Arzu Rəhimovun yerinə göz dikən kim imiş? - İDDİA

18-05-2016, 10:29           
Arzu Rəhimovun yerinə göz dikən kim imiş? - İDDİA
Bir müddət öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nəzdində fəaliyyət göstərən «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-yə təmir-tikinti işləri ilə əlaqədar 700 min manat vəsait ayrılıb. Bu barədə Gundelik-Baku.com-u məlumatlandıran mənbənin sözlərinə görə, həmin vəsaitin heç də hamısı nəzərdə tutulan işlərə sərf olunmayıb. Belə ki, qeyd olunan məbləğin böyük bir hissəsinin təyinatdankənar istiqamətlərə yönəldildiyini iddia edən məlumatlı şəxs bildirir ki, SHXÇDX-də mənimsənilən 700 min manatda xidmətin rəisi Arzu Rəhimovla yanaşı, adıçəkilən qurumun Daxili Təhqiqatlar İdarəsinin rəisi polkovnik Yunis Əsgərovun da payı olub: «Deyilənlərə görə, məhz elə bu səbəbdən də hazırda Səfərbərlik Xidmətində ciddi problemlər baş qaldırıb. Bildirilir ki, dövlət büdcəsindən tibbi ləvazimatların alınması, həmçinin bəzi təmir-tikinti işlərinin aparılması üçün ayrılan vəsait Arzu Rəhimovla Yunis Əsgərov tərəfindən mənimsənilib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Yunis Əsgərov Arzu Rəhimova arxalanaraq qeyd olunan məbləğin böyük bir hissəsini tamam başqa istiqamətlərə yönəldib və bu zaman xidmət rəisinin də maraqları yetərincə nəzərə alınıb». SHXÇDX-nin Daxili Təhqiqatlar İdarəsinin rəisinin Arzu Rəhimovun himayəsinə arxalandığını və elə bu səbəbdən də heç kimdən, heç nədən çəkinmədən öz bildiyini etdiyini vurğulayan mənbənin sözlərinə görə, Yunis Əsgərov əlində olan səlahiyyətlərdən istifadə edərək xidmətin rayon şöbələrinin rəislərini açıq-aşkar şantaj edərək onlardan külli miqdarda pul alır: «Deyilənlərə görə, qurumun ayrı-ayrı rayon şöbələrindən baş idarəyə daxil olan şikayətləri araşdıraraq «ciddi bir sübuta» çevirən xidmətin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsindən istiadə edərək şöbə rəislərindən hər ay «haqq» tələb edir. Yox, əgər hansısa rayonun rəisi onun «tələb»lərilə razılaşmasa, o zaman həmin şəxsin barəsində «müvafiq ölçü» götürülür və işi xeyli cəncələ düşür. Məhz elə buna görə də xidmətin rayon şöbələrinin rəisləri əlavə problemlərlə üzləşməmək naminə Yunis Əsgərovun «şərt»lərilə razılaşmaq məcburiyyətində qalırlar». Beləliklə, Səfərbərlik Xidmətinin rayon şöbə rəislərinin hər ayın axırında qurumun Daxili Təhqiqatlar İdarəsinin rəisinə «xərac» verdiyini qeyd edən məlumatlı şəxs iddia edir ki, polkovnik Yunis Əsgərov onunla yola getməyən, göstərişlərinə məhəl qoymayan kadrları müxtəlif bəhanələrlə vəzifədən uzaqlaşdırır: «Nəzərinizə çatdırım ki, Yunis Əsgərov əvvəllər Dövlət Miqrasiya Xidmətində çalışıb. Lakin o, xidmətin rəisi Firudin Nəbiyevlə yola getmədiyi üçün Arzu Rəhimov bir müddət sonra Yunis Əsgərovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gətirib, Daxili Təhqiqatlar İdarəsinin rəisi kimi mühüm bir postu ona həvalə edib. Elə həmin gündən Səfərbərlik Xidmətinin yerli şöbələrində yaşanan neqativ halların sırasına yeniləri də əlavə olundu. Deyilənlərə görə, özünə nəhəng biznes şəbəkəsi qurmağa müvəffəq olan, paytaxtın müxtəlif yerlərində bir neçə kafe və restorana sahib olan Yunis Əsgərov artıq Arzu Rəhimovun postuna göz dikib. Bildirilir ki, Daxili Təhqiqatlar İdarəsinin rəisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat almaqdan ötrü əlində olan bütün imkanları səfərbər edib. Görünən odur ki, əgər belə davam edərsə, onda Yunis Əsgərov tezliklə Arzu Rəhimovu əvəzləyə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.