Gəncə adının batini mənası

5-01-2019, 07:48           
Gəncə adının batini mənası
Elmdə müəyyən bir şey haqqında fikir yürütmək üçün, onun yazıldığı dövrün məntiqini anlamaq vacibdir. Adlar, toponimlər də bu mənada izaha ehtiyacı olan sözlərdir. Kİtabi Dədə Qorquda görə, ad qoymaq üçün mütləq Dədə Qorqud gəlməli idi və o da gəlib xüsusi məntiqlə insanlara, əşyalara və s. ad qoyardı. Qədim müdriklərə görə, bütün adlar, toponimlər və s. sufi məntiqi ilə qoyulmalıdır. Müdriklərin məntiqində, bütün varlıqların xassəsi, tərkibi - İlahdan, yəni İlkin materiyadan ibarət olduğu kimi, adların da batini mənası İlahla və onunla vəhdətdə olan Allahla bağlı olmalıdır. Başqa sözlə, qədim məntiqə görə, ölkəsindən, dillərindən və s. asılı olmayaraq bütün toponimlər də İlahi məntiqə uyğun qoyulmuşdur. Fikir bildirmək istədiyim, ölkəmizin ən qədim şəhərlərindən olan Gəncə şəhərinin də adının mənası bu sufi məntiqi ilə açılır.

Gəncə rəmzi haqqında qəti söz deməzdən əvvəl, bu rəmzin bağlı olduğu digər rəmzlərə də nəzər salaq. Gəncə adı toponimlərdə Gəncəbasar, Gəncəsar və s. kimi qalmışdır. Bu toponimlərdə Gəncə adı Asar və Basar rəmzlərinə aid edilir. Asar rəmzi ən qədim mənbələrdə Əsər/Assur/Aşşur və Azər kimi keçib, qədim Misirin Osiris Allahına aid edilir. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam (http://gilarbek.blogspot.com/2018/06/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html). Qədim Misir mənbələrində Asar/Osiris Allahı kosmik İnsan kimi təsvir edilir və bu Allahın yer üzündə durması da, onun Cəd (Ced) sütunun qaldırılması kimi rəmzləndirilir. Mənbələrə görə, Asar Allahın Cəd sütunu Busiridə (Busiris) qaldırılır ki, Basar (BSR) rəmzi də məhz Busiri (BSR) rəmzi ilə eyni anlamdadır. Sufi-batinilərdə Basar/Busiri rəmzi Ba-Asar kimi açılır ki, bu da Asar/Osiris Allahının Ba ruhu deməkdir. Ba (Bəsmələ) ruhu isə firon (pir) Amonun göylərdə (Asarın bədənində) ölümsüzlük qazanmış ruhudur. Firon Amon, Asar/Osiris Allahını məhz öz ruhunda, beynində yaratmış, sonra isə teurqiya, yəni magik rituallarla onu canlandırmışdır. Başqa sözlə, Basar rəmzi, kosmik İnsan-Allah olan Asar/Osirisin yerdən göyə ucaldığı ərazini bildirir. Belə çıxır ki, Gəncə toponimi də Asar/Osiris/Azər Allahının yaradıldığı yerlə bağlıdır.

Ərəb coğrafiyaşünası İbn Hövqəl Gəncə adını Cənzə kimi yazır. Qəbul olunmuşdur ki, Gəncə adı “xəzinə” mənasını verən “Kənz” rəmzindən yaranmışdır. Gəncə adının ilkin Kənzə varianrtı, yalnız samitlərin xüsusi məna ifadə etdiyi qədim dilçilikdə KNZ kimi yazılır. Qədim Misir mənbələrində KNZ rəmzi XNS (Xensu, Xnes, Axnes) şəhəri kimi göstərilir və Yaradıcı Allahın ilk dəfə ilkin sulardan quruya çıxdığı Herakl şəhəri ilə eyniləşdirilir. Belə çıxır ki, Yaradıcı Allahın ilkin sulardan quruya çıxdığı Kənzə (KNZ) şəhəri elə Asar/Osiris Allahın Cəd sütununun göylərə ucaldığı Busiri, yəni Basar şəhəridir. Gəncə rəmzinin Gəncəsar toponimi kimi qeyd olunması da elə Kənzə rəmzinin məhz Asar/Osiris/Azər rəmzinə aid olması deməkdir.

