Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı

18-10-2018, 21:59           
Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı
Son illər ölkə mətbuatında müzakirəyə çıxarılan tarixi məsələlərdən biri də 1918-ci ildə tarixi Türk-Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan Respublikasının yaradılması ilə bağlı olmuşdur. Təəsüf doğuran haldır ki, bu tarixi olayın ölkə gündəminə daşınması ilə olduqca qərəzli, elmi-tarixi əsası olmayan yanaşmaların da şahidi olduq. Halbuki tarix məhz obyektivliyə əsaslananda elmi mahiyyət qazanır. Necə ki, tarix elmi ilə bağlı mövcud olan baxışlardan biri də məhz baş verənlərə obyektiv elmi yanaşma üzərində qurulur. Şübhəsiz populist təbliğati baxışlar da istisna deyil. Elə isə tarixi torpağımız sayılan İrəvan Xanlığının “Ermənistan Pespublikası”na çevrilməsi prosesinə obyektiv tarixi nəzərdən qiymət verməyə çalışaq. Öncə İrəvanın tarixi keçmişinə ekskurs edib, məlum tarixi məlumatlara nəzər salaq. Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını "Rəvan" qoymuşdur.
Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır.
Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.
1604-cü ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini Osmanlıdan alsa da, əks hücum nəticəsində geri çəkilərkən "yandırılmış torpaq" siyasəti yeritmiş, Çuxur-Səəd bəylərbəyliyinin bütün əhalisini, o cümlədən İrəvanın əhalisini Arazın o tayına köçürmüşdür. 1635-ci ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirir. 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçir. Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə Osmanlı tərəfindən işğal edilir. 1733-cü ildə Nadir İrəvanı Osmanlıdan geri alır. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur. Bu, İrəvanın gerçəkdən keşməkeşli tarixini göz önünə qoyur. İrəvanın üzləşdiyi amansız müharəbələrlə yanaşı təbii fəlakətlər də bu əski Türk yurdunda ağrılı izlər buraxmışdır. 1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.
Osmanlı dövləti ilə Qacarlar dövləti arasında daim strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək artıq güclənmiş Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin( məhz erməniləri) qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən "Qraf Erivanski" tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra "İrəvan qalasının alınması uğrunda" xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Güney Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilir.
İrəvan xanlığının işğalından bir neçə gün sonra – 1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya üsul-idarəsi kimi, "İrəvan Müvəqqəti İdarəsi" yaradılır. Yerli qoşunların komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı podpolkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq, qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, İrəvan, Sərdarabad və Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq, İrəvan xanının mülklərinin, sürülərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınar və daşınmaz əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu.
Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik narazılığın artmasına səbəb olur, nəticədə onların bir qismini İran və Türkiyəyə köçüb getməyə vadar edirdi. Rusiyadan narazı müsəlman əhalinin sərhədin əks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan müvəqqəti idarəsinin rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.

1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqıarı Rusiyaya birləşdirilıir. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilirdi: "İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vilayəti adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır."
Ermənilərin İrəvan xanlığının işğalındakı xidmətləri nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi "Erməni vilayəti" adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian bufer zolağı yaratmağa xidmət edirdi. Rusiyanın hakim dairələri öz niyyətlərinə çatdıqdan sonra vilayətin adından "erməni" ifadəsi götürülmüşdü. İrəvan xanlığının işğalından dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət xanlıq dövründəki idarəçilik forması saxlanılmışdı.
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi. Vilayət idarəsinin üzvləri iki rus hərbçisindən və azərbaycanlıların və ermənilərin təmsilçilərindən ibarət idi.
13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis ermənisi general-mayor Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z.Qriqoryan ermənilərin vilayətin idarəçiliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək yazır ki, V.Bebutovun vilayət rəisi olduğu dövrdə ruslaşdırma siyasəti daha da gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün hərbi və mülki vəzifələrə rus məmurları təyin edilmişdi.
23 iyun 1833-cü ildə çar I Nikolay "Erməni vilayəti"nin yeni adminstrativ quruluşunu təsdiq edir. İrəvan qəzası 4 dairəyə – İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölünür.

