Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyəti - İLGİNC

15-03-2019, 12:49           
Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyəti - İLGİNC
Son illər ölkədə dillə bağlı müxtəlif islahatlar keçirilsə, müəyyən qurumlar, mərkəzlər yaradılsa da, bir çox problemlər hələ də həllini tapmayıb. Xüsusən bəzi sözlərin düzgün yazılışının bilinməməsi onların bir neçə variantda yazılmasına səbəb olur və bu da müəyyən anlaşılmazlıqlar yaradır.

Belə sözlərdən biri də “Səbayıl” sözüdür. Qəribədir ki, bu söz hələ sovet dönəmindən Səbail, Səbayel, Səbael kimi yazılsa da, əksəriyyət, hətta dövlət qurumları tərəfindən Səbail olaraq bilinir. Sözügedən rayonun icra hakimiyyətində belə bu söz “Səbail” kimi qəbul olunub.

Bəs sözün düzgün yazılışı necədir?

Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli Kult.az-a bildirib ki, “Səbayıl” sözü “Bayıl” sözündən törəmədir:

“Toponomik adların izahlı lüğətində də bu ad “Səbayıl” kimi qeyd edilib. Bu, “sə” – üç və “bayıl” sözlərinin birləşməsindən yaranıb, mənası isə “Üç Bayıl” deməkdir. Ancaq prezident sərəncamlarında, fərmanlarda bu rayonun adı “Səbail” kimi keçir. Buna görə də “Səbail“ variantı əsas götürülür”.

Mütəxəssislər bildirirlər ki, əksər mənbələr sözün yazılışını Səbail rayon İcra Hakimiyyətinin adından götürüblər. Belə ki, bu icra orqanının binasında qurumun adı “Səbail rayon İcra Hakimiyyəti” kimi yazılıb. Dilçi alimlərin sözlərinə görə, Səbayıl sözü ilə bağlı çaşqınlığı aradan qaldırmaq üçün sözügedən qurum adındakı səhvi düzəltməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib ki, qurum hələ ki, Səbayıl rayon İcra Hakimiyyətinə sözügedən yanlışın düzəldilməsi üçün müraciət etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.