XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARINI TAPDALAYIR

17-05-2016, 13:27           
XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARINI TAPDALAYIR
Razim Məmmədov üçün qəzalı vəziyyətdə olan yataqxananın sakinlərinin harada, necə qalacaqları əhəmiyyətli deyil.

«İcra başçısı 45 minə mənə getsin ev alsın, aparsın məni evlə təmin etsin, ondan sonra çıxım» 1979-cu ildə inşa edilən, Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında yerləşən, əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının qəzalı vəziyyətdə olması ilə bağlı hələ bir neçə il əvvəl müvafiq rəy verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin binaya baxış keçirərək mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə, o cümlədən yerli icra strukturlarına xəbərdarlıq edib. Qeyd edək ki, bunun üzərindən bir müddət keçdikdən sonra, daha dəqiq desək, bu ilin mart ayının 28-də qəfildən binanın 3-cü və 4-cü mərtəbələri arasındakı beton panellər uçub. Xoşbəxtlikdən həmin mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, hadisə nəticəsində zərərçəkən olmayıb. «Axı verilən bu məbləğlə biz hara gedək, hardan özümüzə mənzil alaq? Bunu fikirləşən yoxdur» Baş vermiş hadisə ilə bağlı verilən rəsmi məlumatlara görə, uçqundan sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olub. Məlumat üçün bildirək ki, vaxtilə sözügedən yataqxanada 160 ailə yaşayıb. Mərhələli şəkildə 140-a yaxın ailə köçürülsə də, 20 ailə hələ də yataqxanada yaşamaqda davam edir. Hadisədən bir qədər sonra, daha dəqiq desək, aprel ayının 14-də isə Nazirlər Kabineti Xətai rayonu, Cavanşir küçəsində yerləşən yataqxana ilə bağlı sərəncam verib. Bu barədə məlumat verən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov qeyd edib ki, Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan yataqxana binası söküləcək, həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait veriləcək. Zaməddin Əkbərov həmin vəsaitin Xətai Rayon İcra Hakimiyyətinin xətti ilə sakinlərə çatdırılacağını vurğulayıb. Lakin yataqxana sakinləri onlara verilən kompensasiya ilə razılaşmır, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hüquqlarının tapdandığını iddia edirlər. Belə ki, bir neçə gün öncə redaksiyamıza şikayət ərizəsilə müraciət edən Xətai rayonu, Cavanşir 10 küçəsində yerləşən 2 saylı yataqxananın sakinləri Atamoğlan Məmmədov, Məhərrəm Rüstəmov, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olan Ceyran Hüseynova, İpək Güləliyev, Ramazan Sadıqov, Cəvahir Şıxalıyev, Hürüzad Qayıbxanova, Qaratel Süleymanova, Vüqar Məmmədov, Xacca (Xədicə) Cəmiyeva, Lalə Babayeva, Mətləb Həmidov və Şəfaqət Nağıyeva kompensasiyanın verilməsi zamanı 13 ailənin ikinci otaqlarının nəzərə alınmadığını qeyd edib. Şikayətçilər adından danışan Atamoğlan Məmmədov bildirib ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilən kompensasiya onları heç bir halda qane etmir: «Mən 1981-ci ildən H.Z.Tağıyev adına toxuculuq kombinatında işləyirəm. Orda ev növbəsinə dayanmışam. Mənə və bura gələn yataqxananın digər sakinlərinə 36 kvadratmetrlik iki otaq veriblər. Əlimizdə bunu təsdiqləyən müvafiq sənədlər, orderlər mövcuddur. Həmin orderlərdə açıq şəkildə göstərilir ki, bizə sahəsi 36 kvadratmetr olmaqla iki otaq verilib. Lakin baş vermiş uçqundan sonra köçürülmə ilə əlaqədar olaraq kompensasiyanın verilməsi zamanı mən də daxil olmaqla, 13 ailənin otaqlardan biri nəzərə alınmır. Bu ailələrə 2-ci