"İranlı şairənin inqilabı" Mərahim Nəsib

20-01-2019, 16:22           
"İranlı şairənin inqilabı"      Mərahim Nəsib
Sevgi görməyən bir qız uşağı, övladından ayrılmış ana, namussuz elan edilmiş aşiq, şeiri tanrısı hesab edən sənətkar və ən əsası isə, özünü tapmağa başlayanda həyatını itirən bədbəxt bir qadın-Füruğ Fərruxzad.
Adının mənası işıq olan Füruğ, 1934-cü ildə Tehranda hərbiçi ailəsində dünyaya gəlir. Onun qara taleyi elə anadan olduğu gündən başlayır. Sanki hansısa qüvvə onu bilərəkdən bu bataqlığa atır ki, öz alovu ilə geridə qalanlara işıq saçsın.

1951-ci ildə 17 yaşında məcburi olaraq ərə gedir.
1952-ci ildə ilk kitabı "Əsir" işıq üzü görür.
1953-cü ildə oğlu dünyaya gəlir.
1954-cü ildə ərindən boşanır. Şəriət qanunlarına əsasən oğlunun atası ilə qalmasına qərar verilir. Bu azmış kimi, boşandıqdan sonra heç vaxt oğlunu görə bilmir.
İlk şeirlərindən birini də oğluna həsr edir:
"Səni istəyirəm
və bilirəm ki,
əsla qoynuma ala bilməyəcəyəm səni.
Sən o aydın və parıldayan göy üzüsən,
mən isə bu qəfəsdə dustağam"
1956-cı ildə İtaliyaya gedir.
1957-ci ildə "Divar" adlı ikinci kitabı işıq üzü görür.
1959-cu ildə üçüncü kitabı "Üsyan" nəşr olunur.
1960-cı ildə İrana geri qayıdanda, artıq şeirlə bərabər Teatr və Kino sahəsi ilə də maraqlanmağa başlayır.
1962-ci ildə lentə aldığı "İtaliya" adlı sənədli filmi, İtaliyada sənədli filmlər festivalında birinci yerə layiq görülür.
1963-cü ildə "Qara ev" filmi isə Almaniyada ən yaxşı film mükkafatını qazanır.
1964-cü ildə "Başqa bir doğuluş" adlı dördüncü kitabı yayımlanır.
1965-ci ildə "Unesko" və Bernardo Bertolucci tərəfindən haqqında iki sənədli film çəkilir.
1967-ci il 14 fevralda yol qəzası nəticəsində dünyasını dəyişir.

Bu xronoloji ardıcıllığı əbəs yerə qeyd etmədim. İran kimi qapalı şərq ölkəsində, qadınların azad olmadığı bir zamanda və bir sistemdə cəmiyyətin qəbul etmədiyi işləri ardıcıllıqla görmək heç də asan deyildi, həm də bir gənc qadın üçün. Amma Füruğ Fərruxzad bunu bacarmışdı.

Günümüzdə modern, sərbəst, azad qadınların mentalitet və ictimai qınaqlardan doğan "qadın cəhalətinə", "qadın avamlığına" qarşı apardığı mübarizəni 20-ci əsrin 50-ci illərində, İran kimi şərq ölkəsində, 20 yaşlarında olan Füruğ Fərruxzad aparmağa başlamışdı.
Füruğ öz həyat tərzi və yaradıcılığı ilə azadlığın nə qədər əlçatmaz, nə qədər gözəl və necə dadlı bir nemət olduğunu cəmiyyətə çatdırmaq istəyirdi.

Füruğ Fərruxzad, yaradıcılığını həyatı ilə birləşdirərək sadəcə şeirlər yazan bir qadın deyildi. O, həm də bütün dərdlərini şeirləri ilə danışdırmağı bacaran bir şair idi.Yazdığı şeirlər ilə 20-ci əsrin ortalarında, İranda qadın olmağın bütün təfərrüatını və mahiyyətini simvolizə etməyə çalışırdı.

Füruğ, müasir İran ədəbiyyatının əsas simalarından hesab olunur. Müasirlərindən fərqli olaraq, o bütün varlığını yaradıcılığa, yaradıcılıq vasitəsi ilə isə radikal sistemin içində nəfəs ala bilməyən, boğulan insanlara həsr eləmişdi. Qadınların qadın ola bilməsinin, arzularının, istəklərinin azad və müstəqil yaşamağa layiq olmaqlarının simvolu olmuşdur. Onun üçün qadın bir qardaşın, yaxud bir ərin, ya da bir atanın oyuncağı, köləsi deyildi, qadın öz-özlüyündə, hər şeyə rəğmən azadlığa layiq bir varlıq idi. Məhz bu səbəbdən də bütün varlığı və yaradıcılığı ilə bunu təbliğ etməyə çalışırdı.
1952-ci ildə evindəki əsarətdən xilas olmaq üçün başqa bir məhbus həyatına razı olur. Hələ 17 yaşında ikən ailə qurur və bir il sonra bir oğlu dünyaya gəlir. Lakin oğlunun dünyaya gəlməsindən çox keçməmiş, əri ilə yaşadığı problemlər səbəbindən boşanır. Boşanmağının əsas səbəbi isə, 1954-cü ildə Tehranın məşhur dərgilərinin birində dərc olunan erotik şeiri olur. Şeirin mövzusu bir qadının əri olmayan kişi ilə yaşadığı erotik münasibətdən bəhs edir. Təbii ki, o şəraitdə heç bir ər "belə bir qadın" ilə yaşamağa razı olmazdı.

