“Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyi “Qadınların əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.

21-05-2015, 21:27           
“Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyi “Qadınların  əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.
“Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə əsas mahiyyəti cəmiyyəti qadınların əmək hüquqları barədə maarifləndirmək, bu hüquqların müdafiəsini gücləndirmək olan “Qadınların əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.
İctimai Birliyin sədri Xanım Əhmədzadə bildirib ki, layihə qadınların əmək hüquqlarının qorunması sahəsində mövcud olan milli və beynəlxalq qanunvericiliyin təbliğindən, əmək qanunlarının ictimaiyyətə çatdırılmasından, qanunun aliliyinin müdafiəsindən bəhs edir.
Müstəqil Azərbaycanda qadın hüquq və azadlıqlarının müdafiəsinin cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Qadınların digər hüquqları ilə yanaşı əmək hüquqlarının da qorunması milli qanunvericiliklə, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda geniş təsbit olunub.
Azərbaycan Respublikasının əmək qanunvericiliyində qadınların cəmiyyətin həyatında tutduqları yer, daşıdıqları missiya və qadın orqanizminin fizioloji xüsusiyyətləri nəzərə alınaraq işləyən qadınlar üçün normal şərait yaratmaq məqsədi ilə əlavə təminatlar sistemi nəzərdə tutmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci Maddəsində qeyd olunduğu kimi hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycanda qadınların əmək hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna baxmayaraq, bu sahədə hüququn pozulması faktları da mövcuddur. Bu qanunlar haqqında ictimaiyyətin təsəvvürünün, informasiyasının az olması səbəbi qadınların əmək hüquqları barədə hüquqi maarifləndirmə işinə ehtiyac olduğuna ciddi zəmin yaradır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.