Deputatın kürəkəni ittihamlara CAVAB VERDİ - “Eldar müəllimi, məni utandırmaqla, 150 min manat qopartmaq istəyirlər”

13-04-2019, 17:25           
Deputatın kürəkəni ittihamlara CAVAB VERDİ - “Eldar müəllimi, məni utandırmaqla, 150 min manat qopartmaq istəyirlər”
Abbas Səfərov: ““Qaçqınkom”da olanda deyir ki, “mən Abbasdan 150 min pul alacağam, siz niyə qarışırsınız? Mənə sizin eviniz lazım deyil. Mən ondan pul istəyirəm, mənim evim var””

“O adam istəyir ki, məndən şantajla ya ev, ya da pul alsın. Mən bunu edəsi deyiləm, etməyəcəm də”

“Onun yaşayış sahəsində “Kapitol” firması nəsə tikməyibsə, mən ondan heç bir fayda almamışamsa, mən ona niyə ev tikməliyəm, ya verməliyəm?”

İki gün öncə Zəngilan rayonundan məcburi köçkün olan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən redaksiyamıza göndərilən məktubda “Kapitol” firmasının keçmiş rəhbəri Abbas Səfərovdan Birinci vitse-prezident Mehriban Əliyevaya “Hürriyyət” qəzeti vasitəsilə şikayət olunub. Məktubda qeyd olunur ki, 1995-ci ildə məcburi köçkün kimi məskunlaşdıqları Nəsimi rayonu, Kərpiç küçəsi 43 ünvanında yerləşən yaşayış sahəsi 2005-ci ildə kommersiya məqsədilə yaşayış binası inşa edən “Kapitol” firması tərəfindən dağıdılıb: “2009-cu il noyabr ayında isə "evimizin təmir edilməsi üçün" aramızda bağlanmış öhdəçilik müqaviləsinə və deputat N.Məhəməliyevin Nəsimi RİH-nin başçısı işlədiyi vaxt onun göstərişi ilə RİH-nin baş mühəndisinin iştirakı ilə tərtib olunmuş Akt əsasında “Kapitol” firması ailə üzvlərimizi R.Behbudov 73, mənzil 4 ünvanında kirayələdiyi evə köçürdərək, evimizi yerindən qazıb atıb, 6 ay kirayə pulu verdikdən sonra evimizi tikməkdən və kirayə pulu verməkdən imtina edib”.

“Kapitol” firmasının keçmiş rəhbəri Abbas Səfərov isə dünən “Hürriyyət”in redaksiyasına gələrək, haqqında səslənən bu və digər ittihamlara cavab verib, o, barəsində deyilənlərin yalan olduğunu söyləyib.

A.Səfərov ilk öncə hadisənin necə baş verdiyini nəql etdi: “2005-ci ildə “Kapitol” firması Nəsimi rayon ərazisində Sirkin ətrafında keçmiş “Sirk oteli” deyilən bir yer var, orada yaşayış binasının tikintisinə başladı. Təxminən 2009-cu ildə bu tikinti-quraşdırma işləri qurtardı, bina təhvil verildi. 2010-cu illin əvvəli idi, rayon icra hakimiyyəti məni dəvət etdi, xahiş etdi ki, “burada qonşu ərazidə bir qaçqın ailəsi var, bütün günü şikayət edir, vəziyyəti çox pisdir, evləri taxtadandır, dağılır, çox pis vəziyyətdə yaşayırlar, bir inşaatçı kimi təmannasız kömək et, onların evini daşdan tik”.

