Xəzər Aslanov da belə yeyib-dağıdır... - İTTİHAM VAR

17-05-2016, 11:21           
Xəzər Aslanov da belə yeyib-dağıdır... - İTTİHAM VAR
Xızı respublikanın səfalı guşələrindən biri kimi həm paytaxta məsafə yaxınlığı, həm də insanlarının qonaqpərvərliyi baxımından cəlbedici bölgələrimizdəndir. Son illərdə rayonda aparılan geniş tikinti-abadlıq işləri bu yerlərin simasını tanınmaz dərəcədə dəyişib. Dövlət başçısı cənab İlham Əliyevin daimi diqqəti və qayğısı nəticəsində rayon iqtisadiyyatı yüksələn xətlə inkişaf etməkdədir. Təbii ki, bu inkişafın miqyası genişləndikcə əhalinin rifah halı yaxşılaşır, etibarlı gələcəyin təməli möhkəmlənir. Statistikaya nəzər salsaq, yaxın bir neçə ildə Xızının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ayrılan dövlət büdcə vəsaitlərinin həcminin bir neçə dəfə artırıldığını görmək olar. Bu mənada rayon rəhbərliyinin üzərinə ciddi məsuliyyət düşür. Lakin gəlin görək yerli struktur rəhbərlərindən bu məsuliyyəti ciddiyə alan varmı? Gundelik-baku.com-a daxil olan dəqiqləşdirilmiş məlumatlardan belə qənaətə gəlmək olar ki, rayonda aparılan təmir-tikinti, abadlıq və sair işlərin podratçıları əksər hallarda rayon icra aparatı rəhbərlərinin həzarəti altında olan şirkətlərdir. Diqqət edin, əvvəlki yazılarda qeyd etdiyimiz kimi, rayonun Şurabad və Giləzi qəsəbələrindəki tam orta məktəblərin təmir işlərinə birlikdə 7 milyon manatdan artıq dövlət vəsaiti ayrıldığı halda görülən işlərin həcmi bundan qat-qat aşağıdır. Bundan əlavə, səhiyyə, təhsil və mədəniyyət sahəsində zəruri işlərin görülməsinə görə ayrılan yüz minlərlə manat vəsait başçı və onun ətrafındakı bir neçə vəzifəli şəxsin nəzarətində olan şirkətlər vasitəsilə nağdlaşdırılır. Bu şirkətlərin adlarını təqdim edirik. "İnternasional-A" MMC guya ki, Xızı rayon mədəniyyət və turizm idarəsinin sifarişlərini yerinə yetirib. Əlimizdə olan məlumata görə şirkətin bank hesabı vasitəsilə üst-üstə 50 min manatadək vəsait nağdlaşdırılıb. "Kolumbus-R" MMC də Xızıda maxinasiyalar gerçəkləşdirən şirkətlər sırasındadır. Xızı rayon təhsil şöbəsinin pullarını nağdlaşdırmaqda təcrübə qazanmış işbazlar 2013-cü ilin ilk yarısında bu yolla rayonda 115 min manat təhsilə ayrılmış büdcə vəsaitini həzm-rabedən keçirməyə müvəffəq olublar. Oxşar üsulla "Real Servis" MMC də rayon təhsil şöbəsinə ayrılmış 38175 manat vəsaiti qamarlayıb. 2012-ci ilin dekabrında qeydiyyatdan keçirilmiş, hüquqi ünvanı Gədəbəyin Göyəlli kəndi olmaqla "Yuni Star" məhdud məsuliyyətli cəmiyyəti də Xızının "hörmətli" şəxslərinin kurasiyasına aid kommersiya qurumlarındandır. Şirkət vasitəsilə Bakının Sabunçu rayonunda boş sahənin abadlaşdırılmasına görə 117680 manat, "Tələbə baharı" 7-ci ümumrespublika tələbə yaradıcılığı festivalının təşkilatçılığına görə 37555 manat, sözügedən tədbirin kataloqunun hazırlanmasına görə 36 min manat, "Yanardağ" qoruğunda və digər müxtəlif təyinatlı tədbirlərin keçirilməsinə görə üst üstə 25-30 min manat civarında vəsait yeyilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.