Bakıda qəbir yerinin və başdaşının qiyməti qalxıb - REPORTAJ

25-02-2019, 09:31           
Bakıda qəbir yerinin və başdaşının qiyməti qalxıb - REPORTAJ
Azərbaycanlılar dəbdəbəni sevdiklərinə görə ölənlərinin qəbir daşını da bər-bəzəkli, əzəmətli, mərmərdən düzəltdirirlər, bir ətək pul tökürlər.

Kimisi də rəhmətə gedənin büstünü, heykəlini qoydurur, kimisi ağ, kimisi qara daşa üstünlük verir, azı 2000-3000 manat xərc çəkirlər. Nisbətən ucuz məzar daşı sifariş verənlərin isə 1000-1200 manatı çıxır.

Dünyanın heç bir ölkəsində qəbir daşına bu qədər pul xərclənmir. İstər müsəlman ölkələrində, istərsə xristian dövlətlərində sadə məzar daşları olur. Azərbaycanda isə yas məclislərində ehsan israfçılığından tutmuş dəbdəbəli qəbir daşına qədər təşkil olunur.

***

...Yasamal qəbiristanlığının yaxınlığındakı qəbir daşı sexində gecə-gündüz işləyirlər. Onların sifarişsiz ayı yoxdur. Bəzi abidə daşları çöldə qoyulub ki, sifariş vermək istəyən müştərilərin diqqətini çəksin.

Adi qara məzar daşını göstərən sex işçisi deyir ki, qiyməti 2200 manatdır. Qara mərmərdən olan qəbir abidəsinin qiyməti 5000 manatdır.

Onun sözlərinə görə, heykəl sifariş edənlər 10 000 - 12 000 manatından keçməlidir. Adi ağ daşlar isə 500-700 manat da var. Di gəl, onlar tez qaralır, çat verə bilir, yağış və qar suyuna davamsızdırlar.

Məzar daşı düzəldən ustanın dediyinə görə, qiymətlərin bahalığına səbəb həm materialın keyfiyyəti, həm də xaricdən idxal olunmasıdır. Ona görə daşınma, gömrük rüsumları və s. xərclər üst-üstə gələndə Bakıda qəbir daşı baha başa gəlir. Həmsöhbətimiz danışır ki, vaxtilə Azərbaycanda qırmızı mərmərdən qəbir daşları sifariş olunurdu. Bu abidələrin qiyməti nə az, nə çox 500 min manat imiş.

***

Müsahibimiz yarım milyonluq qəbir abidəsini sifariş edənlərin bakılı yəhudilər olduğunu xatırlayır: “İndi onlar burda yaşamırlar, çoxu köçüb, qalanlar da bu pulu xərcləmirlər. Parzis deyilən qırmızı mərmər daş var, ən qiymətlisidir, ondan başdaşı düzəltdirirdilər. İndi kimdir o qədər pulu verən? Həm də nə ehtiyac var axı?!

Bizim camaat hər şeyin dəbdəbəsinə, bəzəklisinə qaçır. Ölənə o qəbir daşının nə savabı var, nə xeyri. Əslində, qəbir daşı balaca olmalıdır, sonra torpağa qarışıb itməlidir. Ancaq get gir içəri, (Yasamal məzarlığını nəzərdə tutur - E.S) necə qəbirlər görəcəksən. Biri şəkillərini düzdürüb, biri şeirlər yazdırıb, biri heç ölməyib, özünə indidən heykəl qoydurub. Artıq xərclərdir. Bunu insanların beyninə yeritmək olmur".

Həqiqətən də müşahidə apardığımız və bəzilərini lentə aldığımız yüzlərlə bahalı başdaşları gördük.

Mərhum heç bilmir ki, qoyub gəldiyi bu dünyada oğlu, qızı, valideyni ya yaxın adamı onun üçün qara mərmərdən üçmərtəbəli başdaşı düzəldib, hər iki tərəfdən şəklini döydürüb, üstünə şeir, ürək sözlərini yazdırıb.

Amma kimi yaxınına son borcunu vermək, kimi də “qonşudan qalma geri” prinsipi ilə hələ də bu yükün altında əzilir.