Birdən-ikidən icra başçısı bizə söz deməyib. Dedim, baş üstə, edərəm, Nəsimi müəllim. Deməli, ev o qədər bərbad gündə idi ki... Mənim ərazimdən də uzaq bir ərazi idi. O vaxtı mən “Kapitol” firmasının dirketoru idim, 2009-cu ildə tikintini qurtardıq. Razılaşdıq ki, bu ailəyə bir ayrı ev tutaq və bunlar kirayədə qalan zaman orada 40 kvadratlıq normal bir ev tikək. Belə də oldu, bunlara bir ev tutduq. Mən orada olmamışam, deyilənə görə, guya, orada tövlə olub. Orada bir həyət evi var, bunlar da o vaxtı qaçqın olanda oranı götürüblər. Nə isə. Biz tikinti işlərini başlamaq istəyəndə ora kubik tökdük, həmin həyətdə yaşayan qonşular çıxdılar ki, “tikməyə qoymayacağıq, bunları bir təhər biz buradan rədd eləmişik, bu insanlar burada yaşamayacaqlar”. Oranın sahibi var, kuçası da var, adı da Qiyasdır, özü də polisdə işləyir. Onun qardaşı da orada yaşayırdı, uşaqların qabağına “lopatka”, lomla çıxdı ki, “tikməyə qoymayacğam, bura mənim mülkiyyətimdir, qoymuram”. Polis, icra hakimiyyətinin nümayəndəsi gəldi, dedim, mən tikinti şirkətiyəm, tikməyə şərait yaradın, mən tikim, mən qonşu ilə dava edəsi deyiləm. Hamı boyun qaçırdı, heç kim yaxın durmadı. Həmin Qiyas da bu köçkün ailəsinin qohumlardır, bunlar bir yerdə yaşamaq istəmirdilər. Bu adamlar tikməyə qoymadı, amma həmin bu köçkün ailəsi firmanı məhkəməyə verdi.

“İcra hakimi nəyin müqabilində sizə o ailəyə ev tikiməyi tapşırmışdı” sualına A. Səfərovun cavabı belə oldu: “Heç nəyə görə. Bunlar 2013-cü ilə qədər ev tələbi ilə məhkəməyə müraciət etdilər. Mən o məhkəmələrdə heç iştirak da etməmişəm. Sonda iş Apellyasiyaya çatanda biz qarışdıq. Biz dedik ev tikməkdən imtina etmirik, dövlət şərait yaratsın, mən tikim. Mənə rəsmi, yaxud qeyri-rəsmi öhdəlik qoyulub, necə istəyirsiniz, elə başa düşün, rayonun başçısı deyib ki, bunlar üçün ev tik, mən də tikməyə hazıram. Rayonun başçısı da elə-belə deyib, mənim öhdəliyim yoxdur, o torpaq mənə lazım deyil.

Sonra icra başıçısı Nəsimi müəllim oradan çıxdı, millət vəkili oldu, yeni başçı gəldi. Təbii ki, o, sistemi bütün dəyişdi, artıq bu öhdəlik qıraqda qaldı. O ailə də məhkəməyə verdi, iş icraya getdi, yenə də mən firmadan çıxsam da, üzərimizdə idi deyə, hər dəfə qarışırdım. İcraçılara dedim, şərait yaradın, bunu evini tikək, etiraz etmirik. Amma mən buna pul verəsi, yaxud ayrı yerdə ev alası deyiləm. Bunun da tələbi o idi ki, mənə 150 min manat pul verəcəkəsən. İndinin özündə də istəyir.

Bu yaxınlarda mən “Qaçqınkom”da olanda mətbuat katibi İbrahim müəllim və hüquq şöbəsindən bir yoldaş orada idi, onlar deyir, bu adam aşkar deyir ki, “mən Abbasdan 150 min pul alacağam, siz niyə qarışırsınız? Mənə sizin eviniz lazım deyil. Mən ondan pul istəyirəm, mənim evim var”.

Hamı bilir ki, bu, Abbası şantaj etməklə, Eldar müəllimin şəklini mətbuatda üzə çıxarmaqla tələb edib, məndən pul almaq, ya da ki, mənim binalarımın birindən ev almaq istəyir. Münasibətlər bu qədər gərgin olduğu üçün mən də imtina edirəm. Mən bu adama ev almamalıyam. Məhkəmə konkret qərar çıxarıb, konkret deyib ki, müvafiq icra orqanı Zərqələm Sadıqova ev verənə qədər bunlara hər ay “Kapitol” firması 250 manat kirayə pulu verməlidir. 2018-ci il dekabrın 31-nə kimi bu insana 26 500 manat verilib”.