otaq ailə tərkibinin artması ilə bağlı olaraq verilib. Qeyd etdiyim kimi, bizim hər birimizin ev növbəsi olub. Yəni bizim hər birimiz mənzillə təmin olunmalı ailələrik. Bizi evlə təmin edə bilmədikləri üçün ailə tərkibilə əlaqədar ikinci otaqlar verilib və bu da orderdə öz əksini tapıb. Ailəm böyükdür, yoldaşım xəstədir, şəhid ailəsidir. Lakin buna baxmayaraq, bizə verilməli olan kompensasiya tam şəkildə ödənilmir. Belə ki, Xətai Rayon İcra Hakimiyyəti bizdən dərhal yataqxananı tərk etməyimizi tələb edir. İcra hakimiyyəti birotaqlı mənzillərin sahiblərinə də 45 min manat ödəyir, 2 otaqlı mənzillərin sahiblərinə də eyni məbləği ödəyir. Bu isə bizi qane etmir. Çünki biz 45 min manata Bakıda ikiotaqlı ev tapa bilmirik». Adıçəkilən yataqxanada birotaqlı evin sahəsinin 18, ikiotaqlı evin isə 36 kvadratmetr olduğunu vurğulayan şikayətçi ölkə başçısına, müvafiq dövlət qurumlarına müraciət edərək onlardan üzləşdikləri problemin həllində yardım göstərmələrini xahiş edir: «Bu hansı məntiqə sığır ki, 18 kvadratmetrlik evə də 45 min manat ödənilsin, 36 kvadratmetrlik mənzilə də eyni məbləğ verilsin. Odur ki, sizin vasitənizlə ölkə başçısına, həmçinin digər səlahiyyətli şəxslərə üzümü tutub onlardan özüm və digər şikayətçilərin adından yardım istəyirəm. Mən ömrümün ən gözəl çağlarını həmin kombinatda keçirmişəm. Onu da qeyd edim ki, biz bu məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Zaməddin və Qafur müəllimə müraciət etmişik. Onlardan günahımın nə olduğunu soruşduqda dedilər ki, sənin günahın günahsızlığındadır. Deyirlər ki, gedin Nazirlər Kabinetinə və ya məhkəməyə müraciət edin. Bundan sonra Nazirlər Kabinetinə getdik. Lakin Xətai Rayon İcra Hakimiyyətində olduğu kimi, orda da bizi get-gələ salırlar. Xahişimiz odur ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı yataqxananın ikiotaqlı mənzillərinin sahiblərinin şikayətinə qulaq versin, onların məsələsini nəzərə alsın. Çünki verilən kompensasiyanın müqabilində paytaxtda özümüzə ev ala bilmirik. Bizə deyirlər ki, 10 gün ərzində evləri boşaldın, hara istəyirsinizsə gedin. Axı verilən bu məbləğlə biz hara gedək, hardan özümüzə mənzil alaq? Bunu fikirləşən yoxdur. Sonda bir məsələni də qeyd edim ki, əgər bizə ev almaq üçün yetərincə vəsait ödənilməyəcəksə, o zaman bina söküldükdən sonra onun yerində inşa olunacaq binada evlə təmin etsinlər». Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi sakinlərə verilən orderləri qüvvədən düşmüş hesab edir Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən iki yataqxananın sakinləri artıq köçürülür. Lakin köçürmə prosesi zamanı sakinləri narazı salan məqamlar yaşanmaqdadır. Belə ki, keçmiş avtomobill zavodunun və toxuculuq fabrikinin işçiləri olan sakinlər onlara veriləcək mənzillərin qeyri-qanuni yolla başqalarının adına siyahıya alınmasına etiraz edirlər. Sakinlər Xətai rayon icra nümayəndələrinin və mənzil kommunal istismar sahəsinin rəhbərinin saxta sənədlər verdiyini və kompensasiyanı düzgün hesablamadığını bildiriblər. Məlumat üçün bildirək ki, həmin binada məskunlaşan keçmiş avtomobil zavodunun işçilərinə 1993-ci ildə order verilib, onlar da bunun əsasında mənzil alacaqları günü gözləyiblər. Yəni onlar da H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxananın sakinləri kimi faktiki ev növbəsində olublar. Lakin 2003-cü ildən zavodun binası mənzil-istismar sahəsinin (MİS) balansına keçib. Bina qəzalı vəziyyətdə olduğu üçün