“FinCEN” sənədlərində Rza Zərrabın qurduğu şəbəkə ifşa oldu...

22-09-2020, 11:10           
“FinCEN” sənədlərində Rza Zərrabın qurduğu şəbəkə ifşa oldu...
Çirkli pulların yuyulmasında böyük maliyyə qurumlarının rolu və Zərrabın pul axını üçün qurduğu şəbəkənin hansı banklardan necə istifadə etdiyi ifşa edilib...

“Gazete Duvar”, Türkiyə, 21 sentyabr 2020-ci il

“FinCEN” qeydlərinə görə, Zərrabın “Standard Chartered” üzərindən şübhəli pul köçürmələri apardığı şəxslər arasında Türkiyənin keçmiş Maliyyə naziri Çağlayan və keçmiş Daxili İşlər naziri Gülər ​​də var.

ABŞ-ın İrana qarşı olan sanksiyalarını pozmaqda günahlandırılan iş adamı Rza Zərrabın qurduğu şəbəkədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı, İngiltərədə yerləşən “Standard Chartered” və Almaniyada yerləşən “Deutsche Bank"ın da iştirak etdiyi məlum olub.

“FinCen sənədləri” adlı araşdırma çərçivəsində BBC-nin əldə etdiyi sənədlərə görə, BƏƏ Mərkəzi Bankı xəbərdarlıqlara baxmayaraq, Dubayda yerləşən “Gunes General Trading” şirkətinin İran sanksiyalarının pozulması çərçivəsində həyata keçirdiyi şübhəli əməliyyatların qarşısını almayıb.

Zərrabın qurduğu şəbəkənin bir hissəsi olan “Gunes General Trading” adlı şirkət sızdırılan sənədlərə görə, 2011-2012-ci illər arasında BƏƏ maliyyə sistemində 142 milyon dollar dəyərində şübhəli əməliyyatların həyata keçirilməsində iştirak edib.

“Standard Chartered” bankının 2007-2016-cı illər ərzində Zərrab və şəbəkəsi üçün ümumilikdə 5,8 milyard dolları aşan 37 min 533 dəfə pul köçürməsində rol oynadığı ortaya çıxıb. 2017-ci ilin mart ayında “Deutsche Bank”ın ABŞ-da fəaliyyət göstərən şirkətinin Zərrabla əlaqəli olduğu və 2013-cü ildə ictimaiyyətdə görünən bir şirkət üçün təxminən 29 milyon dollar köçürdüyü ifadə edilib.

ABŞ-da keçmiş “Halkbank”ın direktor müavini Hakan Atilla barədə açılan məhkəmə işi çərçivəsində proses başlamazdan əvvəl Rza Zərrab prokurorla razılaşaraq öz cinayətini etiraf etmişdi. 2017-ci ildə ABŞ-da dələduzluq və çirkli pulların yuyulması ittihamlarını qəbul edən Zərrabın cəzası hələ də dəqiqləşməyib.

Digər tərəfdən, “Standard Chartered” bankı keçən il 2014-cü ilə qədər edilən əməliyyatlar çərçivəsində İrana qarşı sanksiyaların pozulmasındakı iştirakına görə ABŞ tərəfindən 1,1 milyard dollar cərimə edilib. “Deutsche Bank” da 2015-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 258 milyon dollar cərimə ödəməyi qəbul edib.

“FinCEN” sənədləri nədən ibarətdir?

FinCEN sənədləri ABŞ xəbər saytı “Buzzfeed”ə sızdırılan sənədlərin Beynəlxalq Tədqiqatçı Jurnalistlər Konsorsumuna (ICIJ) təqdim edilməsi nəticəsində Türkiyə daxil olmaqla, 88 ölkədən 108 media quruluşunun iştirak etdiyi bir tədqiqat sənədidir. Mətbuat təşkilatlarına sızan sənədlər dünyanın ən böyük maliyyə qurumlarının çirkli pulların yuyulması əməliyyatlarına vasitəçilik etdiklərini və 2 trilyon dollar dəyərində şübhəli əməliyyatlarda iştirak etdiklərini ortaya çıxarıb.