Qədim dilçilikdə və sufi-batinilikdə rəmzlərin sağa və sola yazılışı mənaya təsir etmirdi. Məsələn, qədim Misirin Ptah (PTH) rəmzi digər yerdə Hotep (HTP) kimi və s. yazılırdı. Bu o deməkdir ki, KNZ rəmzinin də tərsini, yəni ZNK kimi oxunuşu eyni mənanı verməlidir. Bu rəmz isə bizə məlum olan Zəngi rəmzidir və biz bu rəmzə Zəngibasar (Zəngi-Basar) və Zəngəzur (Zəng-Azər) toponimlərində rast gəlirik. Zəngi rəmzi də qədim dilçilikdə və sufi-batinilərdə çox dərin mənalı rəmzdir. Ən qədim mənbələrdə Zəngi (ZNG) rəmzi Sünik (SNK) və s. kimi keçir. Ermənistan tarixində Sünik – müqəddəs Ataların Süni dağında “səhra” tikdikləri yerdir ki, bu səhra mənbələrdə “mələklərin yaşadığı məskən və müqəddəs səhra”adlandırılır. Bu böyük səhradakı “Atalar monastırı”nda, ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Başqa sözlə, müqəddəs Atalar məhz Sünikdə insan ruhlarının ölümsüzlük qazanması üçün cənnət tikmişlər ki, KNZ və Zəngi (ZNG) rəmzləri də Sünikdə yaradılmış bu cənnətlə bağlıdır.

“Sünik” rəmzi qədim Misir dilində SNQR kimi yazılır və bu da Sünik-Ra mənasındadır. Araşdırıcılar SNQR rəmzini Tövratın Sennaar torpağına aid edirlər ki, məhz burada Şərqdən gələn Assurlar (Asar/Azər) Babil qülləsini tikmişlər. Belə çıxır ki, “Allahın qapısı” mənasını verən Babil qülləsi elə müqəddəs Ataların Sünikdə tikdiyi “səhra”, yəni göydəki cənnətlə bağlıdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Zəngəzur, Zəngibasar dedikdə qədim müdriklər, Sünikdə, pir-fironların ölümsüz Ba ruhları üçün yaratdıqları və bizim Asar/Azər dünyası (Osiris şahlığı) kimi bildiyimiz Qurandakı cənnəti nəzərdə tutmuşlar.

Basar (Ba-Asar) rəmzi Quranda “Zərbiyyə” (Azər-Ba) kimi keçir və Asar/Azər cənnətinin göydə xalça rəmzində “toxunması” anlamındadır. Ərəb mənbələrində bu Asar/Azər xalçası – uçan xalça adlanır və rəvayətə görə Süleyman peyğəmbər özü və bütün sarayı bu xalçada göydə uçurmuş. Yəhudi deyimlərinə görə isə, xalçanın sahəsi altmış kvadrat mil olub, yaşıl ipək, qızılla naxışlanmışdır. Süleyman sarayının cinlər tərəfindən tikildiyini nəzərə alsaq anlayarıq ki, bu xalça göydəki ruhlar dünyasının rəmzidir. Başqa sözlə, Basar, Asar, Zərbiyyə rəmzləri göylərlə və göydə yaradılmış “Dünya” ilə bağlıdır.

Məhşur sufi alimi Əbu Həmid əl-Qəzaliyə görə, “Dünya” üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan “aləm əl-Mülk və-Şəhad”, ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncüsü isə - gözəgörünməz o biri dünyadır ki, “aləm əl qeyb vəl-Mələküt” adlanır. Batinilikdə Mülk dedikdə, göydə cənnət yaratmış firon (pir) Amonun yerdəki Eli, Cəbərut dedikdə bu Elin-Mülkün altında gizlədilmiş Babil, Etemenanki və s. adlanan qızıldan yaradılmış Esagil məbədi, Mələküt aləmi dedikdə isə peyğəmbərlərin, müqəddəs Ataların göydəki Alban (Ermənistan) dünyası təsəvvür olunur. İstəhri məhz bu mənada Azərbaycan, Ermənistan və Arran haqqında bildirir ki, - “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir “İqlim” kimi baxırıq”. Müqəddəsi də bu üç ölkəni “İqlim əl-Rihab” adlandırır və buradakı “İqlim” rəmzi qədim mənbələrdəki Gelam/Kəlam/Mülk/Mələk rəmzləri ilə eyni mənalıdır. Belə çıxır ki, burada Azərbaycan dedikdə, Allahın yerdəki mülkü, Arran dedikdə yerin altında gizlədilmiş Cəbərut aləmi, Ermənistan dedikdə isə Mələküt, yəni mələk obrazında ölümsüzlük qazanmış insan ruhlarının göydəki cənnəti təsəvvür olunmalıdır. Erməni mifologiyasına görə, Ermənistana köçmək üçün insanlar Aragildə “qanad geyib”, bu aləmə köçürlər. Gəncə adının “xəzinə” mənası isə, mülkün altındakı Cəbərut aləmində gizlədilmiş Süleyman peyğəmbərin ən zəngin xəzinəsi ilə bağlıdır.

Bütün bunlar o deməkdir ki, sufi-batinilərdə Gəncə, Gəncəbasar rəmzləri – dünyaya hakim kimi gəlmiş Azər (Asar/Osiris) Allahının durduğu yeri bildirir. Sufilərdə samit-rəmzlərin yerinin dəyişməsi, mənaya təsir etmir. Başqa sözlə, Gəncəbasar (Gəncə+Ba+Asar) rəmzi, Azərbaycan (Asar+Ba+Can) adının sufi məntiqi ilə digər yazılış formasıdır. Mən, “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi” adlı məqaləmdə bu haqda daha geniş məlumatlar vermişəm (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html).

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.