Rayonun Köçərli kəndinə “mavi yanacaq” verildi - Tərtərdə

18-12-2015, 18:13           
Rayonun Köçərli kəndinə “mavi yanacaq” verildi - Tərtərdə
Yeni il ərəfəsində Tərtər rayonunun daha bir yaşayış məntəqəsi təbii qazla təmin olundu.

teref.az xəbər verir ki, dekabrın 18-də rayonun Köçərli kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Tədbiri Köçərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Mübariz Yusifov açaraq kənddə 1660 nəfər əhali yaşadığını, 392 abonentin mənzilinə “mavi alov”un verildiyini, ümumilikdə ərazidə birpilləli sistem əsasında 29103 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 392 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
Kənd ağsaqqalı Tahir Cəfərov, sakinlərdən Səməddin Hacıyev, Gözəl Qənbərova çıxış edərək Yeni il ərəfəsində kəndlərinə təbii qazın verilməsini böyük sevinclə qarşıladıqlarını bildirdilər. Kəndin “mavi yanacaq”la təmin olunduğuna görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Tərtər Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Elməddin İbrahimov da uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndlərə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı, ölkə rəhbərinin diqqət və qayğısı ilə daha da inkişaf edir və gözəlləşir. Biz bunu düşmənlə 48 km təmas xətti olan rayonumuzun da timsalında görürük. Tərtər bu gün böyük bir tikinti meydançasını xatırladır. Yeni inzibati binalar, yaşayış evləri tikilir, yollar çəkilir, yaşıllıq zolaqları salınır. Rayon mərkəzində 100 yerlik körpələr evi-uşaq bağçası, analoqu olmayan şahmat məktəbi, kənd təsərrüfatı idarəsi inşa olunur. Artıq kəndlərimizin 32-də qazlaşma başa çatıb. 10 yaşayış məntəqəsinə isə qaz çəkilişi davam etdirilir.
29 ictimai binanın dam örtüyü dəyişdirilmiş, binaların fasad hissələri təmir olunmuşdur. Qapanlı kəndində elektrik xətlərinin SİP kabelləşdirilməsi işlərinə başlanılmış, digər kəndlərimizdə isə bununla əlaqədar təxirəsalınmaz işlər aparılır.
Hazırda Tərtər şəhəri və ona bitişik 11 kəndə su kanalizasiya sisteminin çəkilişinə başlanılmışdır. Bu, tərtərlilərin içməli su və kanalizasiya problemini həll edəcək.
Bu görülən işlərin mərkəzində isə insan amili, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması durur. Qəhrəman tərtərlilər yaxşı işlədikləri, torpaqlarının bir qarışını düşmənə vermədikləri kimi yaxşı da yaşamalı, istirahət etməlidirlər. Rayon rəhbəri kimi mən də Sizin sevincinizə şərik oluram, sevinirəm ki, Yeni il ərəfəsində evlərinizdə mavi alov yanacaq.
Sonra M.Məmmədov bir daha kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.
Rayon rəhbəri ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı, kənd sakini Etibar Bədəlovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.