda hakimlərə nə mane olur ki?!
Göyün yeddinci qatında əllə oyunu görüb qırmızı göstərən hakim, yerdə də əllə oyunu görməlidir. 1,85-90 boyunda qapıçını meydanda "itirmək" olar? İynə deyil ki, otların arasına düşüb itsin. Bir də ki, ofsayd epizoduna qapıçının nə aidiyyatı var? Qaydalarda yazılıb ki, mütləq qapıçı yerində, arxada olmalıdır? Qapıçı da meydanda olan 11 futbolçudan biridir, ofsayd epizodlarında xüsusi statusa malik deyil. Epizodda ofsaydı qeydə almaq üçün köməkçi hakimə də ehtiyac yox idi. Kosmosdan da meydandakı durum açıq-aydın görünürdü.


Yaxın illərdə Türkiyə çempionatında baş hakimin səhvindən sonra görüş bitən kimi komandalardan, azarkeşlərdən, ictimaiyyətdən üzr istəyib hakimlik karyerasını bitirdiyini xatırlayıram. Ofsayd epizodu isə hakimlik karyerası deyil, futbolu birdəfəlik unutmaq üçün kifayətdir.


Bilmirəm, avstriyalı bu epizodlara baxıb geri dönmək üçün bilet sifariş vermək eşqinə düşüb ya yox?! İnandırıcı da deyil, əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər. Ən azından hakimliyin hansı duruma salındığını ilk oyunlardaca əyani görmüş oldu. Qısa müddətdən sonra hakimlikdə ya ciddi dönüş yaradılmalı, ya da yaşıl meydandakı epizodlar qazandığı "yaşıl"lar kimi hər tur yadına salınacaq...


İllərdi klublar qarşı-qarşıya qoyulub, dağıdılıb.
Böyük futbol böyük ürəklər, böyük istedadlar, böyük işlər tələb edir. Suallar çox, cavab verənlər yox. Yenidən "Böyük oyun"ları daha üst səviyyədə görmək istəyiriksə, futbolun bütün sahələrində ciddi dönüş, islahatlar aparılmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.