Azay Quliyev təhsil işçiləri ilə görüşüb

26-10-2015, 21:40           

TEREF.İNFO - Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan müəllimlərlə görüşüb.

İştirakçıları salamlayan Azay Quliyev təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edərək, seçki kampaniyasının sonuna doğru onlarla görüşməyin zərurət duyduğunu bildirib: “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir”.

Görüşdə çıxış edən iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən, müəllimlərin dərs saatlarının azaldılması, əməkhaqqı və s. fikirlərini bildiriblər. Azay Quliyevə Milli Məclisdə çıxışı zamanı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi haqqında məsələ qaldırmasına görə təşəkkürlərini çatdırıb, yenidən deputat seçildikdən sonra da bu məsələyə bir daha qayıtmağını xahiş ediblər.

Qaldırılan məsələlərə münasibət bildirən Azay Quliyev qeyd edib ki, millət vəkilinin vəzifəsi bütün seçicilərin mənafelərini müdafiə etməkdir: “Əvvəllər olduğu kimi, bundan sonra da çalışacağam ki, dövlətimizin təhsil sistemində apardığı islahatlar çərçivəsində sizin maraqlarınızın müdafiəçisi olum”.

Görüşdə iştirak edən seçici müəllimlər 1 noyabr seçkisində yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 27 oktyabrda saat 17.00-da 6-cı mikrorayonda yerləşən “Anar” Şadlıq Sarayında seçicilərlə görüşəcək.


Azay Quliyev təhsil işçiləri ilə görüşüb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.