Alman casusu, İsrailin dostu, “zəif” və qəddar prezident... – İnanılmaz dosye

16-10-2018, 09:45           
Alman casusu, İsrailin dostu, “zəif” və qəddar prezident... – İnanılmaz dosye
Alman “casusu”, İsraillə sülh müqaviləsi imzalayan Misir prezidenti Ənvər Sədat hərbi parad zamanı öldürüldü. Bu həm də İsraillə müqavilə imzalayan Ənvər Sədata ərəb dünyasının cavabı idi. Qətlin hərbi parad zamanı törədilməsi isə Misir ordusunun heç bir halda bu sülh müqaviləsi ilə razılaşmayacğına işarə idi.

Teleqraf.com sui-qəsd nəticəsində öldürülən Misir dövlət başçısı Ənvər Sədat haqqında məqaləni təqdim edir.

1970-ci il oktyabrın 1-də Misirdə prezident Camal Əbdül Nasirin cənazə mərasimi keçirilirdi. Misirlilər Nasir üçün yas tutarkən yeni liderin kim olacağına dair plan artıq hazır idi. Nasirin ölümündən iki həftə sonra Ənvər Sədat yeni dövlət başçısı oldu.



Məhəmməd Ənvər əl-Sədat 25 dekabr 1918-ci ildə Nil deltasında yerləşən yoxsul qəsəbələrdən birində doğulmuşdu. Ölkəsinin İngiltərə işğalından xilasına dəstək vermək üçün hərbi məktəbdən məzun olaraq 20 yaşında Misir ordusuna qatıldı. Zabit olması onu ölkə daxilində baş verən proseslərdə iştirakına, müxalif mövqedə durmasına maneə deyildi.

II Dünya Müharibəsi başlayanda Sədat Misirin İngiltərə boyunduruğundan çıxmasının yeganə yolunu ölkəsinin Almaniya tərəfindən işğalında görürdü. Bu səbəbdən 1942-ci ildə Sədat Qahirədə nasist kəşfiyyat şəbəkəsi ilə əlaqədə ittiham olunaraq həbsə alınır. 1948-cı ildə azadlığa çıxır. Elə həmin il Camal Əbdül Nasir tərəfindən qurulan Millətçi Zabitlər Hərəkatına qoşulur.



1952-ci ilin iyununda r gənc zabitlər Kral Fərruxun devrilməsi ilə nəticələnən hərbi çevriliş həyata keçirdi. Bunun ardınca Misirdə ingilis istismarı başa çatır. İnqilabçıların hakimiyyətə gəlməsi ilə Sədat kölgədə qalır. Nasir 1952-ci ildən 1969-cu ilə qədər Sədatın hakimiyyətə meyl etmədiyini, nazir olmaq üçün belə mübarizə aparmadığını yaxından izləyir.

Elə Ənvər Sədatın səbirli davranışı və vəzifə naminə intriqalarda kənar qalması ona iqtidar yolunu açır. 1966-cı ildə Ənvər Sədat Əbdül Nasir tərəfindən dövlət başçısının müavini vəzifəsinə təyin edilir. Beləcə Sədat 1967-ci ildə hakimiyyəti ələ alır.

Ancaq Nasir ona problemli bir ölkə buraxmışdı. Misir ordusu İsraillə aparılan müharibədə acı məğlubiyyətə uğramış, tarixi ərazi Sina İsrail ordusu tərəfindən işğal olunmuşdu. Ənvər Sədat Sinanın geri qaytarılmasını vacib sayır, amma yeni müharibənin Misir üçün hansı nəticələr verəcəyini də gözəl bilirdi.

