"Fond pulu, süpürgə pulu, təmir pulu, müəllimin ad günü..." — Təhsilimizi məhv edən korrupsiyanın izi ilə (FOTOLU FAKTLAR)

18-05-2016, 03:31           

Azərbaycanda orta məktəblərdə uşaqlardan pulun yığılması adi bir haldır. Bunu hətta Təhsil Nazirliyinin işçisi də deyib, bu haqda aşağıda oxuyacaqsınız.

Fond pulu, süpürgə pulu, təmir pulu, müəllimin ad günü, müəllimlər günü üçün pul və sair və ilaxır.

Ölkə.Az Bakı şəhər Nərimanov rayon 177 saylı məktəbin rus bölməsində şagirdlərdən pul yığılmalarının necə baş verdiyini sizə təqdim edir.

Sentyabrın 15-də uşaqlarını sevinə-sevinə birinci sinifə aparan valideynlərin sevinci cəmi 3 gün çəkir. Sentyabrın 18-də uşaqlar evlərinə siyahı gətirir ki, məktəbə bunlar alınmalıdır:

1. 5 paçka vərəq
2. Stəkan
3. Su dispenseri
4. Kağız üçün qovluq
5. Enerji paylayıcı, 4 ədəd, biri 15 manat
6. Printer üçün katric
7. Sürətçıxarma (Kserekopya) aparatı
8. Sulu və quru salfetkalar
9. Dəftərlər. 70 ana dili, 70 riyaziyyat dəftəri
10. Qələm 70, karandaş 70 ədəd
11. Marker
12. Konvert



Bunların içərisində ən diqqət çəkəni konvertlərdir. Konvert 1-ci sinif şagirdinin nəyinə lazımdır? Sonradan məlum olur ki, konvertlər uşaqların pul daşıması üçün istifadə ediləcək. Azərbaycanda rüşvətin olduğunu hər kəs bilir, hətta başqa millətlər rüşvətin qanımıza işlədiyini də deyirlər. Birinci sinif şagirdinə düzgünlüyü öyrətmək əvəzinə konvertdə pul daşımağı öyrədirlər. Birinci sinifdən buna alışan uşaq böyüyəndə təbii ki, peşakar rüşvətxor olacaq. Məktəbdə elm, təhsil yerinə rüşvət verməyin və almağın yollarını öyrədirlər.

Övladı 177 saylı məktəbin rus dilli bölməsində oxuyan Vaqif Sədrəddinovla söhbət zamanı valideyn bizə bildirdi ki, siyahıdakılar barədə araşdırma apardıq, məlum oldu ki, su dispenserini, sürətçıxarma (Kserekopya) aparatını Təhsil Nazirliyi məktəblərə verib. Müəllimlər bunların alınması ilə bağlı yığılan pulu ya ciblərinə qoyurlar, ya da alınan aparatları evlərinə aparırlar. Ona görə ki, nazirlik məktəbləri bu aparatlarla da təmin edib.

Vaqif Sədrəddinov bizə pulun necə yığılması barədə vatsap yazışmalarını təqdim edir. Vatsapdakı valideynlərin olduğu qrupun adı belədir "Bizim Sinif". İçərisində yazışmalar isə başdan başa 20 manat fond pulu, 10 manat müəllimənin ad günü, 20 manat müəllimlər günü üçün pul gətirinlərlə doludur. Həmin yazışmalardan bir neçəsini sizə təqdim edirik:

Nərmin Şirəliyeva "Bizim sinif" adlı vatsap qrupda yazır ki, Nataliya Viktorovna bildirib ki, uşaqlar konvertə 20 manat qoyub, fond pulu üçün mütləq gətirsinlər. Konvertin üstündə ad soyad yazılsın ki, kimin pul vermədiyi bilinsin.
Müəllimlər günü üçün 20 manatdan pul yığılmasına narazılıq edən valideynlərə Nərmin Şirəliyeva deyir ki, digər məktəblərdə daha çox pul alırlar. Nərmin bildirir ki, su dispenserini Sədərəkdən alacam, surətçıxarma (kseroks) aparatını isə dostlarımdan alaram.