ABŞ dolları ilə edilən şübhəli maliyyə əməliyyatları “FinCEN”ə, yəni ABŞ-ın Maliyyə Cinayətləri Araşdırma Şəbəkəsinə bildirilməlidir. Şübhəli əməliyyat hesabatlarına isə qısaca SAR deyilir. Bu şübhəli əməliyyatlar “terrorla əlaqəli şəxslərin və ya təşkilatların maliyyələşdirilməsi” və ya çirkli pulların yuyulması ola bilər.

Mərkəzi BƏƏ olan iki bankın hesabları

Amerika Birləşmiş Ştatları məhkəmə orqanları tərəfindən yaradılan sənədlərə görə, Türkiyə, İran və Makedonya vətəndaşı olan iş adamı Rza Zərrabın İrana qarşı sanksiyaların açılması üçün qurduğu şəbəkədə “Gunes General Trading” də vardı. ABŞ-ın İran hökumətinə və şirkətlərinə beynəlxalq maliyyə sisteminə girməyi qadağan etdiyi sanksiyalardan yayınmaq üçün Zərrabın 100 milyonlarla dollarlıq bir şəbəkə qurduğu ortaya çıxıb.

“FinCEN” sənədlərinə görə, İngiltərədəki “Standard Chartered” bankının Nyu-York şöbəsi BƏƏ Mərkəzi Bankına 2012-ci ildə “Gunes General Trading” şirkəti tərəfindən həyata keçirilən yüzlərlə şübhəli əməliyyat barədə xəbərdarlıq edib. Bununla birlikdə, SAR xəbərdarlıqlarında bu əməliyyatların sanksiyaları pozmaq məqsədi daşıdığı barədə məlumat daxil olmayıb. BƏƏ Mərkəzi Bankı iaə bunun qanuni orqanlara çatdırıldığını və hesabların 2011-ci ilin sentyabrında bağlanıldığını bildirib. “Standard Chartered” da şirkətin digər banklardakı hesabları vasitəsilə şübhəli əməliyyatlara davam edə biləcəyini qeyd edib.

BƏƏ Mərkəzi BankI hərəkətə keçmədi

Bununla birlikdə, “FinCEN” sənədlərinə əsasən, BƏƏ Mərkəzi Bankı, Gunes General Trading şirkəti tərəfindən BƏƏ-dəki “Rakbank” və Dubay Milli Bankındakı (NBD) digər hesablar vasitəsilə həyata keçirilən şübhəli əməliyyatların dayandırılması üçün hərəkətə keçməyib. Bunun üzərinə “Gunes General Trading” 2012-ci ilin sentyabr ayına qədər əsasən “Rakbank”dan 108 milyon dollar dəyərində şübhəli əməliyyatlar həyata keçirib.

“Rakbank” bu kimi halların məxfiliyi səbəbindən bu mövzuda açıqlama verə bilməyəcəyini və çirkli pulların yuyulmasına qarşı sərt bir siyasət izlədiklərini bildirərkən, eyni zamanda NBD və BƏƏ Mərkəzi Bankı da BBC-nin mövzu ilə bağlı suallarını cavablandırmayıb.
2013-cü ilin aprelində ABŞ-dakı “New York Mellon” bankı ABŞ hökumətinin “Gunes General Trading” barədə istintaq apardığına və sanksiyalar daxilində əməliyyatlar həyata keçirdiyinə inandıqlarını bildiriblər. Son 2 ildə “Gunes General Trading” şirkəti bağlandığı üçün BBC bu mövzu ilə bağlı açıqlama almaq üçün heç kimi tapa bilməyib.

