Bakılı kəşfiyyatçının inanılmaz qəhrəmanlığı

26-09-2018, 08:27           
Bakılı kəşfiyyatçının inanılmaz qəhrəmanlığı
Dünya kəşfiyyat tarixində adı hər zaman hörmətlə anılan kəşfiyyatçılardan biri də əslən bakılı olan Riçard Zorgedir.

Teref.az teleqraf.com-a istinadən Bakıdan doğulan və Yaponiyada edam olunan bu məşhur sovet kəşfiyyatçı haqqında məqaləni təqdim edir.

Riçard Zorge 1895-ci ildə Bakıda anadan olub. Zorgenin atası alman, anası rus olub. 13 yaşında ailəsi ilə birlikdə Bakıdan Almaniyaya köç edib. Almaniyada orta təbəqənin nümayəndələrinə xas həyat tərzi sürüb. Birinci Dünya Müharibəsi zamanı alman ordusuna çağırılan Zorge savaşların birində sol ayağından yaralanıb və nəticədə ömür boyu sol ayağını çəkməli olub.

Yaralı ikən hərbi hospitalda yatdığı zaman sol ideyalarla yaxından tanış olub. Bununla belə müharibədə göstərdiyi fədakarlığa görə Dəmir Xaç nişanı ilə təltif olunub.

Müharibədən sonra Hamburq Universitetində siyasi elmlər fakultəsində təhsil alıb. Bəzi iddialara görə, bir müddət müəllim, bir müddət isə jurnalist kimi fəaliyyət göstərib. Hətta doktorluq elmi dərəcəsi alıb. Elmi fəaliyyəti zamanı Karl Marksın kitabları ilə tanış olaraq kommunist və sosialist ideologiyasını mənimsəyib. 1919-ci ildə Almaniya Kommunist Partiyasına üzv olub. O dövrdə Almaniyada kömür şaxtalarında çalışanların hüquqlarını müdafiə edib, şaxtaçıların keçirdiyi etiraz tədbirlərində iştirak edib. Elə buna görə də alman polisinin "qara siyahısı"na düşüb.

1924-cü ildə Çar Rusiyasını əvəz edən SSRİ-yə köçüb. 1929-cu ildə SSRİ-nin hərbi kəşfiyyatının sıralarına daxil olub. İlk iş yeri kimi Çinə göndərilib və 1933-cü ildə yenidən Moskvaya qayıdıb.



Yaponiya ordusu Mancuriyanı işğal etdikdən sonra narahatlıq keçirən SSRİ rəhbərliyi həm Uzaq Şərqdə sovetin maraqlarına çevrilə biləcək təhdidlər, həm də SSRİ-yə münasibətini öyrənmək məqsədilə Zorgeni Yaponiyaya kəşfiyyata göndərib. Zorge yeni təyinatını aldıqdan dərhal sonra əvvəlcə Almaniyaya gedib, özünü Almaniya Nasist Partiyasının üzvü olan jurnalist kimi tanıdıb. Bunun ardınca Yaponiyadakı Almaniya hərbi attaşesi Eugen Ottonun yanında işə düzəlib. Bir müddət sonra sovet kəşfiyyatçısı artıq Almaniyanın Yaponiyadakı səfiri olan Eugen Ottonun ən etibarlı adamı "olub".

Zorgenin qrupunda Moskvadan göndərilən daha iki kəşfiyyatçı da fəaliyyət göstərib. Bunlar Fransa xəbər agentliyi üçün "işləyən" Branko Vukelic və qrupun əlaqələrini təmin edən radio operatoru , alman kommunist Max Klausen imiş. Qrupda eyni zamanda sol düşüncəli yapon jurnalist də təmsil olunurdu. Sonuncu Yaponiyada Çin üzrə azsaylı mütəxəssisdən biri olan nüfuzlu Hotsumi Odzaki idi. Əslində SSRİ kəşfiyyatının Yaponiyadakı bir nömrəli nümayəndəsi Zorgedən sonra Odzaki olub. Odzakinin Yaponiyada siyasi əlaqələri mövcud idi. Bir müddət sonra Odzaki Yaponiya baş nazirinin sözçüsü vəzifəsinə irəli çəkilib. Bununla da SSRİ hərbi kəşfiyyatı agenti vasitəsilə Yaponiyada həyati önəmli olan məxfi sənədlərə çıxış imkanı əldə edib. Məhz bu andan sonra Zorgenin Moskvaya göndərdiyi kəşfiyyat məlumatlarının əhəmiyyətli hissəsi Ozakidən alınan informasiyalar olub.

Zorge Yaponiyanın Almaniyanı SSRİ-yə qarşı pakta qoşulmağa çalışdığı haqqında informasiya əldə edərək, Moskvaya çatdırıb. Bu kəşfiyyat məlumatı 1939-cu ildə imzalanan Molotov-Ribbentrop paktı kimi tanınan Almaniya və SSRİ-nin bir-birinə hücum etməmək razılaşması imzalamasına səbəb olub. Bu informasiya əsasında SSRİ Qərbin nasistlərlə kommunistləri bir-birinə qırdırmaq siyasəti haqda məlumat əldə edib. Eyni zamanda Stalin anlayıb ki, mümkün Almaniya-Yaponiya hücumunun qarşısında uzun müddət duruş gətirmək mümkün olmayacaq. Məhz bu səbəbdən də Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməməyi nəzərdə tutan pakt imzalanıb.