***

Yada salaq ki, yas mərasimlərində israfçılığa yol verilməsi ilə bağlı tənqidlərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təkliflər hazırlamışdı.

Layihə Milli Məclisdə müzakirə edildi, məzar üçün götürüləcək ərazidən tutmuş, başdaşıların ölçüsünə qədər standartlar müəyyənləşdirilmişdi. Amma qanun qəbul olunmadı. Əvəzində ölkəyə gətirilən mərmərin, qranitin qiyməti artırılıb, rayonlarda başdaşı üçün ucuz daş tapmaq müşkülə çevrilib.

Əvəzində Bakıda başdaşı sexlərinin sayı az qala şadlıq evlərinin sayına çatıb. İstənilən rəngdə, ölçüdə və dizaynda başdaşı sifariş vermək mümkündür. Onlardan biri də Alatavada yerləşir. Öyrənirik ki, Çindən gətirilmiş ağ mərmərdən başdaşı 1000 manata başa gəlir. Amma sex sahibi əvvəlcədən şərt kəsir. Bir neçə aydan sonra daş saralar və ya çatlayarsa, məsuliyyət daşımırlar. Ağ mərmər qarası ilə əvəz olunarsa, qiymət 2500-3000 manata yüksəlir. İtaliyadan, Afrikadan, Hindistandan gətirilmiş mərmərin qiyməti keyfiyyət və ölçüsünə görə 4 min manatdan başlayır.

***

Sex işçilərinin sözlərinə görə, dolların bahalaşmasından sonra qiymətlər artıb. İndi Ukraynadan daş gətirmək sərf etmir. Çünki dollardan savayı, Ukraynada mərmərin qiyməti artıb. Buna görə də, bu ölkədən gətirilən daşlar 35-50 faiz bahalaşıb. Eləcə də, Afrikadan, Hindistandan, Uraldan gətirilən daşlar bahalaşıb. Məsələn, qara mərmərdən güldan üçün 100-300 manat ödəmək lazımdır. Mərhum oxuyan olubsa, kitab formasında balaca heykəl alıb qoymaq olar. Bunun üçün 500-1000 manat bəs edər. Məzarın üzərində zərli qələmlə ad, soyad yazdırmağın qiymətləri də fərqlidir. Müşahidələrimizə görə deyə bilərik ki, indi başdaşı sifariş vermək də şadlıq evində menyu tərtib eləmək kimi bir işdir.

Müştərinin qabağına kataloq qoyulur, qiymətlər, dizaynlar, müxtəlif çeşidlər təklif edilir. Ölü yiyəsi başdaşının qiymətləri ilə tanış olanda az qala öz başını itirir.

Sifariş götürən isə soyuqqanlıdır, qiymət sövdələşməsində dəridən-qabıqdan çıxmır, heç müştərini itirmək, əldən çıxmaq qorxusu da yoxdur. Necə olmasa ölən çox, müştəri çox...

Onu da deyək ki, sexlərə siyasətçilərin, şairlərin, tanınmış adamların abidələri, heykəlləri də dövlət qurumları, icra hakimiyyətləri tərəfindən sifariş edilir.

Oxucular sual edə bilər ki, bəs öləndən sonra qarışacağımız torpaq neçəyədir? Bunu da öyrənmişik. “Qurd qapı”sının boş qalan arxa massivində 5000 manatdır, girişə yaxın yer götürmək isə 7000 manatdan aşağı deyil.

Bundan başqa, Biləcəridə 500-600, Xırdalanda 1000-1500, Günəşlidə 600-1000, Qaraçuxurda 500-700, Hövsanda isə məzarlıqlarda qəbir yerləri 300-400 manatdır.

Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir. Artıq məzarlıqlarda yer qalmayıb.

Kimisi özünə diri ikən qəbir qazdırıb böyük bir yeri hasarladıb, kimisi də hər tərəfini mərmər edərək azı iki ölünün yerini “darısqal” edib.

Ancaq bu dünyadan yarım metr kəfəndən başqa heç nə aparmaq olmur ki olmur...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.