Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

20-04-2015, 21:44           
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Analitik.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxılıb.

Həmin maddədə qeyd edilir ki, vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərara görə, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, bu maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti vəzifəli şəxs hesab edilir. Həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə şikayət əsasında icraatın başlanması prokurorun səlahiyyətinə aiddir. Bu maddədə nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda, inzibati xəta haqqında prokurorun qərarı olmadan birbaşa rayon (şəhər) məhkəməsinə şikayət verilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.