Beyləqanda vəziyyət uruscadır... - Yeyinti ittihamı...

17-05-2016, 12:28           
Beyləqanda vəziyyət uruscadır... - Yeyinti ittihamı...
"Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yeyinti faktları var. Şöbə müdiri Nazim Mirzəyev və şöbənin baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyirlər”

Bu haqda Müstəqil.Az-a Beyləqan RİH-nə yaxınlığı ilə seçilən, adının hallanmasını istəməyən mənbə bildirib.

Mənbə iddia edir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC vasitəsilə maliyyə maxinasiyaları edir. Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir.

Mənbə bildirir ki, təkcə ötən il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib”. Adı çəkilən kəndlərin kitabxana, mədəniyyət evləri, klublarında isə görülən işlər isə gözdən pərdə asmaq kimi bir şeydir. Ayrılan vəsaitin heç 10 faizi təyinatı üzrə sərf edilməyib.

Məlumatda o da deyilir ki, Nazim Mirzəyev baş mühasibi ilə hər ay Mədəniyyət və Turizm Şöbəsində işləyən işçilərin əmək haqqından 10 manat kəsməklə ayda 3 min manata yaxın qazanc əldə edirlər. Bundan başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir. Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür.

Bildirək ki, Beyləqan Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 19 mədəniyyət evi, 17 kənd klubu, 1 şəhər, 35 kənd kitabxanası, 1 musiqi məktəbi, 2 muzey, 2 mərkəz fəaliyyət göstərir və şöbədə 370-dən artıq işçi çalışmaqdadır. Çalışan işçilərin əksəriyyətinin adı isə klublarda, kitabxanalarda, mədəniyyət evlərində işçi kimi sənədlərdə yazılıb. Mənbəmiz qeyd edir ki, hazırda Beyləqan Mədəniyyət və Turizm Şöbəsində 50-yə yaxın adı olub özü olmayan işçilər mövcududur və şöbə müdiri ilə baş mühasib hər ay "ölü canların”adına 5 min manatdan çox qazanc əldə edirlər.

Bundan başqa Beyləqan şəhərinin abadlaşdırılamsı işində də məhz Məhəmməd Həsənovun müəsissəsi "fəal” iştirak edir. Məlumat mənbəmiz bildirir ki, baş mühasibə məxsus müəsissəyə ayrılan vəsaitlər şəhər icra nümayəndəsi Azil Aslanov tərəfindən müxtəlif işlərin görülməsi adı altında silinərək mənimsənilir. Nazim Mirzəyev icra hakimiyyəti tərəfindən müəsissəsinə ayrılan vəsaitin 13 faizini alır, yerdə qalan pul Azil Aslanova və icra başçısı Vaqif Abdullayevə çatır.

Mənbə onu da əlavə edir ki, RİH-nin başçısı V.Abdullayev yuxarıda adı hallanan və eyni zamanda digər idarə-müəsisə rəhbərlərinin əməllərindəki korrupsiya hallarına şəxsən özü şərait yaradır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.