bu ildən Nazirlər Kabinetinin qərarı ilə sakinlərin köçürülməsinə başlanılıb. Ancaq bina sakinləri illərdir bu binada yaşadıqları halda adları siyahıya alınmayıb. Onlar iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi zavoddan onlara verilən orderləri qüvvədən düşmüş hesab edir və qeyri-qanuni yolla siyahılaşdırma aparılır. Sakinlər bununla əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə verməyib. Onların sözlərinə görə, 122 saylı MİS rəisi və avtomobil zavodunun həmkarlar ittifaqının sədri əlbir olub sakinlərə veriləcək kompensasiyanı həzm ediblər: «Hər 18 kvadratmetr üçün 45 min manat verildiyi halda, bizə bir otağın pulunu verirlər. Hər gün qapını döyürlər ki, çıxın gedin. Bir sözlə, bizə az məbləğ təklif edib, hədələməklə çıxarmağa çalışırlar. Onlarla ailəyə bu şəkildə davranırlar». Qeyd edilən ünvanda, mənzil 95-də yaşayan Söylü Məmmədqızı Güləliyeva uzun illər keçmiş avtomobill zavodunda çalışdığını və zavod tərəfindən ona orderin verildiyini deyir: «Neçə ildir mənzil siyahısındayam, lakin mənə veriləcək 45 min manat kompensasiyanı başqasına veriblər. 2003-cü ildə Xəyal Vəliyev adlı şəxsin adına saxta order düzəldib, kompensasiyanı ona veriblər. 45 min manatın yarısını ona verəcəklərini söyləyiblər. Bir sözlə, kompensasiyanı nəysə aldıqları adamların adına rəsmiləşdirib, həqiqi olmayan orderlər hazırlayaraq, gəliri bölüblər». «Bu gün yataqxanada elə evlər var ki, 36 kvadratmetrdə 2-3 ailə məskunlaşıb. Çox ağır şəraitdə yaşayırıq» Bu arada, «Artıq bəzi ailələrə pul verilib. Kompensasiyanı alan ailələrdən 10 gün ərzində mənzilini boşaltmaq tələb edilir» deyən Xətai rayonu, Cavanşir küçəsində yerləşən yataqxananın digər sakini Arif Məmmədovun bildirdiyinə görə, bəziləri ev tapa bilmədiyindən müraciət etməyə tələsmir: «Qonşuların bir neçəsi Hövsan kəndində sənədsiz həyət evi alıb. 45 min manata ya Hövsanda, ya da Binəqədidə sənədsiz ev tapmaq mümkündür. Buna görə də məbləğin artırılması üçün Nazirlər Kabinetinə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən dedilər ki, narazı sakinlərin mənzilləri hesablanacaq, otağın ümumi sahəsinə görə 1500 manat ödəniləcək. Belə olanda isə heç 25-30 min manat ala bilməyəcəkdik. Biz də susmağa məcbur olduq». Sözügedən ərazidə yaşayan yataqxanaların sakinləri qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyəti, eləcə də icra başçısı Razim Məmmədov üçün qəzalı vəziyyətdə olan yataqxananın sakinlərinin harada, necə qalacaqları əhəmiyyətli deyil. «Mənim evim 36 kvadratmetrdir, əlimdə bunu sübuta yetirən müvafiq sənədlər var. Lakin deyirlər ki, sizə 45 min manatdan artıq pul verilməyəcək. İndi mən hara çıxım? Ailəm böyükdür, bu pulla özümə hardan ev alım? Bizə evləri boşaltmağa 1 həftə vaxt veriblər» deyən yataqxana sakini də verilən kompensasiyaya ev almağın mümkün olmadığını bildirir: «Xətai Rayon İcra Hakimiyyəti biz yataqxana sakinlərinə 45 min manat verir. İcra başçısı 45 minə mənə getsin ev alsın, aparsın məni evlə təmin etsin, ondan sonra çıxım. Bu gün ölkədə hər şeyin qiyməti qalxdığı bir vaxtda bu pula hardan ev alaq? Kim evini bizə 45 minə satar? Razim Məmmədov özü bu pula ev ala bilər? Yox, əgər bizə normal pul vermək istəmirlərsə, onda ev versinlər». Qeyd edək ki, yataqxananın digər sakinləri də evlərinin əvəzində kompensasiya deyil, mənzil istəyirlər: «Bu gün yataqxanada elə evlər var ki, 36 kvadratmetrdə 2-3 ailə məskunlaşıb. Çox ağır şəraitdə yaşayırıq. Bizim