“2 ev təklif olunur, amma bu, üçüncünü istəyir”

“Ancaq o, iddia edir ki, ona cəmi 6 ay kirayə pulu ödənilib” dedikdə A. Səfərov bildirdi ki, ödəniş qəbzlərinin hamısı var: “Bu pulun ödənilməsi ilə bağlı mən sizə rəsmi sənəd gətirə bilərəm. Sənəd hazırda icra-probasiya şöbəsindədir. Dekabrdan bu yana niyə ödəmirəm? Deməli, bir neçə dəfə buna əvəzsiz ev təklif olunub. Bir dəfə prokurorluğa şikayət edəndə buna Masazır qəsəbəsində ev təklif etdik. Getdi baxdı, dedi almayacam, bunun kupçası yoxdur. Şəxsən mən təklif etdim. Bu təklif iş materiallarında var. Hətta müqavilə bunun adına yazıldı, imtina elədi, sonra müqaviləni ləğv etdi. İkinci dəfə buna ev 2018-ci ilin noyabr ayında “Qaçqınkom” Şabranda bir kənddə iki otaqlı ev təklif etdi. Dedi ki, “yox, Şabran uzaqdır, mən orada yaşamayacam və mənim artıq gəlinim var”. İki oğlu, bir qızı var, oğlanın biri evlənib, bunların ailə üzvlərindən biri artıb. Dedi ki, “qanunla bizə iki ev düşür, mən Şabrandakı evi götürməyəcəm”.

Yenə məktubla “Qaçqınkom”a müraciət etdik. “Qaçqınkom” buna güzəştə gedərək, Qaradağ rayonunda yerləşən “Ümid” qəsəbəsində 2 dənə 2 otaqlı evlə təmin etməyə göstəriş verdi. Hazırda evin şəkilləri də məndədir. Dedi yox, “mən Sumqayıtda yaşayanam, Qaradağa getməyəcəm, orada ayrı qaçqınlardır, orada zəngilanlılar deyil, hər rayonun öz sahəsi var, mən ora gedəsi deyiləm, oranı istəmirəm”.

Üçüncü təklif Sumqayıt oldu, dedilər ki, “bu Sumqayıtda yaşayır, Prezident Sumqayıtda gözəl bir qəsəbənin açılışını edib, orada mənizllər də böyükdür, məktəbi, bağçası, hər şeyi var, baxsa, bəyənəcək”. Bu son təklif zamanı Xəzər rayon cra və probasiya şöbəsindən ona zəng vurdular ki, sənə təklif var, get, evə bax. Bu, getdi, baxdı, bəyəndi. Sonra başladı “Qaçqınkom”a deməyə ki, “mənim xalam üstümdədir, xalama görə mənə üçüncü ev verin”. “Qaçqınkom” da dedi “mən qanunla sənə 3 ev verə bilmərəm, görürsən, məhkəmə sənə 2 otaqlı ev verməyi yazıb, amma mən sənin ailə tərkibin artdığı üçün 2 dənə 2 otaqlı ev verməliyəm, üçüncünü verə bilmərəm. Xalan sənin himayəndə deyil, o ayrı yerdə qeydiyyatdadır”. Yəni istəyirdi ki, şantaj yolu ilə buradan üçüncü evi də qopartsın. Qanun da buna icazə vermir. Vallah, imkan olsaydı, onu da xahiş edərdik, amma mümkün deyildi.

