Hacı Qalib Salahzadədən şikayətçilərin sayı artır - GƏLİŞMƏ

18-10-2018, 17:51           
Hacı Qalib Salahzadədən şikayətçilərin sayı artır - GƏLİŞMƏ
Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. https://www.youtube.com/watch?v=boESclBo4FU

Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin manelərin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktub 1 həftə əvvəl göndərilsə də, Qalib Salahzadənin kəsdiyi yol hələ də bağlıdır.
http://musavat.com/news/haci-qalibi-istintaqa-celb-edibler-sabiq-deputati-yeniskandalin-merkezinde_562414.html

Xəbər verdiyimiz kimi Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib.

Ötən yazımızda məlumat vermişdik ki, fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, iş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Hazırda Hacı Qalib Salahzadədən şikayətçilərin sayı 4 nəfəridir. Amma şikayətçilərin artacağı da istisna deyil.

Yada salaq ki, bu ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlakıarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.