xahişimiz odur ki, bizi köçürdürlərsə, ya evlə təmin etsinlər, ya da pul vermək istəyirlərsə, hər ailəyə tərkibinə görə elə bir pul verilsin ki, biz də gedib ev ala bilək, çöldə-bayırda qalmayaq. «Sovetski» məhəlləsi sökülən zaman sakinlərə 3 ay vaxt verilmişdi. Bir həftəyə bu devalvasiya dövründə yataqxana sakinləri necə köçə bilər? Heç kim işindən qala bilməz, indiki dövrdə heç kəs işini itirmək istəmir. Bu bir həftə ərzində millət işləsin, evinə çörək gətirsin, yoxsa Xətai Rayon İcra Hakimiyyətinin bizə layiq gördüyü 45 min manatla ev axtarsın? Xətai rayonu, Cavanşir küçəsində yerləşən hər iki yataqxananın sakinləri artıq neçə vaxtdır ki, maklerlərdə qalıb. Ev alqı-satqısı ilə məşğul olan heç bir makler 45 minə ev təklif etmir. Hamısı deyir ki, qiymətlər qalxıb, ev bahalaşıb. Yaxşı, bəs indi biz nə edək? Evimizdən çıxıb çöldə gecələyək? İcra başçısının insafı buna razı olarsa, açıq şəkildə desin, biz də işimizi bilək». Qanunvericiliyə görə, şəxsin mülkiyyəti yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər Məsələnin hüquqi tərəfinə gəlincə, nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilib ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsində isə deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası 2004-cü il 1 iyun tarixli 677-11 QD nömrəli Qanunun redaksiyasında verilmiş Mülki Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları və ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən (Azərbaycan Respublikası prezidentinin 2004-cü il 14 iyun tarixli 78 nömrəli Fərmanı ilə müəyyən edilib ki, bu dövlət orqanı Nazirlər Kabinetidir) və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməz və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilib. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanunu ilə Torpaq Məcəlləsində də bir sıra dəyişikliklər edilib və torpaq mülkiyyətçilərinin, icarəçilərinin hüquqlarının müdafiəsi sahəsində əlavə təminatlar verilib. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 5-ci bəndinin yeni redaksiyasına görə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin on birinci abzasında isə təsbit edilib ki, dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi məhz qanunla müəyyən edildikdə torpaq üzərinə mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər. «Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» ölkə başçısının 2004-cü il 17 iyun 78 nömrəli Fərmanı ilə Nazirlər Kabinetinə tapşırıq verilib ki, qüvvədə olan qanunvericilik aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Torpaq Məcəlləsinin başqa maddələri və digər qanunvericilik 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanuna uyğunlaşdırılanadək «Normativ hüquqi aktlar haqqında» Qanunun 7-ci maddəsinə uyğun olaraq 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanunun müddəaları tətbiq edilməlidir. Lakin şikayətçilərin sözlərindən belə aydın olur ki, Xətai Rayon İcra Hakimiyyəti rayonun Cavanşir küçəsi 10 ünvanında yerləşən, əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının sakinlərinin mülkiyyət hüququnu açıq-aşkar şəkildə pozmağa cəhd göstərir. Bu isə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarının, eyni zamanda vətəndaşların konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı hüququnun kobud surətdə pozulması anlamına gəlir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Conflict.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.