Hazırda da bu evlərlə bağlı çox böyük problem var, yataqxana yanmışdı, onların hamısını yerləşdirdilər, bu evlər sıra ilə verilir. İki həftə bundan əvvəl - 5-ci günü idi, çağırırıq, gəlmir, icra məmuru çağırır, Xəzərə gəlmir, yəni işi aktlaşdırb, xitam vermək istəyirdik. Götürdük videoyazı ilə buna zəng etdik, orada biədəb söyüşlər söyür, dedi, “yaxşı, gedib, baxaram”. Əlavə olaraq, dedi ki, “bir deputat var, İmamverdi müəllim, onun vasitəsilə mən öz problemimi həll etmək istəyirəm, əlavə olaraq orada üçüncü ev götürəcəyəm, məktub yazmışam. Ola bilsin ki, bu evə ehtiyac olmadı”. Sabahı günü bu və mənim sürücüm getdi, “Qaçqınkom”un nümayəndələri, məsul şəxslər bunu qəbul etdi və bununla 35 dəqiqə danışdılar və həmin danışığın səs yazısı bizdə var. O səs yazısını sizə ayrıca təqdim edərik. O səs yazısında aydın görünür ki, buna 2 ev təklif olunur, amma bu, üçüncünü istəyir. Buna deyirlər ki, qanunla mümkün deyil, götür, xalanın məsələsində də imkan olsa, kömək edərik, bundan da imtina etdi, götürmədi. Bunun fikri ancaq “Kapitol” firmasını bayraq tutaraq, 3 ev almaqdır. Sözü də odur ki, bu evi “Kapitol” firması verməlidir, dövlət verməməlidir”.

“Hazırda Nəsimi rayonu, Kərpic küçəsi 45 ünvanında nəsə tikilib” deyə sual etdikdə A.Səfərov qeyd etdi ki, o, orada özü üçün nəsə tikmək istəməyib: “ O yaşayış sahəsi mənim ərazimdə deyil. Bunların məskunlaşdığı o daxmanı mənə “daşla tikin” deyilmişdi. Mən də ora kubik tökdüm, tikməyə başlamaq istəmişdim, qonşular qoymadı. Hazırda qonşu yerindədir, soruşa da bilərsiniz. O yer də boş qalıb. Amma bu sahə onun deyil, kiminsə evini, tövləsini zəbt etmişdi, indi də o adam deyir, “bura mənimdi, onları güclə qovdum”. O adam tikməyə imkan vermədi. O sahənin mənim binama heç bir aidiyyatı yoxdur. İstəyirsiniz şəklini çəkim, sizə göstərim”.

“Sənin davan “Kapitol” firmasıdırsa, mənim bu işə nə aidiyyatım var?”

“Qadın iddia edir ki, sizin arxanınzda qayınatanız, deputat Eldar quliyev durur. Ona görə heç kimi saymırsınız...” fikrimizə A.Səfərovun reaksiyası belə oldu: “Yox, qəbul etmirəm. Bu, böhtandır, Eldar Quliyev millət vəkilidr, alimdir, professordur, hazırda Korporasiya Universitetinin rektorudur. Eldar müəllim alim adamdır, bizneslə əlaqəsi yoxdur, mənim biznesimlə də heç bir əlaqəsi yoxdur. Özü də müsahibə verib ki, biz yalnız qohumuq. Eldar müəllimin qızı ilə mən 14 fevral 2015-ci ildə ailə qurmuşam. Amma baxın, bu hadisələr nə vaxtdan başlayıb. Son məhkəmə qərarları 2013-cü ilə qədər olub, ondan sonra məhkəmə qərarları olmayıb. 2015-ci ildə mən bu ailə ilə qohum olandan sonra mətbuatda böhtan xarakterli məqalələr başlandı. Eldar müəllimi, məni utandırmaqla, istədiyi 150 mini qopartmağa çalışır. Burada konkret məqsəd jantaj yolu ilə məndən pul almaqdır. Heç məqsəd “Kapitol” firması da deyil. “Kapitol” firması rəhbərini birinci dəfə bu yaxınlara icra və probasiya şöbəsində üz-üzə gördüm. Sənin davan “Kapitol” firmasıdırsa, mənim bu işə nə aidiyyatım var? Mənim “Kapitol” firması ilə 2013-cü ildən heç bir əlaqəm yoxdur. Amma yenə də bu problem köhnədən qalıb deyə, Rövşən müəllim məndən xahiş etdi ki, sən allah, bu bəladan qurtaraq. Rövşən müəllim “Kapitol” firmasının indiki rəhbəridir. Ona görə, mən də tanışlar, dostlar vasitəsilə xahiş edirəm ki, buna ev verilsin. Bu adama kirayə üçün 14 minə yaxın biz ödəniş etmişdik, 12 minə yaxın ödənişi isə Rövşən müəllimgil ödəmişdi. Həmin ödəniş qəbzləri də bizdə var. Yəni son 4 ilin ödənişini Rövşən müəllim edir”.

