“Jurnalist bizim ərazidə öldürülüb, təqsirkarları biz məhkəməyə çıxaracağıq” –Rəsmi Ər-Riyaddan Xaşuqci ilə bağlı daha bir bəyanat

21-10-2018, 09:16           
“Jurnalist bizim ərazidə öldürülüb, təqsirkarları biz məhkəməyə çıxaracağıq” –Rəsmi Ər-Riyaddan Xaşuqci ilə bağlı daha bir bəyanat
Səudiyyə Ərəbistanı jurnalist Camal Xaşuqcinin Baş Konsulluqda öldürüldüyünü rəsmən etiraf etdikdən sonra bu gün daha bir bəyanat yayıb.

Strateq.az xəbər verir ki, Ər-Riyad rejimi jurnalistin ölümü ilə bağlı saxlanılan 18 nəfərin öz ölkələrində məhkəməyə çıxarılacağını bəyan edib: “Biz istintaqın tam yekunlaşmasını gözləyirik. İstintaq bitdikdən sonra jurnalistin qətlində təsirli bilinən şəxslər Səudiyyə Ərəbistanında məhkəməyə çıxarılacaq. Çünki hadisə Səudiyyə Ərəbistanın ərazisində baş verib”.

Xatırladaq ki, beynəlxalq qanunlara görə, başqa ölkələrdə fəaliyyət göstərən diplomatik missiyaların (Səfirlik, konsulluq) yerləşdiyi məkanlar həmin ölkənin ərazisi sayılır.

Onu da qeyd edək ki, Camal Xaşuqci oktaybarın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülüb. Bu qətli 18 gün sonra, yəni bu gün rəsmi Ər-Riyad rəsmən etiraf edib.

Bu barədə dövlət televiziyası ilə açıqlanan bəyanatda qeyd olunur ki, oktyabrın 2-də İstanbuldakı konsulluqda Xaşuqci və şübhəli şəxslər arasında əlbəyaxa dava baş verib və son nəticədə o, ölüb. Cinayət işi ilə bağlı 18 nəfər həbs olunub. Bəyanatda təhqiqata yardımı ilə bağlı Türkiyəyə, o cümlədən prezident Ərdoğana minnətdarlıq bildirilir. Lakin rəsmi açıqlamada şübhəli şəxslərin adları qeyd olunmayıb.

“Reuters” agentliyi isə Səudiyyə rəsmilərinə istinadən kəşfiyyat xidmətinin yüksək vəzifəliləri Məhəmməd bin Saleh əl Rumeh, Abdullah bin Xəlifə əl-Şəyya, habelə adı çox hallanan general Əsir olmaqla, 5 nəfərin istefaya göndərildiyinə dair məlumat verib.

Maraqlı burasıdır ki, Səudiyyə rəsmiləri jurnalistin qətlini etiraf etsələr də, onun meyitinin harada olduğu haqda heç bir rəsmi məlumat verməyiblər. Hazırda onun meyitinin harada olduğu müəmma olaraq qalır.

Rəsmi Ankara isə jurnalistin meyiti ilə bağlı axtarışın getdiyini bildirib. Əlavə olunub ki, istintaq tam yekunlaşdıqdan sonra nəticələri bütün dünya ilə paylaşılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.