Xarici dövlətlərin bizi tanımayacağından qorxurduq – Vahid Əhmədov

19-10-2018, 06:41           
Xarici dövlətlərin bizi tanımayacağından qorxurduq – Vahid Əhmədov
Bu gün Azərbaycan xalqı və dövləti üçün ən əziz günlərdən biridir. Belə ki, 27 il bundan əvvəl, 1991-ci ilin oktyabrın 18-də keçirilmiş Azərbaycan SSR Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilib. Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini – bütün təbii sərvətlərin xalqa məxsus olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Daha sonra isə dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Azərbaycan dünya dövlətləri tərəfindən tanındı, BMT və ATƏT-ə üzv qəbul olundu.

Qeyd edək ki, bundan daha öncə – 1991-ci ilin martın 7-də Azərbaycan Ali Soveti Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamasına dair referendum keçirilməsinin lehinə səs verib. Ali Sovetin 350 deputatından cəmi 43-ü, o cümlədən Heydər Əliyev referendumun keçirilməsinin əleyhinə çıxıb, Azərbaycanın müstəqilliyinin lehinə səs verib. Sonradan həmin deputatlar “İstiqlalçı deputatlar” kimi məşhurlaşıblar.

Bu tarixi günlə bağlı xatirələrini Teleqraf.com-la bölüşən istiqlalçı deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, SSRİ daxilində baş verən proseslər, milli-azadlıq hərəkatının başlanması, 1990-cı ilin yanvarında Bakıda törədilən qırğın hamısı müstəqilliyə aparan proseslərin tərkib hissəsi idi:

“Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci il martın 7-də Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamasına dair referendum keçirildi. Bildiyiniz kimi, o zaman Ali Sovetin 350 deputatından cəmi 43-ü sovet quruluşuna “yox” dedi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”.

V.Əhmədov qeyd edib ki, həmin dövrdə Azərbaycanda mövcud olan hakimiyyət tərəfindən 43 deputata ciddi təzyiqlər edilib.

“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulu prosesində də deputatların hamısı iştirak etmirdi. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinin əleyhinə səs verdilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktının qəbulundan sonra üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycan Respublikasının dövlət müəssisələrində, idarə və təşkilatlarda, meydanlarda ucaldıldı”.

V.Əhmədov qeyd edib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ən ciddi problem onu beynəlxalq arenada tanıtmaqla bağlı idi:

“Biz xarici dövlətlərin müstəqilliyimizi tanımayacağından qorxurduq. Bizi ilk olaraq Türkiyə, daha sonra Pakistan və Rumıniya tanıdı. O hissləri ifadə etmək mənim üçün çətindir. Bu tamam fərqli bir hissdir. Xatırlayıram ki, həmin vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, deputatlar Fərrux Zeynalov, Tofiq Bağırov və digərləri xarici işlər nazirinin müavini ilə birgə müstəqilliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana uçduq. Səfərin bütün xərcini Türkiyə tərəfi çəkdi. Pakistanın o zamankı baş naziri Nəvaz Şərif Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi və rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyini tanıdıqlarını elan etdi. Qrupumuz hədsiz dərəcədə sevinc içində idi. Sevincimizdən yerə-göyə sığmırdıq”.

V.Əhmədov “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına imza atan, SSRİ-nin saxlanılmasının əleyhinə səs verən deputatlara xüsusi təqaüd təyin edilməsinin vacibliyini vurğulayıb:

“Onlar daim dövlətin diqqət mərkəzində olmalıdırlar. Çox istərdim ki, onlara layiq olduqları qiymət verilsin. Bu qiymət həm dövlət, həm də cəmiyyət tərəfindən verilməlidir. Çünki onlar həyatlarını tam təhlükə altına ataraq SSRİ-yə qarşı çıxmışdılar. Düşünürəm ki, bu məsələ ilə bağlı ciddi addım atmaq vacibdir”.

Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümünün qeyd olunduğunu vurğulayan istiqlalçı deputat Azərbaycanın bu illər ərzində çox şeylər əldə etdiyini vurğulayıb:

“Bütün beynəlxalq təşkilatlarda bayrağımız ucalır, ölkəmiz nüfuzlu idman yarışlarına ev sahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Dağlıq Qarabağ problemidir. Hesab edirəm ki, bu problemin də həlli yalnız güclənməkdən keçir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.