Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...

21-10-2018, 11:48           
Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...
“...Həmin gün nahara qədər Cəfərin halı yaxşı idi. Nahardan sonra özünü zəif hiss etməyə başladı. Bir az əvvəlki nikbin söhbətlərini, heç gözləmədiyimiz halda birdən ümidsizlik bürüdü.

- Sonası, - dedi. - Bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır.

Dərhal söhbəti dəyişdim. Ancaq o, çox fikirli idi. Nə qədər təsəlli verirdiksə, ürəyi açılmırdı. Həkim çağırmaq istədim. "Eh, qaya uçan günü toz qopacaq", - deyə razı olmadı”.

Moderator.az xəbər verir ki, yuxarıdakı sözlər Sona xanımın xatirələrindəndir. Ömrünü, gəncliyini böyük ədib Cəfər Cabbarlıya həsr Sona xanımın. Həyat yoldaşı Cəfər rəhmətə gedəndə onun vur-tut 29 yaşı vardı. Üstəlik də iki uşaq – Aydın və Gülarə… Amma gənc qadın həmin iki uşağı böyük iradəsiylə böyüdür. Başa çatdırır.

Qayıdaq əvvələ… Yuxarıdakı xatirəsində Sona xanım bəlkə də ömrünün ən dəhşətli saatını təsvir edir – Cəfər Cabbarlının ölümünü. Davam edək:

“Axşamçağı bizim təkidimizlə uzanıb yatdı və saat doqquzda onu oyatmağımı tapşırdı. Saat doqquzda otağına girdim. O isə artıq oyanmışdı. Qalxdı geyindi, həyətə çıxıb bir az gəzindi. Haraya isə getmək fikrində idi. İçəri girib bir neçə damcı dərman istədi. Törə də bizdə idi. Cəfər çarpayının kənarında oturub bir qədər fikrə getdi və birdən dilləndi:

- Bilirsiniz nə var: indicə yatmışdım, yuxuda gördüm ki, ölmüşəm, məni aparırlar, özüm də ayığam. Siz ağlayırsınız, mən isə sizə: "Ağlamayın" demək istəyirəm, amma deyə bilmirəm. Axırda bütün qüvvəmi yığıb sizə dedim: "Ağlamayın, ölməmişəm!" bir an susub əlavə etdi: - əgər işdir ölüb-eləsəm, uşaqlardan muğayat olun....

Mən zarafata salıb dedim:

- Yuxuda ölmək ölməməkdir, ağlamaq da gülmək.

Bu sözümə özü də güldü.

Onun razı olmamasına baxmayaraq, mən həkimə zəng vurdum. Evdə yox idi. Saat on olardı. Cəfər soyunub yatağına girdi və üstünü bərk örtdürüb yatdı. Saat on ikidə, ailə yatarkən o da sakit-sakit yuxulayırdı.

Gecənin bir vaxtı sanki məni yuxudan oyatdılar. Bir az yerimin içində oyaq qaldım. Birdən, elə bil, evin qaranlığı məni vahiməyə saldı. Tez Cəfəri çağırmağa başladım. Ondan cavab almadım. Cəfər çox sayıq yatırdı və həmişə belə hallarda səsimə səs verirdi. Bir az da bərkdən çağırdım, yenə cavab almadım. Onun zarafat etdiyini və məni qorxutmaq istədiyini düşünüb ayağa qalxdım və təzədən çağırdım. Yenə də ondan səs çıxmadı.

İşığı yandırdım, onun yatağı üzərinə əyildim. Sanki, bərk yatmışdı. Üzü gülümsər bir vəziyyətdə idi, gözləri yumuldu və hər gözünün kənarında bir damla yaş parıldayırdı. Gözlərimə inanmadım. Onu diksindirib oyatmamaq üçün yavaşca gedib anamı çağırdım. Zeynəb tələsik gəlib Cəfərin biləyini əlinə aldı və arvadın rəngi sapsarı saraldı. O, ağlar gözlərini üzümə dikəndə birdən mən fəlakəti dərk edərək, qeyri-iradı həyətə atıldım, çovğun içində təlaşla qışqırdım:

- Ey vayyy!

Və öz səsimdən qulaqlarım tutuldu, gözlərim yumuldu. Sonra nələr olduğu yadıma gəlmir. Guya, dəhşətli bir yuxu içində idi.

O məşum gecə-1934-cü ilin dekabrın 30-dan 31-ə keçən gecə idi.

Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydının 10, qızımız Gülarənin 4 yaşı var idi o vaxtı.

Cəfərin mənim üçün qoyub getdiyi xəzinə bu iki uşaq idi.

Öz xalqı üçün də o, qiymətli dəfinə qoyub getmişdi-əsərlərini”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.