Paşinyanın Tiflisə tez-tez səfərinin sirri – Kreml belə aldadılır...

26-02-2019, 08:52           
Paşinyanın Tiflisə tez-tez səfərinin sirri – Kreml belə aldadılır...
İqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Gürcüstan Rusiyadan aldığı qazın həcmini artırmaqla qaz bazarını diversifikasiya etmək istədiyini açıqlayır. Gürcüstan Rusiya ilə bu istiqamətdə apardığı danışıqlara niyə sırf Azərbaycan qazından asılılığı azaltmaq konteksindən yanaşır?

- Bu gün Gürcüstanın qaz təminatında Azərbaycan həlledici rol oynayır. Son illərdə Gürcüstanın qaz təminatında Azərbaycanın payı az qala 95%-dir. Bu, kifayət qədər böyük rəqəmdir. Əvvəllər Gürcüstandan Ermənistana keçən qaz xətti var idi. Bu xətt Rusiya qazını Ermənistana çatdırırdı. Rus qazının Ermənistana çatdırılması üçün nəzərdə tutulan tranzit xərcləri ümumi qaz həcminin 10%-ni təşkil edirdi və bu, Gürcüstana verilirdi. Bundan əlavə də Tiflis Rusiyadan təqribən 500 milyon kub metrə yaxın qaz alırdı. Rusiya ilə Gürcüstanın əlaqələrinin gərginləşməsindən sonra bu münasibətlər kəsildi. Hətta Gürcüstan üzərindən Ermənistana verilən qazın tranzit haqqını Rusiya qaz şəklində verməkdən də imtina etdi və bu haqqı pul şəklində ödəməyə başladı. Xatırlayırsınızsa, bir neçə həftə bundan əvvəl “SOCAR Georgia” Gürcüstanda yerləşən kommersiya obyektləri üçün qaz qiymətlərinin artırılacağı ilə bağlı ilkin açıqlama verdi. Martın 1-dən artıq yeni qaydalar qüvvəyə minəcək. Bu, Gürcüstan tərəfindən təbii ki, heç xoş qarşılanmadı. Çünki təbii qazın qiymətinin artması mal və xidmətlərin də qiymətlərində artıma səbəb olacaq ki, bu da Gürcüstanda inflyasiyanı sürətləndirə biləcək addım kimi dəyərləndirildi. Gürcüstan hökumətinin daxilində və parlamentində müzakirələr başladı ki, Azərbaycandan kəskin asılılıq ölkədə qiymət strategiyasının yürüdülməsinə mane olur. Yenidən Rusiya ilə qaz təminatı ilə bağlı danışıqların başlamasına qərar verildi. Əslində son 3 ildə bu danışıqlar hər il gündəmə gəlirdi. Amma Rusiya və Gürcüstan arasında aparılan danışıqlarda yekun nəticəyə gəlmək mümkün olmurdu. Bu dəfə Rusiya tərəfindən bu məsələyə müsbət yanaşıldı. Rusiyanın da bu gün istəklərindən biri ətraf ölkələrə daha çox qaz satmaqdır. Çünki bu gün Rusiya Avropa bazarında sıxışdırılır. Ona görə də ilkin olaraq Gürcüstana 1 milyard kub metr qaz satmaqla bağlı razılığa gəlinir.

- Bu, Azərbaycan üçün hansı problemlər yarada bilər?

- Birincisi, Rusiyadan qazın alınması qiymət siyasətinə təsir göstərəcək və rəqabətli mühit yaradaraq, Gürcüstanda qazın qiymətinin tənzimlənməsinə səbəb olacaq. Buna görə də “SOCAR Georgia” orada qaz qiymətlərində kəskin dəyişikliklərə yol verə bilməyəcək. Rusiyanın isə istəyi odur ki, Gürcüstan bazarında yenidən yer tutsun, hegemonluq və bunun nəticəsində də Gürcüstanın siyasətinə təsiretmə rıçaqları qazansın. Yəni son zamanlar baş verən hadisələrin səbəblərindən biri “SOCAR Georgia”nın qiymətlərin artırılması ilə bağlı ilkin addımı olub. Gürcüstan hökuməti də əlavə qaz mənbələrinin tapılması üçün fəaliyyətə başladı, amma Gürcüstanın vəziyyəti elədir ki, onun başqa mənbələrdən qaz almaq imkanı yoxdur. İki alternativi var: Rusiya və Azərbaycan. Ona görə də ən azından Rusiyadan ilkin mərhələdə 300-500 milyon kub metr həcmində qaz almağı düşünür ki, Azərbaycandan aldığı qazın həcmini azaltmaq yolu ilə qiymət siyasətinə təsir göstərə bilsin.