Füruğ boşandıqdan sonra İtaliyaya gedir. Bir müddət sonra İrana qayıdaraq, kino çəkmək üçün bir sıra film şirkətlərinə müraciət edir və nəhayət həyatında növbəti macəralara pəncərə açacaq olan İbrahim Gülüstani ilə tanış olur. Gülüstaniyə olan qarşılıqsız sevgisinə görə dəfələrlə sərt təhdidlərə, təhqirlərə məruz qalır. Hətta bir neçə dəfə intihara cəhd etsə də, istəyinə nail ola bilmir.
Füruğ bu münasibəti bir şeirində belə qələmə alır:
"Mənim bədənim onun üçün sanki müvəqqəti bir seçimdir. Lakin mən bütün ağacların budaqlarında bir meyvə kimi yetişmək istəyirəm"

Füruğ şeiri şeir kimi yaşayırdı. Həyatının hər dəqiqəsində şair olmalı olduğuna inanırdı. Sözləri də şeirə olan baxış bucağını ortaya qoyurdu.
Yaşadığı müddət ərzində yazmağa davam elədi. Yazmaq onun üçün nəfəs almaq idi. Yazmaq onun üçün azad qadın olmaq, azadlığını yaşamaq idi.

Füruğ, doğumu ilə ölümü arasındakı 32 illik qısa bir ömürə bütün bunları sığışdırmağı bacarmışdı.

Onun ən böyük özəlliklərindən biri də, qadınlar şeir yaza bilməz tabusunu qırmaqdan ibarət idi. Əvvəllər qadın şairlər şeirlərində sevgidən bəhs etsə də, heç vaxt şeirlərində sevginin cinsini vurğulamaz, gizli saxlayardılar. Yalnız kişilər qadınlara şeir yaza bilər, onları istədikləri kimi vəsf edə bilərdilər. Füruğun yazdığı erotik şeirlər, üstəlik şeirlərində çəkinmədən şeirlərini ünvanladığı şəxsləri çılpaqlığı ilə vəsf etməsi, onun inqilabının əsas tərəflərindən biri idi.
Lakin onun inqilabı özündən başqa hamıya nəsə qazandırırdı. Özü isə daim ən ağır mənəvi işgəncələrə məruz qalırdı.

Belə ki "Divar" adlı şeirlər kitabı işıq üzü gördükdən sonra, bir qadına edilə biləcək ən ağır işgəncəyə məruz qalır. Oğlunu görməyi ona ömürlük qadağan edirlər. Dəfələrlə oğlunun oxuduğu məktəbə gedib onu gizli-gizli izləməsinə rəğmən, ona yaxınlaşıb çəkdiyi əzab-əziyyəti az da olsa susdura bilmir. Sonralar anası cüzam xəstəsi olan bir uşağı onun üçün övladlığa götürərək az da olsa oğlu üçün çəkdiyi həsrəti unutdurmağa çalışır.
Elə bu səbəbdən də müasirləri onun haqqında belə deyirdilər:
"İrandakı insanların nə qədər azad ola bildiyini, sırf şair olduğu üçün övladından məhrum edilmiş bu qadından analaya bilərik"

"Həssas və incə bir gövdəylə
iri, sərt iki məməylə
bir sərxoşun, bir dəlinin, bir sərsərinin yatağında
kirlədə bilər insan bir eşqin məsumiyyətini"
deyən Füruğ, gecə vaxtı fırtınalı dənizin ortasında qalan gəmiyə bənzəyirdi. O gəmiyə ki, ertəsi gün günəş çıxsa da, fırtınanın təsirindən dağıntıları dənizin ortasında qalmışdır.

Qısa ömrünə böyük şeylər sığdırmağı bacaran Füruğun şeir ölkəsinin vətəndaşı olan insan, eşqdən ən ağır zərbələri alsa belə, yenə də eşqi sevməyə başlayır.
32 yaşında ikən öz maşını ilə kinostudyadan çıxıb evə gedəndə, qəza şəraiti yarandığı üçün, məktəbdən uşaqları gətirən avtobus ilə toqquşmasın deyə maşını ağaca çırparaq gözlərini həyata əbədi olaraq yumur.
Qarşı çıxdığı rejim onun cənazəsindən belə intiqam almağa çalışır. Mollalar "fahişə"nin cənaza namazını qılmayacaqlarını söyləyirlər. Atası tərəfindən rədd edilmiş qadın, kütlə tərəfindən də tərk edilmişdi. Cənazə namazı qılınmadığı üçün dəfni iki gün gecikdirilir. Nəhayət bir yazıçı tərəfində namazı qılınır və dəfn olunur.
Füruğ haqqında söyləniləcək çox söz olsa da, onu təsvir etmək üçün kəlimələr kifayət eləmir.
Füruğ ölsə də, yaratdıqları ilə bu gün də yaşamağa davam edir.
Özünün dedyi kimi:
"Quş ölür, sən uçmağı xatırla"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.