Aqil Abbas deməliydi ki, kəndli nəşə əksin?.. - Replika

23-09-2020, 13:01           
Aqil Abbas deməliydi ki, kəndli nəşə əksin?.. - Replika
Azərbaycan xaricdən kərə yağı istehsal edir. Çünki yerli istehsal bizim tələbatımızı ödəmir.

Azərbaycan xaricdən həm də dana əti idxal edir. Çünki fermerlərimizə məxsus mal-qaranın əti "dişimizin dibində qalır". Hansı ki, biz amerikalılardan və avropalılardan iki dəfə az ət istehlak edirik…

İran kartofu, türk limonu, qazax buğdası bazarlarımızda "ayaq tutub yeriyir".

Uşaqlarımız Pakistan istehsalı olan ucuz şalvarlar geyinirlər. Çində istehsal olunan keyfiyyətsiz bəzək əşyaları qzlarımızı mənşəyi bəlli olmayan xəstəliklərə yoluxdurur. İtaliyadan əvvəllər ayaqqabı alırdıqsa, indi üstündə bir cüt corab da sifariş veririk. Çünki yerli istehsal keyfiyyətsizdir. Evdə geyindiyimiz corab işə çatana kimi ayağımızda cırılır...

Əvvəllər də yazmışam, biz nəinki "Sony" ilə, hətta Anadoluda çəltik becərən türk qardaşlarımızın ağız büzdükləri "Arzum"la da rəqabət aparmağa qadir deyilik. Bundan sonra azı 50 il də baş işlətsək, “iPhone”nun tozuna çatan telefon istehsal edə bilməyəcəyik. Türkiyədən aldığımız şalvarları azı 40 il bundan sonra da Çin istehsalı olan məişət texnikası ilə ütüləyəcəyik. Bilirsinzi, niyə? Çünki biz kəndliyik. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Sovet dövründə limonumuzun rəngi, almamızın adı, badımcanımızın dadı ilə öyünmüşük. İndi isə kəndlinin əl-qolu işdən soyuyub. Əkib-becərmək, bolluq yaratmaq istəyənlərin sayı hər ötən gün azalır. Aqil Abbas “kəndli soğan əksin” deyəndə, hamılıqla onu “topa tutduq”. Bu sualı bir dəfə də vermişdim: Aqil Abbas nə deməliydi? Deməliydi ki, kəndli nəşə əksin?

Hələ bunu deməyə-deməyə nəşə əkənlərin sayı sürətlə artır. Elə bir gün yoxdur ki, DİN narkotik məhsulların məhv edilməsiylə bağlı xəbər yaymasın. Ayıq-sayıq polislərimiz bəzən bir gündə 4-5 ton çətənə kolu yandırırlar. Hüquq-mühafizə orqanları İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən cinayətkarlara qarşı mübarizəni gücləndirib. Bilmirəm, bu vəziyyətə gülüm, yoxsa ağlayım; kartofu da, kokaini də xaricdən alırıq…

Başa düşürəm, düz söz adamı incidir. Amma kimsə həqiqəti deməlidir. Həqiqət isə yarımçıq olmur, onu bütöv görmək və demək lazımdır. Kəndlinin əl-qolunun işdən soyuduğunu deyəndə, rayonlardakı bütün münbit torpaqların icra başçıları tərəfindən mənimsənildiyini da demək lazımdır. Su çatışmazlığı üzündən əkin sahələrinin yandığını, kəndlinin də öz tarlasına baxıb için-için yandığını da demək lazımdır. Bazarların bir qrup monopolistin əlində olduğunu, kəndlinin min bir əziyyətlə becərdiyi məhsulu qəpik-quruşa dəllallara satdığını da demək lazımdır…

Kəndli çıxılmaz durumdadır. Zaman ötdükcə, onun problemləri üst-üstə qalaqlanıb, pambıq tarlasına çevrilir. İnam müəllim, hərəkətə keçmək lazımdır. Axı siz vaxtilə ən çətin problemləri ASAN yolla həll etmiş adamsınız…

Seymur VERDİZADƏ //yenisabah.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.