AYDIN Aydın... Məmmədov: Eldə Uca...lığıyla həyatdakı yoxluğu konsensusu təmin etdi! - ad gününə sözardı -

1-11-2018, 04:27           
AYDIN Aydın... Məmmədov: Eldə Uca...lığıyla həyatdakı yoxluğu konsensusu təmin etdi!  - ad gününə sözardı -
Hərdən xatırlayıram... Kiş kəndindən əsgər yoldaşımı. Balacaboy, cavan olsa da, saçı tökülmüş, "narxoz"un tələbəsi. Mahir jurnalistikada oxuduğumu bilib, həmən də soruşmuşdu: Aydın Məmmədovu tanıyırsanmı?
Tanımırdım. Mahirlə Kiş kəndində qapıbir qonşu olan Aydın müəllimi tanımağıma hələ deyəsən bir üç il də vardı. 1986-cı ildə adını eşitdim. Qonşusu onun kənddə keçirdiyi günlərdə sərgüzəşt və macəralarını danışdı - bir xeyli yaş fərqi olmasına baxmayaraq, adaşım əsgər yoldaşımla çox yaxın olmuşdu. Çoxlu danışdı Mahir. Lap çoox. Əsgərliyimiz bitənəcən. Mən əsgərlikdən qayıdanda isə Aydın müəllim özü başlamışdı danışmağa. Elə danışmağa ki, nəinki mən, nəinki xalq, nəinki hökümət, elə dünya, ən azından türk dünyası onu eşidirdi və dinləyirdi!
Ədəbi cameənin, eləcə də siyasi kəsimin elə bir mütərəqqi düşüncəli nümayəndəsi yoxdu ki, Aydın Məmmədovu tanımasın!
Mən əminəm ki, Aydın Məmmədov avtoqəzada həlak olmasaydı, bu gün biz Türkçülüyün çox üstün bir mərhələsindəydik - yalnız o türkçülükdən danışanda qıcıq yaranmırdı.
Siyasi leksikonumuza "konsensus" anlayışını da o gətirmişdi! Ucalmaq üçün yolun birləşməkdən, bir olmaqdan keçdiyni o hamıya daha yaxşı izah edirdi!
Məhz Aydın Məmmədov qəzaya uğrayanda bilməliydik biz bizim birləşməyimiz də, türkçülüyümüz də qəzaya uğradı - ölmədisə də, şikəst oldu!
Pafosa, patriotluğa, psevdomillətçiliyə yuvarlanmayacam, özümdən bir Aydın Məmmədov obrazı da uydurub təqdim etməyəcəm.
Müstəqillik dönəminin iki nümayəndəsini tanıyıram ki, şöhrət qazanıblar, amma dadmayıblar!
Biri Aydın Məmmədovdu - qəzada həlak oldu, müstəqilliyi görmədi, biri Tahir Kərimlidi - müstəqilliyi görsə də, "qəza"ya uğradı: müstəqillik ehtişamını yaşamır.
Həmin o Tahir Kərimlinin gözəl bir fikri olub adam kimi adam olan vaxtlarında: "siyasətçinin ailəsi olmamalıdı!" Düzdür, dahiyanə fikir deyil, amma Azərbaycan üçün keçərli və doğru fikirdi.
Bax, o fikrin üstündə Aydın Məmmədovu düşünərkən bu qənaətə gəlirəm: Elə insanlar var ki, onların xanımı, qızı, oğlu olmamalıdı! Anası, bacısı, qardaşı, atası da həmçinin!
Əslində, Aydın Məmmədovun da olmamalıydı. Ona görə yox ki, elə adamlar var ki, onun anası-bacısı, xanımı, qızı olması ona haramdı, ona görə ki, o insanlar ailədən, qohumdan-əqrəbadan, dostlardan çox-çox ucadadılar. Mən dədəmdən başqa bir kimsəni görmədim ki, oğluna güzəştə getməsin: prezident də, fəhlə də "oğlum" deyib sinəsini irəli verib, heç zaman da etiraf etməyib ki, mənim oğlum cəzaya layiqdi! Stalin nağıllarını təbliğat arsenalı üçün saxlayın.
Aydın Məmmədov "bu xalq qəhrəmanını ya meydanda, ya dar ağacında görmək istəyir" demişdi!
Aydın Məmmədov bu milləti konsensusa çağırmışdı!
Aydın Məmmədov ölə biləcəyi vaxtlarda, olaylarda yox, ölməməli və yaşamalı bir məqamda qəzaya uğramışdı!
Mən bilmirəm bəhanəsinə nə deyirlər, ilahi qismətmi, alın yazısımı, daha nə, ancaq bilirəm ki, an anındadır, müddət müddətində.
Hə, elə adamlar var, onların sorunu Allahdan olacaq - mən, məsələn, Allahdan Aydın Məmmədovu soruşacam!
Bilirəm, Yaradan düzüb-qoşub, lövhi-məhfuzunda cavablar var, ancaq əminliklə bəyan edirəm: mənim sualıma cavab olmayacaq! Yazılmayıb o sual o lövhi-məhfuzda!
Aydın Məmmədovun varlığı və əlimizdən alınması yüzlərlə cavabsız sualın meydana çıxmasıdı. Yarımçıqlığın təntənəsidi! Başa çatmayan layihələrdi. Bitməyən arzulardı. Zənnə-gümana qapılmağa əsasdı. Həqiqətlərin qətlidi!
Bizlər bu gün çox gileyliyik - özümüzdən, xalqımızdan, ziyalımızdan, iqtidarımızdan, müxalifətimizdən, gənclərimizdən, qocalarımızdan...
Bu gileylər və narazılıqlar... Aydınların və AYDINLARIN YOXLUĞU səbəbindəndir!
Ya allah aydınlıq gətirməlidi taleyimizə, ya xalq AYDINlaşmalıdı!
Əslində, Molla Nəsrəddinin allahtərəfimi, ya ədalətli bölgüsümü halındayıq!
Allahtərəfi bölgü... ədalətini itirib!
Ədalətli bölgünü isə xalq müəyyənləşdirməkdə acizdi!
Allaha yaxınlaşmaq üçün bəzən dinsiz-imansız olmaq gərəkir!
Biz o mərhələdəyik!
Bizə aydınlar və Aydınlar lazımdı!
Nəinki boyu, həm də özü uca olanlar - ailədən, dostlardan, düşmənlərdən... Uca!
Vətən boyda, yəni...
Aydın Canıyev
Qeyd: Teref.az olaraq Aydın Canıyevin bu rekviem yazısına Aydın Məmmədovun bir sitatını və Aqil Abbasın ona söz sonu olaraq yazdığı cümləni vermək istəyirəm:
Aydın Məmmədov: "Yaşamaq lazımdır sabaha qədər".

Aqil Abbas:Bilirsinizmi niyə? Peyğəmbər ola bilməyənlərin peyğəmbərliyindən yazmaq üçün...
Teref.az
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.