Paytaxtdakı yararsız avtomobillərin sahiblərini məhkəmə gözləyir

4-04-2015, 16:48           

Respublikamızın müxtəlif yerlərində, o cümlədən Bakıda qəza və müxtəlif səbəblərdən yarasız vəziyyətə düşən xeyli sayda avtomobil mövcuddur. İndi avtodayanacaqlarda onları saxlamaq həm yer, həm də maddiyyət baxımından problem yaradır, yol kənarlarında və paytaxtda ürəkaçmayan mənzərə yaradır.

ANS PRESS həmin nəqliyyat vasitələrinin taleyi ilə bağlı araşdırma aparıb.

Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) bununla bağlı xüsusi qrup yaradılıb. Qrup respublikada belə vəziyyətdə olan avtomobillərin istifadəyə yararlı-yararsız olmasını, eləcə də sahibi olmayan nəqliyyat vasitələrinin sayını müəyyənləşdiriəcək və beləliklə, onların gələcək taleyinə aydınlıq gətiriləcək.

BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib ki, bu gün ölkə ərazisində belə avtomobillər az deyil. Biz dəfələrlə onların sahiblərinə müraciət etmişik ki, gəlib nəqliyyat vasitələrini saxlama məntəqələrindən götürsünlər. Dayanacaqlara müxtəlif formada gətirilən nəqliyyat vasitələri var. Məsələn, maşının sahibi dünyasını dəyişib, avtomobilin dayanacaqda saxlanılması ilə bağlı heç bir sənəd təqdim olunmayıb, heç bir müqavilə, akt yoxdur. Sadəcə ora atılıb. Həmçinin 10-15 ildir yağışın, qarın altında qalıb çürüyən, mexaniki hissəsi ələ gəlməyən maşınlar mövcuddur.

Onların sahiblərinə müraciət etmişik ki, bunları saxlamağın heç bir mənası yoxdur, gəlib həmin avtomobilləri qeydiyyatdan çıxarsınlar. Bununla da çıxdaş olunsun və tam yarasızlar «metallom»a təhvil verilsin. Əks təqdirdə, indiyə qədər dayanacaqlarda mühafizə olunan maşınların sahibləri ilə bağlı məhkəmənin qərar çıxarması barədə vəsatət qaldırılacaq.

O, maşınların hansı hallarda saxlama məntəqələrinə gətirildiyinə də aydınlıq gətirib: «Sürücü maşınla hadisə törədirsə həmin nəqliyyat vasitəsi cərimə meydançalarına gətirilir. İstintaqın gedişi zamanı hər-hansı prosessual hərəkətlərin aparılmasında avtomobil istifadə olunmursa istintaqa görə orada saxlanılmır və sahibinə qaytarılır. Yalnız zərurət olduğu halda istintaqı aparan şəxs tərəfindən avtomobilin texniki ekspertizaya, yaxud maddi sübut kimi nəsə saxlanılması barədə qərar olarsa, o halda saxlanılır. Amma digər hallarda nəqliyyat vasitələri dayanacaqlara heç kəsdən zorla alınıb gətirilmir, sahibi, yaxud yol polisi əməkdaşları tərəfindən qəza zamanı yolun hərəkət hissəsində qalmaması üçün evakuatorla gətirilir.

Onun sözlərinə görə, istintaq başa çatandan sonra avtomobil sahibinə məktub göndərilir ki, gəlib nəqliyyat vasitəsini aparsın. Çünki onun orada qaldığı günə görə dayanacaq pulu ödəməlidir. Elə maşın var sənədsiz idarə olunub, hansısa səbəbdən idarə olunarkən saxlanılıb, sürücü idarəetmədən kənarlaşdırılıb, lakin maşın dayanacağa aparılıb, amma sahibi gəlməyib. İndi dayancaq pulu maşının qiymətindən çoxdur. Bütün bunlar mülki məsələ olduğuna görə, belə avtomobillərin aqibəti ilə bağlı, yaxud dayanacaq pulunu ödəməyən avtomobil sahiblərinə qarşı hansı tədbir görüləcəyi barədə məhkəmə qərar çıxarmalıdır. Ola bilər ki, yığılan pul avtomobil sahibinin digər əmlakına yönəldiləcək. Yəni indidən onlar gəlib maşınlarını götürməsi məsləhətdir.

