Tovuzda tikilən dəryaça ümidləri doğrultmayıb

26-09-2018, 08:51           
Tovuzda tikilən dəryaça ümidləri doğrultmayıb
“Meliorasiya və Su Təsərrüfatı” ASC həsrətlə su gözləyən, amma ümidləri suya düşən sakinlərin suallarına cavab vermir
İki il əvvəl Tovuz rayonunda Tovuzçay və Axıncıçay üzərində inşa olunan su anbarı-dəryaça istifadəyə verilib. O zaman, elə ondan əvvəlki az qala 3 onilliyə çatan tikinti dövründə rayonun bir sıra kəndlərinin sakinləri dəryaçanın onların su təchizatının yaxşılaşmasına səbəb olacağını düşünürdülər.

Lakin bu günlərdə redaksiyamıza daxil olan məlumat göstərir ki, bu gözləntilər özünü doğrultmayıb. Belə ki, rayonun Yuxarı Öysüzlü kəndinin sakinləri dəryaçadan onlara çəkilən su xəttinin açıldığı gündən boş olmasından şikayətçidilər. İrihəcmli boru xətti ilə cəmi bir dəfə su vurulub, onda da boru partlayıb: “Uzun illərdir susuzluqdan əziyyət çəkirik. Ümidimiz bu göldən çəkiləcək suya idi. İki ildir göl işə salınıb, amma düz-əməlli su ilə dolduğu yoxdur. Üstəlik, bizə su vermək üçün çəkilən xəttə cəmi bir dəfə su verildiyi oldu”.

Xatırladaq ki, Tovuzçay su dəryaçasının tikintisi hələ Sovet dövründən planlaşdırılırdı. Məqsəd ətrafda yüksək əraziləri, həmçinin aşağı axarda yerləşən kəndləri su ilə təmin etmək idi. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin dəryaçanın açılışı zamanı verdiyi məlumata görə, anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir.


Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib: “Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir”.

Ä°lgili resim

Əhməd Əhmədzadə

ASC rəhbərinin dediklərindən aydın olub ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq: Layihədə anbarda yığılan suyun Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına öz axını ilə və Xunamarx kanalına isə su verilməsi nəzərdə tutulub ki, bu işlər də tam başa çatdırılıb.


Məsələ burasındadır ki, real vəziyyət cənab Əhmədzadənin 2016-cı ildə verdiyi yuxarıdakı məlumatdan kəskin fərqlənir. Yerli sakinlərin dediklərinə görə, anbarın tikintisində keyfiyyətsiz materiallardan istifadə olunduğu üçün suyu saxlamır. Nəticədə anbardan su vurmaq üçün qoyulan nasoslara su qalxmır: “Yayın ən qızmar vaxtlarında göldə suyun miqdarı elə olur ki, nasoslara su çatmır. Deyirlər, gölün dibi suyu sızdırır, ona görə də yığılan su qısa müddətə axıb gedir. Biz indi bilmirik dərdimizi kimə deyək”...

Bir məsələni də bildirək ki, dəryaçanın inşasına on milyonlarla manat dövlət vəsaiti sərf olunub. Ümumilikdə tikintiyə nə qədər vəsait sərf edildiyi ASC tərəfindən açıqlanmır. Lakin 2007-ci ildə rəsmi mətbuatda yayılan məlumatda dəryaçanın tikintisinə ilkin olaraq 28 milyon dollar ayrıldığı qeyd olunub. 2013-cü ildə isə mətbuatda Tovuz Rayon İcra Hakimiyyətinə istinadən dövlət büdcəsindən 8,6 milyon manat vəsaitin dəryaçanın tikintisi məqsədilə ayrıldığına dair məlumat yer alıb. Qeyri-rəsmi məlumatlarda bu işə 70-80 milyon manatın sərf olunduğu bildirilir. İctimaiyyət üçün açıq olmalı olan dəqiq məlumatı isə sifarişçi qurum olan Meliorasiya və Su Təsərrüfatı ASC açıqlamır.


Bu qədər böyük məbləğə başa gələn anbardan ətraf ərazidə yaşayaraq suya həsrət qalan insanların yararlana bilməməsi, ümumiyyətlə, bu dəryaçanın iş əmsalının çox aşağı olması dözülməzdir. Güman edirik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin əlaqədar şəxsləri Tovuz sakinlərinin şikayətinə biganə qalmayaraq, problemin həllinə nail olacaqlar. Aşağı və Yuxarı Öysüzlü kəndlərindəki dağlardan keçərək uzanan bir neçə kilometrlik boru xəttinə nə zamansa su vurulacaq. Yaxşı olardı ki, bu dəryaçada görülən işlərlə bağlı aidiyyəi qurumlar audit keçirsinlər. O zaman projenin bu cür uğursuz olmasının gerçək səbəbləri üzə çıxacaq.

Yazıda göstərilənlərlə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırıq.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.