Daha sonra KQB-nin atası kimi qəbul olunan NKVD-nin sədri, general Genrik Luşkovun Yaponiyaya qaçması və Tokiodan siyasi oturum tələb etməsi vəziyyəti kritikləşdirib. Son dərəcə informasiyalı olan generalın Yaponiyaya hansı məlumatlar verdiyini öyrənmək məsələsi ortaya çıxdı. Sovet kəşfiyyatı bu çətin tapşırığı Zorgeyə həvalə edib. Luşkovun Yapon kəşfiyyatına verdiyi məlumatlar nöqtə-vergülünə qədər Almaniya səfirliyinə göndərildiyindən Zorge çətinlik çəkməyib. General yaponlara verdiyi məlumatlarda qeyd edib ki, Rusiyada Stalinə qarşı böyük müxalifət var, ani bir Yaponiya hücumu Qızıl Ordunu bir neçə gün içərisində məğlub vəziyyətə gətirər. Luşkov eyni zamanda SSRİ ordusunun yerləşdiyi əraziləri və parolları da Yaponiya ilə Almaniyaya vermişdi. Zorgenin Moskvaya göndərdiyi bu qiymətli informasiyalar sayəsində SSRİ qoşunların dislokasiya yerini və mövcud olan parolları dəyişdirdi.

Zorge Yaponiyada Almaniya səfirliyində SSRİ xeyrinə casus fəaliyyətini davam etdirir və artıq 1940-cı ilin sonlarında Almaniyanın SSRİ-yə qarşı hücumunu mümkün hesab edirdi. Bu ərəfədə həyati əhəmiyyətə malik olan kəşfiyyat məlumatı Moskvaya ötürüldü. Zorge 1941-ci ilin mayın 6-da Moskvaya göndərdiyi məlumatda "Bu ərəfədə bir müharibənin çıxması ehtimalı yüksəkdir. Alman zabitləri SSRİ-nin hərbi imkanları və gücünü zəif hesab edirlər" ifadəsini işlədirdi.

Robert Vhymant "Stalinin casusu" kitabında Zorgenin 1941-ci il, mayın 30-da Moskvaya "İyunun son həftəsində Almaniyanın hücumu başlaya bilər" şəklində kəşfiyyat informasiyası göndərdiyini qeyd edir.

Zorge və qrupunun verdiyi digər bir informasiyada isə bildirilirdi ki, Yaponiya Hind-Çinə hərbi qüvvə çıxaracaq və əgər sovet ordusu nasistlərə qalib gəlsə, Yaponiya ordusunu şimala göndərə bilər. Avqust ayında bu kəşfiyyat informasiyası reallaşır. Yaponiya İndoneziyaya əsgər çıxarıR və eyni sürətlə yüz minə yaxın əsgərini Mancuriyada Rusiya sərhədlərinə yığır.



Bakılı kəşfiyyatçı bu hərbi hərəkətlənmənin müharibəyə qədər inkişaf edib-etməyəcəyini dəqiqləşdirmək məqsədilə Odzakinin imkanlarından istifadə edir. Odzakinin əldə etdiyi informasiyada isə Yaponiya rəhbərliyinin 1941-ci ildə SSRİ-yə qarşı müharibə etmək niyyətində olmadığı göstərilirdi.

Məhz bu intensiv kəşfiyyat informasiyalarının əldə edilməsi, xüsusilə, Odzaki ilə Zorge arasında vasitəçi olan Yotoku Miyaqinin ifşa etməsi işləri korladı. Miyaqi Odzaki və Zorgenin adlarını Yaponiya xüsusi xidmətinə verdi. Bundan sonra sovetin hər iki kəşfiyyatçısı həbs olundu. Zorge 1944-cü ilə qədər Tokioda Sugamo həbsxanasında saxlanıldı. Bir həftəlik dəhşətli işgəncələrdən sonra Zorge SSRİ hərbi kəşfiyyatı üçün işlədiyini, göstərdiyi fəaliyyəti etiraf etdi. 1943-cü ildə Yaponiya məhkəməsi imperatoru yıxmaq məqsədilə fəaliyyət, casusluq və kommunist agenti ittihamı əsasında Zorge barəsində edam qərarı çıxardı.

1944-cü ildə edam olunana qədər yapon hökuməti Zorge ilə SSRİ-nin əlində olan yaponiyalı məhkumları dəyişdirmək üçün cəhdlər göstərsə də, Moskva Riçard Zorge adında bir nümayəndələrinin olmadığını bəyan etdi. Və beləcə dünya kəşfiyyat tarixində adı qızıl həriflərlə yazılacaq bakılı kəşfiyyatçının ölümdən xilas olmaq imkanları qapandı.

1944-cü ilin noyabrın 7-də Zorge edam olundu.

Edam olunmasından 17 il sonra Zorgeyə SSRİ qəhrəmanı adı verildi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.