- Regionun hazırkı vəziyyətini nəzərə alsaq, deyə bilərik ki, Tiflis üçün Azərbaycandan qaz almaq heç bir siyasi təhdid yaratmır. Əksinə, Rusiyadan alacağı qazın həcmini artırmaq Gürcüstan üçün böyük riskləri gündəmə gətirir. Tiflis belə olan halda niyə Azərbaycan qazını rus qazı ilə əvəz edib özünü çətin vəziyyətə salmaq istəyir?

- Mən düşünmürəm ki, Gürcüstan tamamilə rus qazına keçmək istəsin. Bu, Gürcüstan üçün böyük təhdiddir. Azərbaycanın Gürcüstan bazarında başqa üstünlüyü də var. Belə ki, “SOCAR Georgia” həm də qazpaylayıcı şirkətdir. Bu, daha gəlirli sahədir. Bu nöqteyi-nəzərdən SOCAR-ın burada ciddi üstünlüyü var. Müqavilələr uzunmüddətli bağlanır ki, bu, Gürcüstan üçün də sərfəlidir. Yəni Gürcüstanın indiki addımları daha çox təzyiq xarakteri daşıyır, amma Gürcüstan da anlayır ki, Azərbaycandan başqa alternativləri yoxdur. Çünki “SOCAR Georgia” Gürcüstanın vergi ödəyicisidir və az qala ildə 1 milyarda yaxın Gürcüstan hökumətinə vergi ödəyir. Bu da dövlət büdcəsinin çox vacib hissəsini təşkil edir.

Gürcüstan son addımlar vasitəsi ilə Azərbaycana qazın qiyməti ilə bağlı müəyyən təsirlər etmək niyyətindədir. Rusiya qazına tamamilə keçid Gürcüstanın enerji təhlükəsizliyi üçün böyük təhdid olar. Çünki Rusiya istənilən an o qazı kəsə bilər. Amma Azərbaycan çox yaxşı tərəfdaşdır, bu günə qədər Gürcüstana çox böyük yardımlar edib və Gürcüstana qarşı elə bir addım atmaz. Ona görə də bu danışıqlar daha çox Azərbaycanla müəyyən ortaq razılığa gəlmək üçün aparılır.

- Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək və bu onun prezident seçkisindən sonra ilk səfəri olacaq. Bölgədə Tiflisin əsas tərəfdaşı bizik, amma Zurabişvili Bakını bu qədər gec ziyarət edir. Buna səbəb nədir?

