7 milyonluq zavodun 1900 manatlıq velosipedi: İstehsal niyə dayanır?

26-09-2018, 09:29           
7 milyonluq zavodun 1900 manatlıq velosipedi: İstehsal niyə dayanır?
Bu il İsmayıllı Velosiped Zavodu istehsala başlamayıb. Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb. Komitənin məlumatına görə, zavod ilin ilk yarısında 1417 ədəd idman velosipedi satıb, müəssisənin anbarlarında bu məhsuldan 2146 ədəd qalıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan zavod təsis edilərkən yerli məhsul olan “Isma Bikes”in istehsal həcminin 30 minə çatdırılması nəzərdə tutulurdu. Ərazisi 8 hektardan ibarət olan zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. Burada velosipedlərlə yanaşı, əlil arabaları və digər xəstəxana avadanlıqlarının istehsalı planlaşdırılırdı. Həmçinin zavod istehsalata başladığı zaman gələcəkdə detalların 50 %-nin yerli istehsaldan ibarət olacağı bildirilirdi.

Zavodun istehsala başlamamasının səbəbləri, satış səviyyəsi və digər məqamlarla bağlı məlumat almaq üçün İsmayıllı Velosiped Zavodunun daxil olduğu “Synergy Group” n Biznesin İnkişafı və Marketinq məsələləri üzrə rəhbəri Pərviz İlyasovla əlaqə saxladıq. O, Cebhe.info-ya açıqlamasında hazırda “İsma Bikes”in satışının normal olduğunu dedi:

“Hazırda Bakı şəhərində 4, rayonlarda 8 məntəqədə dillerlər vasitəsilə satış aparılır. Velosiped satışı daha çox mövsümü xarakter daşıyır, yay aylarında daha çox satış olur. Satış məsələsi həm də velosiped çeşidlərindən asılıdır. Elə çeşidlər var ki, sürətlə satılır, yarış velosipedləri isə gec satılır. Uşaq velosipedləri demək olar ki, bitib. Zavoda sifariş vermişik. Hazırda həmin velosipedlərin istehsalı gedir”.

İstehsalın dayanması ilə bağlı xəbərlərə aydınlıq gətirən təmsilçi bildirib ki, bu, sifarişdən asılı olur:

“Elə olur ki, 2 ay istehsal dayanır, sonra yenidən başlayır. Bu, ehtiyat hissələrinin gətirilməsi ilə bağlıdır. Bir velosipedin yığılması üçün 27-28 ehtiyat hissəsi gətirilir. 25-i gətirilsə belə, biz onu istehsal edə bilmirik. Sifarişsiz də istehsal edə bilmərik, hansından satılırsa, onu istehsal edirik. Zavod iki ildir bazara girdiyi üçün hələ ki, marketinq işləri gedir. Bazara 50 modellə girmişdik. İndi çox güclü satılan modellərimiz var. Bazarın tələbatına uyğun olaraq zavoda sifariş veririk”.

Velosipedlərin qiymətinə gəlincə, “Synergy Group” nümayəndəsi bildirdi ki, məhsulun üç növü - dəmir, alüminum və karbon növləri var və qiymətlər həmin növlərə görə dəyişir:

“Bizdə əsasən dəmir və alüminum velosipedlər satılır. Dəmir velosipedlərin qiyməti 98 manatdan başlayır və 250 manatadək dəyişir. Alüminumların qiyməti isə 250 manatdan 880 manata qədərdir. Karbon velosipedlər isə 1200, 1300, 1900 manatadır, onlar da yarış velosipedləridir. Bakı yollarında onlar üçün xətlər nəzərdə tutulmadığından onlar ancaq uzaq məsafələrə işləyir”.

Yerli velosipedlərin qiymətinin idxal məhsulları ilə müqayisəsinə gəlincə, Rərviz İlyasov idxal məhsullarını üç qrupa bölür- Çin, Türkiyə və Avropadan gətirilənlər:

“Bizim velosipedlərimizin qiyməti böyük qisimdə Avropada və Türkiyədən gətirilən mallardan ucuzdur. Çindən gələn velosipedlərlə isə özümüzü müqayisə etmirik. Çünki onların heç bir qarantiyası yoxdur. Bizim zavod isə 1 il qarantiya verir. Onların bəzi velosipedləri bizdən ucuz ola bilər, bəziləri isə eyni qiymətdir. Amma keyfiyyət arasında xeyli fərq var. Bizdə brend ehtiyat hissələrindən istifadə olunur. Hamısının da mənşəyi bilinir”.

Zavodun məhsul ixracı potensialına gəlincə, satış rəhbəri bildirib ki, Gürcüstana test olaraq məhsul göndərilib və orada marketinq işləri aparılır:

“Tələblər var. Yəqin ki, ilin sonundan ixraca başlayacağıq. Slaveniyadan maraqlanıblar, danışıqlar gedir. Bizim məhsullar ixrac ediləndə üzərinə ƏDV gəlmir deyə, Avropa məhsullarından daha ucuz başa gəlir və cəlbedici görünür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.