“Mən bunu edəsi deyiləm, etməyəcəm də”

A.Səfərov Xətai Rayon Məhkəməsi qətnamə qəbul etdiyini xatırlatdı: “Məhkəmə qətnamə qəbul etdi ki, Sadıqova Zərqələm “Kapitol” firması tərəfindən evlə təmin edilsin. Biz bu “təmin edilsin” sözünü aydınlaşdırmaq üçün Xətai Rayon Məhkəməsinin sədri Raziyə Ataşovadan izah tələb etdik. Bu adam köçkün statusundadır, mən bunu necə təmin edim, pulla təmin edim, ya mülkiyyətinə ev verim, ya kirayə üçün ev verim, bundan izah istədik. Raziyə Ataşova bunu Apellayasiya Məhkəməsinə yolladı. Apellyasiya Məhkəməsi də hamının iştirakı ilə olub, Apellyasiya Məhkəməsi qət etdi ki, müvafiq icra orqanı Sadıxova Zərqələmi evlə təmin edənə qədər “Kapitol” firması əvəzsiz istifadə ilə evlə təmin etsin. Əvəzsiz istifadə nədir? Yəni ya kirayə tutsun, ya da hansısa bir evi ver, amma buradan çıxacaq. Əvəzsiz istifadə “Kapitol” firmasının üzərinə qoyulub və yaxud ayda ona 250 manat ödəməliyik. Sadıqova Apellyasiya Məhkəməsinin qərarından şikayət etməyib. İndi iddia edir ki, bu qərar qanunsuzdur. Bu qərar əsassız, qanunsuz qərar idisə, niyə Ali Məhkəməyə şikayət vermədin və bunu qəbul elədin? Hazırda qanuni qüvvədə olan izah budur ki, Qaçqınkom buna ev verənə qədər “Kapitol” firması bunu mənzillə təmin etməldir. Abas Səfərov, Eldar Quliyev yox, “Kapitol” firması bunu təmin etməlidir. Bunun Abas Səfərova heç bir aidiyyatı yoxdur. Apellyasiya Məhkəməsinin qərarı veriləndə mən “Kapitol” firmasının rəhbəri deyildim. O izah qərarını Apelyasiya Məhkəməsində Etibar Nəbiyev vermişdi. Bu, əvvəl Müseyib Bayramovun qərarına istinad edir. Müseyib Bayramov nə deyir? Bu sənədi icra etmək izah olmadan mümkün deyil. Mən çıxdım dedim, bunu necə izah edim? Hakim baxdı ki, doğrudan da bu izah edilməlidir, bunu izaha yolladılar. Məhkəmənin də qərarı budur ki, bu adamı müvafiq icra hakimiyyəti, yəni “Qaçqınkom” evlə təmin etməlidir. Onun yaşayış sahəsində “Kapitol” firması nəsə tikməyibsə, mən ondan heç bir fayda almamışamsa, mən ona niyə ev tikməliyəm, ya verməliyəm? Hə, mən onu müvəqqəti olaraq evlə təmin etməliyəm. Buna baxmayaraq, bu yoldaş məni, “Kapitol” firmasını, dolayısı yolla Eldar Quliyevi ağır cinayətlərdə ittiham edir. Halbuki, hazırda qaçqınlarla bağlı müvafiq icra orqanı “Qaçqınkom” sayılır. Ona görə, bu vətəndaşın porblemi mənlik deyil, məhkəmə də mənə elə bir öhdəlik qoymayıb, bu, böhtan yazır. O adam istəyir ki, məndən şantajla ya ev, ya da pul alsın. Mən bunu edəsi deyiləm, etməyəcəm də”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.