- Əslində qlobal olaraq, Azərbaycanın iqtisadi uzantısı Gürcüstandır. Yəni Azərbaycanın enerji resursları Gürcüstan üzərindən dünyaya çatdırılır. Azərbaycanın Gürcüstana bir dəhliz kimi nə qədər ehtiyacı varsa, Gürcüstanın da yaxşı tərəfdaş, Gürcüstan iqtisadiyyatının ən böyük investoru kimi Azərbaycana bir o qədər ehtiyacı var. Yəni Azərbaycanla əlaqələrin tamamilə pozulmasını istəyən siyasi partiyanın, qüvvənin Gürcüstanda olacağını düşünmürəm. Çünki beynəlxalq layihələr təkcə Gürcüstandan asılı deyil. Gürcüstanın Qərblə çox yaxşı münasibətləri var. Azərbaycanın enerji layihələri ilə bağlı Gürcüstan hər hansı problem yaratsa, elə Qərbdəki tərəfdaşları Tiflisin üzərinə gedər və onları bu addımdan daşınmağa sövq edər. Bunu da Gürcüstan çox yaxşı bilir. Ona görə də Azərbaycanla daha ehtiyatlı davranmağa çalışır. Sadəcə prezident seçkisindən dərhal sonra səfərin baş tutmaması və yaxud da Rusiya ilə bağlı yumşaq mesajların verilməsinin iki səbəbi var. Birincisi, Gürcüstan Rusiyaya ticarət partnyoru kimi baxır. Son zamanlar Gürcüstan ixracatının Rusiyaya artdığını görürük ki, bu da Gürcüstana əlavə valyuta qazandırır və yeni iş yerləri yaradır. İkincisi isə Rusiyadan gələn turist sayında kəskin artım hiss olunmaqdadır. Son məlumatlara görə, Rusiyadan gələn turistlər Gürcüstanda il ərzində təqribən 800-900 milyon dollara yaxın vəsait xərcləyiblər ki, bu da çox böyük rəqəmdir. Ona görə də Tiflis Rusiya ilə daha yumşaq davranaraq, Rusiyadan pul qazanmaq istəyir. Amma qlobal olaraq, Gürcüstanın bütün rəsmi sənədlərində, o cümlədən təhlükəsizlik doktrinasında Rusiya işğalçı dövlət kimi göstərilir. Abxaziyanın və Cənubi Osetiyanın işğalı birbaşa Rusiya ilə bağlıdır. Üstəlik strateji olaraq, Gürcüstanın Rusiya ilə hər hansı çox yaxın münasibətlərinin olmasını istəyəcəyini düşünmürəm. Burada sadəcə maliyyə və iqtisadi maraqlar üstünlük təşkil edir. O ki qaldı Gürcüstan prezidentinin Azərbaycana səfərinin indi baş tutması məsələsinə, əslində Gürcüstan prezidentinin son seçkilərdən sonra, ümumiyyətlə, səlahiyyətləri demək olar ki, sıfırlandı. Gürcüstanda növbəti prezident seçkiləri artıq birbaşa olmayacaq və prezidenti Təmsilçilər Məclisi seçəcək. Mənə elə gəlir ki, indiki prezident əvvəlcədən də Azərbaycana səfər etmək istəyib. Sadəcə Azərbaycan hökuməti haqlı olaraq, bəzi şərtlər irəli sürüb. Çünki seçki dönəmində Zurabişvili azərbaycanlıların yaşadığı bölgələrə diqqət yetirmədi, əksinə, ermənilərin sıx yaşadığı Ahalkalaki bölgəsinə tez-tez səfərlər etdi, çox yumşaq bəyanatlar verdi. Bütün bunlar Azərbaycan hökumətinin diqqətindən yayınmadı. Bəlkə də haqlı olaraq diplomatik kanallarla müəyyən iradlar bildirilib və müəyyən tələblər irəli sürülüb ki, əgər Zurabişvili Azərbaycana səfər etmək istəyirsə, müəyyən addımlar atılmalıdır. Çünki Gürcüstanın Azərbaycandan asılılığı heç də az deyil. Yəni Gürcüstanın iqtisadiyyatı və sosial həyatı üçün çox əhəmiyyət təşkil edən bir ölkəyik.

Digər tərəfdən, son aylarda Gürcüstanın kifayət qədər yüksək rütbəli məmurları, nazirləri Azərbaycana səfər edib. Gürcüstanda Nazirlər Kabinetində baş nazirlik ölkəni idarə edən qurumdur. Yəni Nazirlər Kabineti üzvlərinin Azərbaycana səfəri daha önəmlidir.

- Gürcüstanda İvanişvilinin siyasətə yenidən gəlməsindən və Kvirikaşvilinin baş nazir postundan getməsindən sonra Gürcüstan tərəfi davamlı olaraq həm Ermənistan, həm də Rusiya ilə bağlı pozitiv bəyanatlar verir. Son il yarım ərzində niyə məhz İvanişvili Tiflis üçün fədakarlıqlar edən Qərb və Azərbaycandan daha çox onunla əks mövqeyə sahib Rusiya və Ermənistanla yaxınlaşma siyasəti aparır?

- Əslində, İvanişvili siyasətdən heç getməmişdi. O özünü daha kənarda göstərərək, birbaşa müdaxilələrdən yayınırdı. Amma son seçkilərdə və bir il yarım ərzində daha aktiv şəkildə siyasətdə iştirak etməyə, bəyanatlar və müsahibələr verməyə başladı. Doğrudan da bu gün Rusiya ilə bağlı daha yumşaq bəyanatlar verilir. Bunu təsdiq edən ciddi mənbələr olmasa da, həm Rusiya, həm də Qərb mətbuatında iddialar var ki, İvanişvilinin Rusiyada kifayət qədər böyük həcmdə (təqribən 1 milyard dollara yaxın) daşınmaz əmlak və səhmləri var. Son zamanlar, deyilənə görə, İvanişvili buna görə Kremllə anlaşmaya gedib və əmlakını nağdlaşdıraraq, Rusiyadan çıxarmağa nail olub. İvanişvili zatən pulunu Rusiyada qazanmışdı, amma Rusiyadan çıxarkən aktivlərinin böyük bir hissəsini (təqribən 4 milyard dollara yaxın) Fransaya köçürmüşdü. Bununla belə 1 milyard dollara yaxın vəsait Rusiyada qalmışdı və onları Rusiyadan çıxara bilmirdi. İddialara görə, danışıqlar artıq müsbət nəticə verib. Bunun müqabilində də həm Ermənistana, həm də Rusiyaya qarşı yumşaq bəyanatlar verilir. Yəni Rusiya ilə daha yaxın və daha isti münasibətlərin yaranması yönündə bir xətt tutulub. Siyasət çox qəribə sahədir. Burada bəzən çox dərindən düşünməyə ehtiyac qalmır. Biz çox vaxt dərin analizlər aparmağa meyillənirik, amma bəzi hadisələrin, addımların çox sadə açıqlaması olur. Əgər bu iddialar doğrudursa, deməli, İvanişvili şəxsi maraqları müqabilində Gürcüstan siyasətində rusiyayönlü bəyanatlar vermək istiqamətini seçib.

