Çörək uğrunda ölüm-itim savaşı... — Operativ Qərargah bu biabırçılıqda hansı "rolu" oynadı?

6-06-2020, 20:18           
Çörək uğrunda ölüm-itim savaşı... — Operativ Qərargah bu biabırçılıqda hansı "rolu" oynadı?
Koronavirusa yoluxma hallarının artması fonunda hökumət vətəndaşların sağlamlığı üçün həftə sonu iki günlük (şənbə və bazar günləri) sərt karantin rejimi tətbiq etdi. Respublikanın 4 böyük şəhəri və bir rayonunda (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhəri və Abşeron rayonu) ərzaq dükanlarından tutmuş, digər ticarət obyektlərinə qədər hər şey bağlandı, o cümlədən ictimai nəqliyyatın hərəkəti dayandırıldı. Karantin rejiminin yumşalmasından sonra yoluxmanın pik həddə çatması bu addımın səbəbini anlamağa imkan vermir.

Amma anlamadağımız vətəndaşlarımızın cəmi iki günlük sərt karantin dövrünə qiyamət gününə hazırlıq kimi hazırlaşması idi. Paytaxt mağazalarında yaranan çörək növbələri, insanların çörək uğrunda sözün əsl mənasında mübarizə aparması, bir-birinin əlindən almağa çalışması, gündəlik tələbatı cəmi iki çörək olan vətəndaşın vitrindəki bütün un məmulatlarını səbətinə doldurması “Biz hara gedirik” sualının yaranmasına səbəb oldu.

Həqiqətən də bu cəmiyyət hara gedir, nə etməyə çalışır?

Karantin cəmi iki gün tətbiq olunub, bir ailənin gün ərzində maksimum ehtiyacının cəmi 2 çörək olmasına baxmayaraq, 20 çörək alan vətəndaşlar bunu hansı məntiqlə edirlər?!

Ölkədə çörək, yaxud ərzaq qıtlığı var? Birmənalı olaraq xeyr.

İki gündən sonra həyat yenidən normal vəziyyətə qayıdacaq, ərzaq mağazaları da açılacaq. Bəs vətəndaş cəmi iki günlük karantinə niyə “dünyanın sonu gəlib” kimi yanaşır?

Bu sualların cavabı cəmiyyətdə hələ də mənasız təşvişin, məsuliyyətsizliyin olduğunu göstərir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargah şənbə və bazar günlərində hərəkətin dayanacağı, mağazaların və digər ticarət obyektlərinin bağlı olacağını açıqlamasından sonra mərəkə qopdu.

İyunun 4-də günün ikinci yarısından başlayaraq, vətəndaşlar mağazalara axışdı. Analoji hal iyunun 5-də axşam saatlarına qədər davam etdi. Ən çox tələbat çörək, meyvə-tərəvəz, süd məhsullarına olsa da, bəzi vətəndaşlar kisələrlə kartof-soğan alır, bəziləri kolbasa məhsullarını, bəziləri isə düyü, un, makaron kimi gec xarab olan məhsulları daşıyırdı. Axşam saatlarında mağazaların vitrinləri demək olar ki boşalmışdı. Sanki ölkə müharibəyə hazırlaşır. Əslində bu mənzərə “müharibə olarsa, bizim vətəndaşlarımız nə edəcək” sualını da yaradır.

İki günlük karantin üçün ehtiyacı olandan dəfələrlə çox çörək və ərzaq alanlar bəlkə də müharibə şəraitində daha betərini edər. Gördüklərimiz bu nəticəyə gəlməyə əsas verir.

Ən dəhşətlisi isə növbələrdə dayanan vətəndaşların əksəriyyətinin tibbi maskadan istifadə etməməsi idi. Sosial məsafənin saxlanılmasından isə söhbət belə gedə bilməzdi. O zaman, virusa yoluxma hallarının qarşısını almaq üçün hansı tədbirlərdən danışa bilərik? Əgər iki günlük sərt karantinlər yoluxmanı minimuma endirmək istəyirdiksə, karantinlə hazırlıqla hər şey alt-üst oldu. Çünki dərəbəyliyin yaşandığı o növbələrdə yoluxmamaq birmənal olaraq mümkün deyil.

Vətəndaşların məsuliyyətsizliyinin bütün ölkəni təhlükənin ağuşuna atdı desək yanılmarıq.

Burada Operativ Qərargahın yanlışı da diqqətdən qaçmır. Belə demək mümkünsə, “qaş düzəltmək istəyəndə vurub göz çıxartdılar”. Operativ Qərargah iki günlük sərt karantin rejiminin tətbiqini nəzərədə tuturdusa, o zaman, karantin öncə baş verən biabırçılığı da görməli idi. Axı uzunmüddətli karantin dövrünə hazırlıq vaxtı belə hadisələr baş vermişdi. Qardaş Türkiyənin təcrübəsi isə göz qabağında idi. Türkiyədə də küçəyə çıxmaq qadağası tətbiq ediləndə insanlar mağazalara axışmış, çörək və ərzaq üstündə dava bıçaqlanmaya qədər gəlib çıxmışdı. Buna görə daxili işlər naziri Süleyman Soylu istefa verdi, yalnız prezident Ərdoğanın istefanı qəbul etməməsindən sonra vəzifəsində qaldı. Ən azından bu təcrübəyə əsasən belə mənzərənin yaranacağını təxmin etmək olardı.

Operativ Qərargahın iki günlük karantin dövründə media işçiləri arasında ayrı-seçkilik etməsi də ayrı bir mövzudur. Əgər televiziya işçilərinə “yaşıl işıq” yandırılırsa, o zaman, yazılı mediada eyni imkanlar yaradılmalı idi. Çünki medianın işi xəbərdir və cəmiyyətin informasiya ehtiyacının ödənilməsində yazılı medianın rolu çox böyükdür. Yox, yoluxmanın qarşısını alınmasından gedirsə, qadağalar hər kəs üçün eyni olmalıdır.

Növbələrə və çörək uğrunda davalara gəlincə, ümid edirik ki, baş verənlərdən müvafiq qurumlar lazımi nəticə çıxaracaq...
Demokrat.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.