Başqa bir problem də vardı. Ənvər Sədatı Nasir tərəfdarları hakimiyyətə gətirmişdi. Onlar düşünürdülər ki, Sədat zəif siyasətçidir və səhnə arxasında onu asanlıqla idarə etmək olar. 1971-ci ilin mayında Sədat zəif görünməsinin onun ən böyük gücü olduğunu isbatladı. Ənvər Sədatın bütün rəqibləri həbs edildi, vətənə xəyanət ittihamı ilə uzun illər həbsə atıldı. Bununla da özünü Misirin həqiqi lideri olduğunu ortaya qoydu və bundan sonra beynəlxalq münasibətlər sisteminə diqqət etdi.



Əbdül Nasirin yanında olduğu müddətdə Sədat ancaq SSRİ-yə inanmağın böyük xəta olduğunu düşünürdü. Bir dəfə ən yaxın çevrəsində “Əgər Yaxın Şərq kağızdırsa, ABŞ bunun 99 faizini əlində tutur” ifadəsi işlətməsi ilə şok yaratmışdı.

Həmin dövrdə ABŞ açıqca İsraili dəstəkləyir və müdafiə edirdi. Sədat ABŞ-İsrail münasibətlərinə Misir amilini daxil etməyi ən düzgün addım sayır. Ancaq bunun üçün ABŞ-ın diqqətini çəkmək lazım idi. 1972-ci ildə Ənvər Sədat 8 min sovet hərbi mütəxəssisini Misirdən deportasiya etdi. Bununla ABŞ-ın diqqəti dairəsinə düşmək niyyəti güdülürdü.

“Bu hadisədən sonra Ənvər Sədata fərqli gözlə baxmağa başladıq”- həmin dövrdə ABŞ dövlət katibinin müavini olan Cozef Sisko qeyd edib.

1973-cü ilin fevralında Ənvər Sədatın əsas adamı Hafiz İsmayıl ABŞ irezident Nikson və dövlət katibi Kissincerlə görüş üçün Vaşinqtona dəvət olundu. Həmin görüşdə Kissincer “savaş meydanında uduzduğunuzu müzakirə masasında əldə etməyi gözləyə bilməssiniz” deyir. Ancaq Sədat İsrail tərəfindən işğal olunan Sinanın idarəçiliyinin müzakirə mövzusu ola bilməyəcəyini, əgər lazım olarsa oranı hərbi güclə geri alacağını qeyd edir.



İsrailin biçimsiz hərəkətləri və ABŞ-ın diqqətsizliyini görən Sədat onun qiymətləndirilməsinin yeganə yolunun Sinaya hücumdan keçdiyini anlayır. Elə bu məqsədlə Suriya lideri Hafiz Əsədlə görüşmək və İsrailə hücum məsələsini müzakirə etmək üçün Dəməşqə səfər edir. Ancaq Hafiz Əsədə özünün böyük layihəsi haqqında heç bir informasiya vermir. 1973-cü ilin 6 oktyabrında başlayan birgə əməliyyatda Suriya Colan təpələrinə hücum edir. Misir ordusu isə Suveyş kanalını keçərək Sinada kiçik bir ərazini işğal edir və irəliləmir.

Suriya isə Misirin irəliləməsinin səbəblərini öyrənmək məqsədilə Qahirəyə casuslarını yollayır. Ancaq Ənvər Sədata görə, bu hərbi hərəkət diplomatiyada üstünlük üçün bəs edirdi. 1973-cü ilin noyabrında Henri Kissincer görüş üçün Qahirəyə səfər edir və Sədatla hörmətli şəkildə müzakirələr aparır. 1974-cü ildə prezident Niksonun Misirə səfəri isə münasibətlərin düzəldiyini nümayiş etdirir. Sədat Misirin İsrail kimi ABŞ-ın yaxın dostu olacağı təqdirdə problemlərin həll ediləcəyinə inanır.

1977-ci ilin 9 oktyabrında Ənvər Sədat Misir parlamentində şok çıxış edir.

“Əminəm bu çıxışım İsraili şoka salacaq. İsrailin parlamentinə getməyə və onlarla müzakirə masası arxasında əyləşməyə hazıram”.