K.Əliyev həmin avtomobillərin qeydiyyatdan çıxarılması qaydalarından da danışıb: «Bu, çətin proses deyil. Sadəcə, avtomobil sahibi maşının dövlət qeydiyyat nişanlarını çıxarıb BDYP-yə gətirir və ona məxsus avtomobili qeydiyyatdan çıxarmaq barədə ərizə yazır. Bununla da məsələ həll olunur. Bundan sonra onu metal kimi dəmir yığma məntəqələrə təhvil verə bilərlər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu məsələ barədə deyib ki, ölkəmizdə belə avtomobillərin taleyini inzibati yolla həll etməyə imkan verən qanunvericilik yoxdur. Ona görə də hər şey həmin avtomobilin mülkiyyətçisinin iradəsindən asılıdır. Avtomobilin mülkiyyətçisi istismara yararsız avtomobili Dövlət Yol Polisində (DYP) qeydiyyatdan çıxararaq təkrar metal emalına və ya yararlı hissələrindən istifadə üçün avtomobil təmiri sahələrinə verə bilər. O, bunu yalnız öz arzusu ilə edə bilər. Amma yararsız avtomobil DYP-nin mühafizə olunan duracağındadırsa, həmin duracaqda saxlanma xərci hər gün üçün 30 qəpik olmaqla ödənilməlidir.

Digər tərəfdən, həmin mühafizə olunan duracaqlarda xidmət edən DYP əməkdaşları və digər məsul şəxsləri yararsız avtomobilin mülkiyyətçisinə tövsiyə edə bilər ki, öz avtomobilinin taleyini həll etsin.

Ekspert Azər Allahverənov vurğulayıb ki, həqiqətən bu gün Bakı şəhərinin müxtəlif yerlərində olan avtodayanacaqlarda, DYP-in cərimə meydançalarında, ayrı-ayrı binaların həyətlərində çox sayda istismara yararsız avtomobillərə rast gəlmək olur. Bununla yanaşı, respublika yollarında fəaliyyət göstərən DYP stasionar postlarının yanında vaxtilə qəzaya düşmüş və ciddi şəkildə deformasiyaya uğramış nəqliyyat vasitələrini görürük. Şübhəsiz ki, bu avtomobillərin uzun müddət ərzində dayanacaqlarda saxlanılması yer tutumu baxımından məsləhət deyil və bu kimi mənzərə şəhərin, bölgələrin estetik görünüşünə həqiqətən mənfi təsir göstərir.

Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasına səbəb qanunvericilikdə məhz bu kimi halların yaranmasını şərtləndirən boşluqların olmasıdır. Belə ki, həmin avtomobillər istismara yararsız olsa da, onların DYP-nin reyestrində qeydiyyatdadır və müvafiq dövlət qeydiyyat nişanı ilə təmin edilib. Mövcud qaydalara görə, həmin nəqliyyat vasitələrinin istismardan çıxarılması üçün onun sahibi müvafiq qaydada ərizə blankını doldurmalı, həmin formanı dövlət qeydiyyat nişanı və texniki pasportla birlikdə DYP-ə təqdim etməlidir.

Bundan sonra nəqliyyat vasitəsi reyestrdən, yəni dövlət qeydiyyatından çıxarılmış hesab olunur və maşın dəmir yığnağı olaraq təkrar emala gedə bilər. Qaydalara görə, həmin avtomobillin sahibi buna dair ərizə ilə müraciət etməsə, nəqliyyat vasitəsi saxlandığı yerdə qalmalıdır. Həmin ərizə olmadan DYP bu və ya digər atılmış avtomobilli qeydiyyatda çıxara bilməz. Belə olan halda isə, söhbət açdığımız mənzərənin şahidi oluruq.

A.Allahverənov diqqətə çatdırıb ki, atılmış avtomobillərin sahibləri nəqliyyat vasitələrinə sahib çıxmasalar belə, qanunvericilikdə onların buna dair məsuliyyətini müəyyən edən və onları avtomobillərinin götürülməsinə məcbur edən hər hansı müddəa yoxdur. Nəticədə müxtəlif dayanacaqlarda illərlə saxlanılan yararsız avtomobillərə rast gəlinir. Beynəlxalq praktikadan yararlanaraq bu problemi həll etmək mümkündür. Bunun üçün isə ilk əvvəl həmin avtomobillərin sahiblərinin məsuliyyətini artıracaq müddəaların qanunvericilik nəzərdə tutulması lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.