Həcc dəhşətləri 3 hacının dilindən - "O anda anam belə ayaqlar altında olsaydı"...

5-10-2015, 20:41           
Həcc dəhşətləri 3 hacının dilindən - "O anda anam belə ayaqlar altında olsaydı"...
Minadakı faciədən xilas olan Misirli hacılardan biri yaşadıqlarını danışıb. FaktXəbər-in məlumatına görə, o, "sanki qiyamət qopurdu" deyərək sözlərinə başlayıb: "Hacılar bir saat ərzində intensiv izdihamla qarşılaşmalı oldular. Bəzilərinin ehramları yerə düşmüşdü. Qalaqlanmış cəsədlər üzərində gəzdiyimizi hiss edirdik. Bir nəfərin ayağımı dişlədiyini hiss etdim. Baxdım ki, ayağımın altında bir qadın var və can vermək üzrə idi, son nəfəslərini alırdı. Onu görüb, xilas etməyim üçün ayağımı dişləmişdi, amma bacarmadım. O anda anam belə ayaqlar altında olsaydı, xilas edə bilməzdim, bacarmazdım."

Başqa bir Misirli hacı Məhəmməd Cəzzar isə yaşadıqlarını belə izah edib: "Bəzi adamları gördüm. Həyat yoldaşları və uşaqları ölmüşdü, istəsəydilər xilas olardılar, amma ölümü seçdilər. Bəziləri pilləkənlərdən çıxıb çadırlarına getmək istəyirdilər. Lakin intensiv izdihama görə gedə bilmirdilər."

Digər bir Misirli hacı olan Hacı Mahfuz Tavil isə o səhnələri belə danışır: "Camaatın sıxlığını və izdihamı hiss edəndə özümü rəsmilərin yerləşdiyi qərargaha çatdırdım və onlardan kömək istədim. Hacıların ölümdən xilas olması üçün qapı açması lazım olduğunu dedim, amma onlar hər zamankı sözlərini təkrar etdilər: Buraya giriş yasaqdır!

Mən son çarə olaraq yanğınsöndürmə maşınlarından birinin altına girdim və o maşınla birlikdə izdihamdan özümü çıxardım. Oradakı əsgərlərə yalvararaq, qapı açmalarını istədim, amma heç biri məni dinləmədi. Elə bu anda izdiham nəticəsində qapılardan biri öz-özünə açıldı və insanlar bir sel kimi oradan aşağıya töküldülər. Hadisə saat 9 radələrində baş verdiyi halda, təcili yardım maşınları saat 10.30-dan sonra gəldi."

Hacı Mahfuz sözlərinə belə davam edib: "Əgər vertolyotlar hadisəyə vaxtında müdaxilə etsəydilər və orada məsul əsgərlər vəzifələrini yerinə yetirsəydilər, bu qədər can itkisi olmayacaqdı."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.