17 noyabr 1977-ci ildə Ənvər Sədatı İsrailə aparan təyyarə Təl-Əvivdə hava limanına enir. Həmin dövrdə İsrail hökumətində sərt davranışların tərəfdarı olan sağ radikal siyasətçilər təmsil olunurdu. Sülh cəhdləri bir neçə dəfə təxirə salınır.

1978-ci ildə ABŞ-da prezident Cimmi Karterin təşəbbüsü ilə Misir və İsrail liderləri arasında görüş keçirildi. İki həftə ərzində müzakirələr davam edir. Zaman keçdikcə Sədat geri addım atmağa başlayır. Prezident Karter İsrailin şərtlərini qəbul etmək üçün Sədata təzyiqlər edir. Bu şərtləri qəbul etmək isə Fələstin xalqına xəyanət demək idi. Sədatın xarici işlər naziri İbrahim Kamilə görə, buna getmək bağışlanmaz səhv olardı.

İbrahim Kamil müzakirələrin başa çatmasına bir neçə saat qalmış istefasını elan edir. Bununla da ərəb dünyasının düşməni İsraillə Misir arasında sülh müqaviləsi bağlamağın cavabdehliyini Ənvər Sədatın öhdəsinə buraxır. Bu ərəfədə Misir Ərəb Liqasından qovulur, Sadatın özü ərəb dünyasında arzuolunmaz şəxs hesab olunur, ölkə daxilində müxalifətin aktivliyi özünü göstərir.

Ərəb dünyasından təcrid olunan Sədat dayanmır və 1979-cu ildə ABŞ prezidentinin himayəsi altında İsrail-Misir sülh müqaviləsi imzalanır.

“Ənvər Sədat bir qumarbazdır. Keçmişə baxanda bunu həm onun görünüşündə, həm də söz sənətində aydın görmək olur. İsraillə sülh müqaviləsi imzalamaqla böyük riskə getmişdi. Ancaq təməldə istədiyini əldə elədi. Heç bir israillinin olmadığı Sinanı gülləsiz yenidən geri qaytardı” - məşhur strateq, bir zamanlar ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bzejinski qeyd edirdi.

İsraillə bağlanan bu sülh müqaviləsi ilə həm də Misirin ərəb dünyasından liderliyi başa çatmışdı. Sədat faktiki buna getməklə Misirin ərəb dünyasından boşanmasını elan etmişdi. Eyni zamanda parçalanan Misir müxalifəti bir araya gəlmiş, fəallığını artırmışdı. Müxalifətə qarşı yeni hücumlar, həbslər isə vəziyyəti sakitləşdirmədi. Üstəlik, ərəb dünyası Sədatın İsraillə müqaviləsini heç cür həzm etmirdi.

1981-ci ilin 6 oktyabrında Qahirədə hərbi parad təşkil olundu. Dövlət başçısı Ənvər Sədat da mərasimdə iştirak etdi. Parad faktiki olaraq güc nümayişi idi.

Ancaq parad zamanı 4 sui-qəsdçi Sədata hücum etdi, onu güllələdi. Prezident təcili xəstəxanaya çatdırıldı, amma onun həyatını xilas etmək mümkün olmadı. Prezident öldürülmüşdü. Ərəb dünyası Misir prezidentinə İsraillə sülh müqaviləsi imzalamasını bağışlamadığını bu yolla nümayiş etdirdi.

Sədatın dəfn mərasimi əslində onun hansı siyasət apardığının nümayişi idi. Ciddi fiqurlardan ibarət olan İsrail heyəti daxil olmaqla qərbli liderlərinin mərasimdə iştirakı ərəb dünyası liderlərinin törənə qatılmadığını göstərirdi.

Qonaqlar son dərəcə ciddi mühafizə olunurdu. Bir neçə gündən sonra isə Hüsnü Mübarək ölkənin yeni dövlət başçısı seçildi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.