Şirin Cəfəri həbsin astanasında - Proses növbəti dəfə təxirə salındı

31-03-2016, 14:40           
Şirin Cəfəri həbsin astanasında - Proses növbəti dəfə təxirə salındı
Son proses aprel ayının 7-i, saat 10:00-a təyin edildi

“Gündəm-Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəriyə qarşı başladılan əsassız məhkəmə prosesi özünün məntiqi sonluğuna yaxınlaşır. Mart ayının 31-də, saat 10:00-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən növbəti prosesdə təqsirləndirilən şəxs Şirin Cəfərinin son sözdeyəcəyi və bunun ardınca da məhkəmə hökmünün çıxarılacağı gözlənilirdi. Amma məhkəmə prosesində iştirak edən əməkdaşımızın verdiyi məlumata görə,proses növbəti dəfə təxirə salınaraq, aprelin 7-i, saat 10-00-a təyin edilib.
Əməkdaşımız xəbər verir ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri son söz deməyə hazır olduğunu və prosesin təxirə salınmasına səbəb görmədiyini bildirsə də hakim təqsirləndirilən şəxsin vəkilinin prosesdə olmamasını əsas gətirərək məhkəməni təxirə saldığını bəyan edib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs Şirin Cəfərinin hüquqlarını qoruyan vəkil Zaur Niftəliyev ötən prosesdə son çıxışını etmişdi və bu səbəbdən də prosesin məhz iclasda onun iştirak etməməsi prosesin təxirə salınmasına hüquqi əsas yaratmırdı.
Aparılan müşahidələr və baş verənlərin təhlili isə onu düşünməyə əsas verir ki, məhkəmə Şirin Cəfərinin həbsinə hazırlıq görür. Buna səbəb isə guya ki, vaxtilə Şirin Cəfərinin vergidən yayınması və belə bir səbəb üzündən də, ona Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işinin qaldırılması olub. 20 may 2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, ona üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmünün elan olunması, olduqca absurd, qərəzli və heç bir həqiqəti ifadə etməyən bir qərar olur. Çıxarılmış məkhəmə qərarından Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilsə də, çox təəssüflər olsun ki, çıxarılmış qərar qüvvədə saxlanılır. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məhkəməsinin çıxartdığı qərardan Ali Məhkəməyə müraciət olunur ki, bu da nəticəsiz qalır. Yəni Ali Məhkəmə də, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır.

Diqqəti o hal da cəlb edir ki, Şirin Cəfəri barəsində çıxarılmış iki illik şərti cəza müddəti 20 may 2015-ci il tarixdə başa çatdıqdan və Ali Məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlandıqdan sonra, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində yenidən CPM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılır və toplanmış iş materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə də göndərilir. Sözsüz ki, Şirin Cəfəriyə qarşı növbəti dəfə belə bir addımın atılması, ölkə ictimaiyyətinin nəzər-diqqətini yenidən yaşanan problemin varlığına yönəltdi. Çünki, onun saxta, qondarma vergi ittihamı ilə ittiham olunması, keçirilən məhkəmə prosesində isə, dövlət ittihamçısının Şirin Cəfəriyə qarşı 5 il həbs cəzası istəməsi, artıq problemin ciddiliyindən xəbər verdi ki, bu da müstəqil mətbuata təzyiq kimi qiymətləndirilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.