Müəllimlər günü üçün 20 manat yığılır. Nərmin Şirəliyeva vatsap qrupda "Bizim sinif" yazır ki, 3-cü gün uşağın soyadı yazılı olan konvertdə 50 manat gətirsin. 20 manat sinif üçün avadanlıqlara, 20 manat müəllim gününə, 10 manat isə Nataliya Viktirovnanın ad gününə. Pulu 3-cü gün uşaqlardan götürəcəm.



Qeyd edək ki, sinifdə 38 şagird olub, yığılan pulun hansı məbləğdə etməsini hesablamaq elə də çətin deyil.

Nərmin Şirəliyeva valideyn komitəsinin sədridir. Natalya Kruçinina isə sinif müəllimi. Vaqif Sədrəddinov bildirdi ki, valideyn komitəsi seçiləndə Natalya Kruçinina bildirdi ki, Nərmin Şirəliyeva valideyn komitəsinin sədri olsun. Əslində isə valideyn komitəsinin sədri 3 nəfər namizəd arasından seçilməlidir. Sonradan məlum olur ki, Nərmin Şirəliyeva ilə Natalya Kruçinina rəfiqə olublar.

Məktəbdə baş verən qanunsuz pul yığımı barədə 177 nömrəli tam orta məktəbin direktoru Həqiqət Qarayevaya dəfələrlə şikayət olunub, ancaq nəticəsi olmayıb. Təhsil Nazirliyinə baş verən qanunsuz pul yığılma ilə bağlı müraciət edən Vaqif Sədrəddinova nazirliyin işçisi Səadət Veysova belə cavab verib: "Bu adi haldır, burada şişirdəcək nə var ki?"

Bundan sonra Vaqif Sədrəddinov Təhsil Nazirliyinə dəfələrlə məktub ünvanlayıb. 4 məktubdan sonra Təhsil Nazirliyindən belə bir cavab gəlib:

Sizin Təhsil Nazirliyinin elektron ünvanına daxil olmuş 19 aprel 2016-cı il tarixli müraciətinizə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır.

"Bildiririk ki, araşdırma zamanı Bakı şəhəri 177 nömrəli tam orta məktəbin direktoru Həqiqət Qarayeva izahat verərək 1C sinfinin rəhbəri Natalya Kruçinina rəhbərlik etdiyi sinif şagirdlərinin valideynlərinin təşəbbüsü ilə cari tədris ilinin oktyabr ayında sinif otağı üçün dispenser və printer almaq məqsədi ilə könüllü olaraq pul yığımı aparıldığı barədə məlumat verdikdə pul yığımının məktəb rəhbərliyi tərəfindən dərhal dayandırıldığını, yığılan pulların geri qaytarıldığını və sinif otağının Təhsil Nazirliyi tərəfindən məktəbə verilmiş dispenser və printerlə təmin edildiyini bildirmişdir.

Eyni zamanda məktəbin 1C sinfinin rəhbəri Natalya Kruçinina 177 nömrəli tam orta məktəbin direktorunun qeyd etdiklərini öz izahatı ilə təsdiq etmişdir.

Həmçinin 1C sinfinin valideyni Nərminə Şirəliyeva da direktor və sinif rəhbərinin izahatında göstərilənləri öz izahatı ilə təsdiq edərək pul yığımının məktəb rəhbərliyi tərəfindən dayandırıldığını və hər hansı məqsədlə pul yığımına qadağa qoyulduğunu qeyd etmişdir".



Məktubdan da göründüyü kimi Təhsil Nazirliyi məktəbdə pul yığımını təsdiq edir və yığılan pulları geri qaytartdırır. Əgər ortada özlərinin də təsdiq etdiyi pul yığımı, rüşvət varsa, bəs niyə cəza verilmir? Pul yığan müəllimi kim cəzalandıracaq? Əgər pul yığımı bir dəfə baş veribsə yenə olacaq. Cəzasının olmamasından belə başa düşülür ki, Təhsil Nazirliyi rəsmən müəllimlərin şagirdlərdən pul yığmasına icazə verir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.