Banklarda 500 avroya 1 faiz komissiya tutulur

10-07-2019, 10:14           
Banklarda 500 avroya 1 faiz komissiya tutulur
“Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginazı ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir”.
“Yeni Sabah” xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov yazıb.

O bildirib ki, 500əsginazlıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaş həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir:

“Bankların tədavüldə istifadəsi davam edən əsginaz üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə, necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginazlarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqlarını müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.

Ekspert xatırladıb ki, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əsginazın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib:

“Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginazlar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.