"Sahibkarlardan açıq-aşkar rüşvət istəyən bu məmurların əlindən gözümüzü aça bilmirik" - vergilər nazirinə ilginc şikayət...

17-05-2016, 11:13           
"Sahibkarlardan açıq-aşkar rüşvət istəyən bu məmurların əlindən gözümüzü aça bilmirik" - vergilər nazirinə ilginc şikayət...
“Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Tural Nuri və İsmayıl İsgəndərov adlı iki əməkdaşı Nizami rayonunda at oynadır. Sahikarlardan açıq-aşkar rüşvət istəyən bu məmurların əlindən gözümüzü aça bilmirik. Xahiş edirik üzləşdiyimiz vəziyyətlə bağlı vergilər naziri cənab Fazil Məmmədova məlumat verəsiniz”.

Moderator.az xəbər verir ki, bunu bir qrup iş adamı əməkdaşımızla söhbətində bildirib.

Onların verdiyi məlumata görə, rüşvət “çete”sinə rəhbərlik edən Tural Nuri əslində imkanlı bir ailənin nümayəndəsi imiş. “Atası “İstikbal” mebel firmasının Azərbaycan üzrə distribütorudur. Bununla belə, gözü sərvətə doymayan bu adam öz atası kimi vergi ödəyicilərinə aman vermir”.

Əldə etdiyimiz məlumatla bağlı vergi məsələləri üzrə ekspert Elçin Qurbanova müraciət etdik və sahibkarların bu cür vəziyyətlə üzləşərkən hansı addımlar atmalı olduqları barədə fikirlərini öyrənmək istədik.

Ekspert onun da qulağına bənzər şikayətlərin çatdığı bildirdi və bu situasiya ilə üzləşən iş adamlarını Vergilər Nazirliyinə şikayət etməyə çağırdı:

“Son dövrlər nazirlikdə bu cür qeyri-qanuni hallara qarşı amansız mübarizə aparılır. Əminəm ki, sahibkarlar öz şikayətlərini nazirliyə bildirsələr, onlardan rüşvət tələb edən vergi əməkdaşları ciddi cəzalandırılarlar”.

Ekspert həmçinin bütün vergi ödəyicilərinə bu cür qeyri-qanuni hallara vaxtında səslərini çıxarmağı, baş verənlərə qarşı dözümsüz yanaşmağı məsləhət gördü:

“Çünki dövlətə ödənilən vergi cəmiyyətin sosial rifahına xidmət edir. Kimlərinsə cibinə axan rüşvət isə cəmiyyətimizdəki sosial uçurumu daha da böyüdür və insanların istismarına yol açır. Vətəndaşlar bu rüşvət sistemini özləri dağıtmalıdırlar. Heç kim bizim əvəzimizə gəlib, qolumuzdakı korrupsiya və rüşvətxorluq zəncirini açmayacaq”.

Biz də Moderator.az olaraq hörmətli vergilər naziri Fazil Məmmədovun bu cür hallara qarşı barışmaz mövqedən çıxış edəcəyinə və iddiaların nə dərəcədə həqiqəti əks etdirməsinin yoxlanılması üçün müvafiq strukturlara göstəriş verəcəyinıə şübhə etmirik və ümid edirik ki, görülən tədbirlərlə bağlı cəmiyyətə də yetərli informasiya veriləcək.

Eyni zamanda barələrində ittiham irəli sürülən şəxslərə də cavab haqqı tanıdığımızı və fikirlərini olduğu kimi təqdim etməyə hazır olduğumuzu bəyan edirik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.