Alimdən Sumqayıt xəbərdarlığı: “Yeməyin”

17-05-2016, 10:38           
Alimdən Sumqayıt xəbərdarlığı: “Yeməyin”
Sumqayıt yolunda elə sahələr var ki, həmin ərazidə həyətdə yetişdirilən bitkini yemək ən böyük faciədir.

teref.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Publika.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yola yaxın ərazində yetişdirilən meyvə-tərəvəz insan orqanizmi üçün təhlükəlidir:

“Avtomagistralda nəqliyyatın ətrafdakı bitkilərə zərəri barədə tədqiqat aparıram. Sumqayıt yolunda elə sahələr var ki, həmin ərazidə həyətdə yetişdirilən bitkini yemək ən böyük faciədir. Bu barədə araşdırmam yekunlaşmasa da, deyə bilərəm ki, bir maşında dizel yananda 260-a qədər zərərli maddə havaya buraxılırsa, bir gündə həmin yoldan 53-56 min maşın keçdiyini nəzərə alsaq, bunun nə qədər böyük və qorxunc bir rəqəm olduğunu təxmin etmək çətin deyil. Həmin maddələr hamısı ətrafdakı bitkilər üzərinə çökür. Yolun hər iki tərəfində 150 metr məsafədə bütün torpaq və bitkilər zərərli olur. Orada bitən bitkilər qida üçün tam yararsızdır”.

Yerli sortlara marağın azaldığını deyən mütəxəssis kənd təsərrüfatının inkişafı üçün xüsusi stimula ehtiyac olduğunu qeyd edib:

“Bu gün belə stimul yoxdur. 30-40 il əvvəl dünya əhalisinin sayı indikindən çox az idi. İnsanların sayı durmadan artır, Azərbaycanda da oxşar vəziyyət müşahidə edilir. Bunun üçün də əhalini qida ilə təmin etmək lazımdır. Lakin hazırda əmək məhsuldarlığı baxımdan ölkə olaraq çox geriyik. Bu da əsasən əkinçilik mədəniyyətinin aşağı olması ilə bağlıdır. Əkinçilik mədəniyyətinin ən mühüm xüsusiyyəti açıq havada yetişdirilən məhsulun təbiətdən asılılığı ilə bağlıdır. Kənd təsərrüfatı təbiətdən 80% asılıdırsa, demək, həmin ölkə ibtidai icma quruluşunda yaşayır. Çünki həmin icma quruluşunda da insanlar məhsul əkirdi, güclü külək əsəndə məhsul əldə edə bilmirdi. Lakin bu gün texnologiya inkişaf edir. Biz təbiətdən asılı olmamalıyıq. Müasir texnologiyalardan istifadə edə bilərik. Amma hazırda nəinki ayrı-ayrı kənd təsərrüfatı sahələrini itirmişik, həmçinin klassik əkinçilik də təbiətdən asılı olduğuna görə sıradan çıxır. Bir il iqlim çox yaxşı olursa, məhsuldarlıq da yüksək olur. Növbəti il hava şəraiti kəskin dəyişirsə, bu zaman az məhsul götürürük. Biz bu sahəni inkişaf etdirməliyik, müasir suvarma qurğuları, texnologiyaların imkanlarından faydalanmalıyıq. Bu zaman bitkinin əkildiyi yerin iqlim şəraitinə də həssas yanaşmalıyıq. İnsanın təbiətdən asılılığı intellekti və kənd təsərrüfatı sahəsindəki biliklərindən asılıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.