- Paşinyanın hakimiyyətə gəlməsindən sonra erməni rəsmilərinin Gürcüstana səfərləri nəyə görə artıb?

- Paşinyanın komandasının və özünün Gürcüstana davamlı səfərlər etməsinin də bir sıra səbəbləri var. Burada maraqlı məqam ondan ibarətdir ki, Qərbin Gürcüstanda olan dayaqları kifayət qədər möhkəmlənib. Gürcüstan da Qərbə inteqrasiya yolunda davamlı addımlar atacağını gizlətmir. Gürcüstan NATO və AB-yə üzvlük istəyir və buna hədəflənən addımlar atır. Hətta Gürcüstanda səfərdə olan istənilən insan görür ki, bu gün dövlət binalarının qarşısında, küçələrdə Gürcüstan bayrağının yanında AB-nin bayraqları da dalğalanır. Mən düşünürəm ki, Gürcüstan Qərb və Paşinyan hökuməti arasında müəyyən körpü rolunu oynayır. Paşinyan bəzi hallarda birbaşa deyil, Gürcüstan üzərindən Qərblə müəyyən münasibətlərin qurulmasına çalışır. Gürcüstan burada moderator rolunda çıxış edir. Çünki Paşinyan Ermənistanda birbaşa Qərb dairələri ilə görüşməkdən çəkinir, Rusiyanın reaksiyasından qorxur. Eyni zamanda özünün də tez-tez Qərb dövlətlərinə səfərlər etməsinə Rusiyanın reaksiya verəcəyini bilir. Ona görə də ola bilər ki, bir platforma kimi Gürcüstanı seçib. Bu, Qərbə də sərf edir. Çünki Qərb Gürcüstanda çox rahat infrastruktura malikdir. Bu infrastruktur vasitəsi ilə də çox asanlıqla Paşinyanla müəyyən danışıqlar aparıla bilir.

- İvanişvilinin Gürcüstanda aktivləşdiyi dönəmdə hakim elita arasında da parçalanma artır. İvanişvilinin dayaqlarını itirməsi Gürcü Arzusu üçün nəyə gətirib çıxaracaq?

- Gürcüstanda elitanın parçalanması var. Təbii ki, Gürcüstanda yetkin bir cəmiyyət yoxdur. Yəni İvanişvilinin özü və tərəfdarları ən yaxşı halda ölkənin seçicilərinin yarısının dəstəyini qazana bilər. Son seçkilər də göstərdi ki, ölkədə ən azından 45%-ə yaxın müxalif düşüncəli insan var və bu, kifayət qədər böyük rəqəmdir. Gürcüstan kimi kiçik bir ölkədə siyasi partiyaların sayı 100-ə çatıb. Siyasətdə kifayət qədər böyük rəngarənglik var. Elitanın parçalanmasının son nöqtəsi gələcəkdə baş tutan parlament seçkiləri olacaq. Bu seçkinin önəmi son dövrlərdə artdı. Artıq parlament proporsional qaydada seçki sisteminə keçərək, hökumətin formalaşdırılmasında birbaşa rol oynayır. Ona görə də Gürcüstanda yaxın 1 il ərzində maraqlı proseslərin olması ehtimalı var. Əgər parlament seçkilərində İvanişvilinin əks cəbhəsi yaransa, ciddi siyasi fiqurlar orada təmsil olunsa, növbəti parlament seçkisi İvanişvili partiyasının və onun koalisiyasının məğlubiyyəti ilə yadda qala bilər. Çünki artıq Gürcüstanda İvanişvilinin dəstəklədiyi hökumət uzun zamandır hakimiyyətdədir. Bu zaman mövcud problemlərin də kifayət qədər böyüməsinə, elitalar arasında çəkişmələrin artmasına səbəb olub. Parlament seçkisi bu çəkişmədə çox mühüm mərhələ olacaq. Əgər İvanişvilinin dəstəklədiyi qüvvələr və koalisiya seçkini uduzub, hakimiyyətdən gedərsə, Gürcüstanda yeni dönəmin başlanmasının şahidi ola bilərik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.