Leyla Əliyeva Venesiyada sərgidə - FOTOLAR

7-05-2015, 10:48           
Leyla Əliyeva Venesiyada sərgidə - FOTOLAR
56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.
Dia.az-ın AzərTac-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanıb. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olunub.
Sərginin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnun olduğunu bildirib və Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxunub:

"Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib".
Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirib. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışıb.
Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirib. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırıb.

Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunub.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı olub.
Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirib.

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb.

Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.