5.8 milyard dolları keçən 37 min 533 pul köçürməsi

“FinCEN” sənədlərinin araşdırılmasında iştirak edən Almaniyanın “Deutsche Welle” nəşrinin verdiyi məlumata görə, “Standard Chartered” bankı 2007-2016-cı illər arasında Rza Zərrab və şəbəkəsi üçün ümumilikdə 5,8 milyard dolları aşaraq 37 min 533 pul köçürməsində rol oynayıb.

2013-cü ildə Türkiyədə istintaqın başlaması, 2015-ci ildə ABŞ-ın Zərrab əleyhinə çirkli pulların yuyulması və İran sanksiyalarından yayınması ittihamı ilə iddianamə hazırlanmasından və 2016-cı ilin mart ayında Zərrabın ABŞ-da tutulmasından sonra da “Standard Chartered” bu prosesə son qoymadı.

“Güler və Çağlayanın hesabına pul köçürülməsi barədə də sənəd var”

Bank 2016-cı ilin yanvar-sentyabr aylarında Zərrabla bağlı olan ümumilikdə 133 milyon dolları keçən 24 şirkət və şəxs üçün 715 köçürmə həyata keçirib. “FinCEN” qeydlərinə görə, bankın 2016-cı ilin yanvar-sentyabr ayları arasında şübhəli pul köçürmələri etdiyi şəxslər arasında Rza Zərrabın kuryeri olmaqda təqsirləndirilən Halil Akkaya, Murat Yılmaz, Onur Kaya, keçmiş Maliyyə Naziri Zafer Çağlayan və keçmiş Daxili İşlər Naziri Muammer Güler var.

Həmin hesabata görə, “Standard Chartered”, həm də Rza Zərrabın qardaşı Məhəmməd Zərraba məxsus “Lord Metal İthalat İhracat Sanayi ve Ticaret Ltd Şti” adlı bir şirkətə pul köçürüb. “FinCEN”in qeydlərinə görə, “Nargis International Trade” şirkəti də Zərrabla əlaqəli olduğu üçün bu şirkətin də pul köçürmələri analiz edilib. “Nargis International Trade” 2013-cü ildə Türkiyədə aparılan istintaq çərçivəsində ələ keçirilən şirkətlər arasındadır.

“Deutsche Bank” da icazə verib

“Deutsche Welle”nin hesabatına görə, “Deutsche Bank” Zərrabla əlaqəli şirkətlər tərəfindən həyata keçirilən şübhəli əməliyyatlara icazə verib. ABŞ-da fəaliyyət göstərən “Deutsche Bank TCA” 2017-ci ildə Rza Zərrabla əlaqəli olan “Nadir Valyuta və Qiymətli Metalların Ticarəti Müəssisəsi” üçün təxminən 29 milyon dollar pul köçürün. “Deutsche Bank”ın icazə verdiyi köçürmələr 2016-cı ilin mart ayı ilə 2017-ci ilin fevral ayları arasında baş tutub.

“Deutsche Bank TCA”nın bu əməliyyatları bildirməsinin səbəbi “Nadir Valyuta”nın həmin dövrdə çirkli pulların yuyulması əməliyyatında iştirak etməsi ilə bağlı idi. “Deutsche Bank” öz hesabatında şübhəli fəaliyyətlərin bir neçə türk bankı arasında paylanan daxili ödənişlər olduğunu bildirib: “Bu SAR sənədləşdirilir, çünki əməliyyat yüksək risk daşıyan bir ölkədən (Türkiyə) aparılır. Bir çox iri, yuvarlaq dollar əməliyyatları var və əməliyyat təfərrüatlarında heç bir ticarət məqsəd müəyyən edilməyib”.

Mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandıran “Deutsche Bank” bu məlumatdan xəbərdar olduğunu söyləyib. Hesabatların 2016-cı ilə aid olduğunu iddia edən bank sözçüsü: “Deutsche Bank artıq əvvəlki kimi deyil. Sistemimizdəki keçmiş zəif cəhətləri etiraf etdik, bunun üçün üzr istədik və müvafiq cəzaları ödədik”.
Tərcümə PİA.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.