Milyonçu Tağıyev barəsində heç zaman deyilməyən maraqlı faktlar, səhv çıxan proqnoz – TARİX

21-11-2018, 10:14           
Milyonçu Tağıyev barəsində heç zaman deyilməyən maraqlı faktlar, səhv çıxan proqnoz – TARİX
Moderator.az hazırladığı tarixi yazılar silsiləsindən tez-tez bir neçə şəxs barəsində yazılara xüsusi müraciət edir ki, onlardan da biri Hacı Zeynalabdin Tağıyevdir.

Bu dəfə də ənənəmizə sadiq qalaraq, milyonçu messenant barəsində indiyədək bəlkə də heç yerdə səsləndirilməyən fikirləri qeyd edəcəyik.

Tağıyev irsinin araşdırıcısı, fəlsəfə doktoru Fərhad Cabbarovun sözlərinə indi sizə təqdim edəcəyimiz faktlar demək olar, heç kəsin bilmədiyi məqamlardır:

“Məndə Tağıyevin mühasibat kitabları var, çox maraqlıdır. Məsələn, Nizaminin məzarının bərpası üçün pul ayrılıb. Bu, demək olar ki, heç kəsin bilmədiyi bir məsələdir. Rusiyanın elə şəhərlərinə yardım göndərib ki, heç o şəhərlərin adlarını rusların özləri də tanımayacaq. Birində məscid, digərində kilsə tikintisi, başqa birində kiminsə oxuması üçün pul göndərib. Bu insan təkcə Azərbaycanda deyil, bütün Rusiya ərazisində, eləcə də hökumət tərəfindən nüfuz sahibi kimi qəbul olunub.Bu yaxnlarda 1905-ci ilin sentyabrına dair arxivdən bir qeyd tapmışam. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və o dövrün bir neçə məşhur şəxsi Tağıyevdən 50 min rubl pul götürüblər. Həmin dövrdə erməni qırğınları gedirdi. Deməli, bu qəbz elə-belə verilməyib. Ə.Ağayev “Difai”nin yaradıcısı idi. Təsəvvür edin ki, məktəbin tikintisi üçün Tağıyev toxunulmaz fond kimi banka 25 min rubl qoymuşdu. 50 min rubl isə onun iki mislidir. 1905-ci ilin avqustunda Şuşada qırğınlar başlamışdı. O vaxt Rusiya hökuməti birmənalı olaraq ermənilərin tərəfini tuturdu, bizimkiləri isə tərk-silah edirdi. Həmin vaxtdan etibarən “Difai” ortaya çıxmağa, bizimkilər silah almağa başladılar. Yəni 50 min rublun verilməsi həmin dövrə təsadüf edir. Sonrakı dövrdə Tağıyevin sədri olduği xeyriyyə cəmiyyəti müsəlman əhalisini erməni qırğınından xilas etmək üçün Gəncəyə, Şuşaya, Naxçıvana külli miqdarda yardım etdi. Əslində mənim doktorluq mövzum 1905-ci il qırğınları ilə bağlıdır. Tağıyevlə bağlı araşdırmaları isə özümün vəfa borcum hesab edirəm. Çünki mən o kişinin evində işləyirəm. Hər halda o binanı bizim üçün tikib, qoyub.

Səhv çıxan proqnoz

F.Cabbarovun milyonçu barəsində söylədiyi daha bir maraqlı fakt :

"Məşhur "hambal" Tağıyev Bakı ilə və neft sənayesi ilə maraqlanan hər kəsə tanışdır. Onun var-dövləti təsadüfi bəxt nəticəsində toplanmışdır. Başqaları onu fitri bacarıqlara malik maliyyəçi olduğuna inandırandan sonra Tağıyevin işləri pis getməyə başladı. O, fabrik sahibi, bankir, mesenat oldu və çox güman ki, vaxtında ölməsə, müflis olacaqdır" (Rusiya Dövlət Tarix Arxivi).
Bu sitat 1909-cu ildə Dövlət bankının Bakı şöbəsini təftiş edən A.V.Kalaşnikova məxsusdur. Göründüyü kimi, çox qərəzli, xoşagəlməz dəyərləndimədir (xüsusilə "təsadüfi bəxt" məsələsində), lakin əsas odur ki, proqnoz özünü doğrultmadı. Tağıyev nəinki müflis olmadı, hətta bir neçə ildən sonra Bakıda Ticarət bankını təsis etdi”.
MODERATOR.AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.