Məhbus ailələri üçün özəl gün - amnistiya aktı bu gün qəbul olunacaq

20-05-2016, 11:30           

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mayın 17-də irəli sürdüyü amnistiya aktı bu gün parlamentin müzakirəsinə çıxarılacaq. Belə bir xoşməramlı aktın qəbul olunacağı şübhəsizdir. Çünki amnistiya kimi müsbət təşəbbüsün irəli sürülməsi və qəbulu hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır.

İstər ölkə daxilində, istərsə də xaricdə bu addım müsbət qarşılanır. Eyni zamanda ölkəmizdəki rəqib düşərgələr arasında da barış mühiti yaradır. Ermənistanla münasibətlərin gərginləşdiyi vaxtda amnistiyanın qəbulu Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətdə mövqelərini gücləndirmək baxımından vacibdir.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, amnistiya təşəbbüsünün irəli sürülməsi 28 May Respublika Gününə olan münasibətin göstəricisidir: “Heç şübhəsiz ki, bu, Azərbaycanın demokratik respublika quruculuğuna, ilk müstəqil dövlətimizin yaranmasına münasibəti əks etdirdiyindən bizim üçün tarixi əhəmiyyət daşıyır. Törətdikləri cinayətlərə görə məhbus həyatı yaşamağa məcbur olan insanlar barəsində belə tarixi gündə mühüm qərarın verilməsi, onlara bu günü aşılamaq, həyatlarına şans qazandırmağın özü də böyük məna daşıyır. Bu, Azərbaycanın 1-ci xanımının təşəbbüsü ilə baş verdiyindən Azərbaycan qadınının cəmiyyətdə barışdırıcı, birləşdirici mövqeyini gücləndirir. Etiraf etmək lazımdır ki, Mehriban xanım cənab prezidentin yürütdüyü siyasətə onun təkcə xanımı kimi deyil, eyni zamanda bir dövlət adamı, ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etməyi bacaran çevik bir şəxs kimi yerini möhkəmləndirib. Əslində birinci xanımlıq budur. Məhbəsdə həyatlarının bir saniyəsi günlərə, aylara bərabər olanlar üçün bir qapı açılır. Onlara fürsət verilir ki, azadlığa dönsünlər. Bu, həm də dövlətə münasibəti cəmiyyətdə möhkəmləndirir. Amnistiya ilə azad olunanlara əslində deyilir ki, dövlətə münasibətinizi düzgün qurun. Əslində amnistiya dövlət və vətəndaş münasibətlərinin qurulması baxımından da əhəmiyyət daşıyır.

Bununla bağışlama institutu özünü bir daha göstərir. Belə addımları şübhəsiz ki, daim dövlətdən gözləyirik. Biz daim deyirik ki, bəzən məhkəmələr ən sərt qərarlar seçirlər. Düşünürəm ki, hüquq sisteminin təkminləşdirilməsi yolunda mühüm addımlar atmalıyıq. Bəzən inzibati xarakter daşıyan cəzanı illərlə həbs cəzası ilə yekunlaşdırırıq. Bu isə məhbusların sayının artmasına səbəb olur. Amnistiya ilə dövlət, ictimai və məhkəmə institutları bir mövqeyə gəlmiş olurlar ki, Azərbaycanda birgə yaşayışın formasını yalnız bu cür tapa bilərik. Qəddarlığa qəddarlıq, düşmənçiliyə düşmənçilik yol deyil. Birliyimiz hamımızın bir-birimizə olan münasibətindən keçir. İndi növbə siyasi qüvvələrindir. Onlar da bir-birilərinə doğru addımlar atmalıdırlar. Başa düşməliyik ki, həmişə cəza olacaq. Əks halda, cəmiyyətdəki tarazlığı qorumaq olmaz. İndiyə qədər ayrı-ayrı şəxslərin azadlığa buraxılmasını Mehriban xanıma və cənab prezidentə əfv üçün göndərirdik. Amma qələmə sarılıb həmrəylik göstərməkdən öncə o cinayətlərin baş verməməsi mümkündür. Bunun qarşısını almaq üçün müvafiq qurumlar üzərinə düşən işləri yerinə yetirməlidirlər. Bu halda cinayətlərin sayı azalmış olacaq. Buna görə də Milli Məclisdə amnistiya qərarını müdafiə edənlərdən biri olacam. Bir daha Mehriban xanıma milli birlik yaradan təşəbbüsünə görə təşəkkür edirəm. Təkcə bu qərarın əhatə dairəsinə düşən insanlar yox, hər kəs sevinəcək. Çünki konkret maddələri əhatə edir”.

Xatırladaq ki, 10 min məhbusu əhatə edəcək amnistiya qəbul olunarsa, 3500 məhkum azad olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.