1840-cı il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun qəbul edilir. Yeni qanunla "Erməni vilayəti" buraxılır. İrəvan qəzası yeni yaradılan Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şörəyel distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-cı il qanunu ilə Qafqazın yeni inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir.
1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyanın tərkibinə 7 qəza – İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmiədzin qəzaları daxil idi.
İrəvan quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç vitse-qubernator belə olmamışdr. Çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mövcud türkmənşəli toponimlər olduğu kimi saxlanılırdı. Yalnız İrəvan Erivanla (1828) , Gümrü Aleksandropolla , Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani şəkildə göstərir.
İndi isə İrəvan əhalisinin tərkibinə nəzər salaq. Statistik rəqəmlər göstərir ki, 1828-ci illədək İrəvan Xanlığı əhalisinin 70 faizindən çoxu türklər olmuşdur. 11500 əhalinin 7400-ü məhz türklər idi. İrəvanın Rusiyanın tərkibinə qatılması ilə başlanan əhali tərkibini dəyişmə siyasəti nəticəsində bu rəqəm kəskin şəkildə dəyişdi. Nəzərə alsaq ki, çarizmin türklərə qarşı amansız münasibəti nəticəsində yerli sakinlər Türkiyə və Güney Azərbaycana üz tutmağa məcbur olmuşdular. Necə ki, 1849-cu ildə İrəvan quberniyaya çevriləndən sonra bu rəqəm ermənilərin xeyrinə daha çox dəyişməyə başladı .1880-ci ilin statistik göstəricilərinə görə irəvanda əhalinin nisbəti türklərlə ermənilər arasında artıq bərabərləşmişdi. Çarizm İrəvanla və tarixi vassalı olan ermənilərlə bağlı öz məqsədinə çatmışdı. Belə ki, artıq əski Türk yurdu əsasən İran və Osmanlıdan köçürülən ermənilər hesabına erməniləşdirilmişdi. Təsadüfi deyil ki, İrəvan xanlığının tarixi torpaqları üzərində erməni dövləti yaratmaq üçün bu başlayan aborigen əhalinin köçürülməsi siyasəti tarixin sonrakı dönəmlərində də səngimədi. 1828-1905-ci illərdə 595.000 soydaşımızın deportasiya edilməsilə başlanan 1-ci mərhələ 1905-1907-ci illərdə 275.000 Azərbaycan türkünün ata baba yurdundan qovulması ilə 2-ci mərhələyə qədəm qoydu. III mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), IV mərhələ 1948-1953-cü illəri (105.000 soydaşımız deportasiya olunub), V mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qədim Türk Yurdu İrəvan Xanlığından 250.000 azərbaycan türkü son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə Azərbaycan türklərinə qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər soydaşımız öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb. Müşahidə etdiyimiz kimi, Rusiyada istər çarizm, istərsə də bolşeviklər dönəmində İrəvandakı Türk müsəlman əhaliyə qarşı siyasət dəyişməmişdir.
Tarixi yurdumuz İrəvanın ermənilərə verilməsinə əsas zəmin isə məhz Birinci Dünya müharibəsi illərində yaradıldı. Təsadüfi deyil ki, o günlər Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində 150 min erməni əsgəri var idi. 1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişindən sonar rus qoşunları silah-sursatı erməni komandirlərinə təhvil verərək, geri çəkilir. Bundan sonra 1918-ci ilin Azərbaycan türkünə qarşı mart soyqırımı ilə kulminasiyasına çatan talanlar başlayır.

Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirir. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qalmışdu.

Yəni İrəvan qəzasında yaşayan müsəlman əhali faktik olaraq taleyin öhdəsinə buraxılmışdı. Onlara yiyə duran, müdafiə edən yox idi. Ümid ancaq Osmanlıya ola bilərdi…

Belə bir vəziyyətdə 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxır və Gürcüstan müstəqilliyini elan edir. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə (Osmanlı) nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır.
Nəhayət 1918-ci ilin mayında İrəvan mərkəzli Ermənistan Respublikasının yaradılması ilə bağlı müqavilə ətrafında razılaşma ( ciddi müzakirə və mübahisələrdən sonra) isə əslində ermənilərin bir daha ərazi iddiası irəli sürməmələri müqabilində gerçəkləşdi. Hətta Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. Sonunda Cənubi Qafqazda sülhü təmin etmək üçün 1-ci Dünya Savaşında məğlub duruma düşən Osmanlı imperiyasının da razılığı ilə ermənilərə 9 min kvadrat kilometr ərazidə dövlət qurmaq imkanı verildi. Qeyd etmək lazımdır ki, o zaman həmin ərazidə yaşayan 330 minə yaxın əhalinin 230 mini də artıq ermənilər idi. Azərbaycan Milli Şurasında Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Baxmayaraq ki, həmin tarixədək artıq bir əsrə yaxın idi ki, Çar Rusiyası öz sadiq vassalı erməniləri xeyrinə İrəvanın türk islam mahiyyətini dəyişməkdə israrlı idi. Cumhuriyyət qurucularımızın İrəvanla bağlı həssasiyyətləri isə məhz İrəvana olan tarixi mənəvi bağlılıqdan doğurdu. Faktiki olaraq isə İrəvan 19-cu əsrdə Rusiyanın iradəsi ilə ermənilərə peşkəş edilmişdi. Çar 1-ci Nikolayın 20 mart 1828-ci il tarixli bu fərmanı Azərbaycan yurdunda Erməni vilayətinin yaradılması haqqında fərmanı isə bu prosesin rəsmən başlanğıcı idi.
Beləliklə , Tarixi Yurdumuz İrəvan çarizm dönəmində əhalinin say tərkibinin dəyişməsi ,ermənilər üçün xüsusi vilayət yaradılması , ayrı ayrı mərhələlərdə Azərbaycan türklərinin öz ata baba yurdlarından didərgin salınması, erməni terror dəstələrinin türk əhaliyə qarşı soyqırım hücumları, eləcə də 1-ci Dünya savaşında Osmanlının məğlubiyyəti və qalib bolşevik Rusiyasının təzyiqləri nəticəsində “Ermənistan” oldu. Amma tarixin hər dönəmində öz havadarlarının yardımından yararlanaraq qonşusuna qarşı əsassız ərazi iddialarından əl çəkməyən ermənilərin həyasızlığı - torpaq tamahkarlığı isə bitmədi, tükənmədi..

17.10.2018
Rüfət Muradlı

Məqalə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, İrəvan” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı
xeberdar.net












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.