Nəsiminin şeirlərində “Quş dili” məntiqi

5-02-2019, 11:58           
Nəsiminin şeirlərində “Quş dili” məntiqi
Alimləri qıcıqlandıraraıq: “Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir.
Bildiyimiz kimi 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Ortaya çıxan problem isə ondan ibarətdir ki, Seyid İmadəddin Nəsimi fəlsəfəsi adi insanlar üçün dərkolunmazdır. Nəsimi dəryasının dərinliyinə baş vurmaq üçün, onun öz dilini, fəlsəfəsini bilmək vacibdir. Nəsiminin dili isə, özünün dediyi kimi “Quş dili”dir və bunu yalnız Süleyman peyğəmbər bilmişdir. Məşhur sufi alimi Mühiddin İbn Ərəbi “Quş dili”ni - “Süleyman pilləsi” adlandırır və bildirir ki, bu “pillə” - dünyanın ən ali insanları olan Məhəmməd peyğəmbərin nəslinə verilmişdir. Deməli, Seyid Nəsiminin şeirlərinin gizli mənalarını, dünyanın ən ali insanları olan seyid-bəglər nəslinə mənsub sufilər anlaya bilər.“Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir.

Bu məqalədə biz Nəsiminin bir neçə misrasının sufi-batini mənasını açmaqla, bu fəlsəfənin dərinliyini oxuculara göstərəcəyik.

Sirri ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,

Həm həqq derəm, həqq məndədir, həm xətmi-insan gəlmişəm.

Həm Lövhü Tövrati Zəbur, İncilü, Qurani Şühəf,

Həm mən kəlami-natigəm, həm cəmi Quran gəlmişəm.

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,

Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdan gəlmişəm.

Bu şeirində Nəsimi özünü İlahi sirləri bilən “gizli imam”, Allah kimi təqdim edir və “xətmi-insan”, yəni Kamil İnsan nəslinin sonuncusu adlandırır. Digər tərəfdən, o burada özünü, Rəhman Allahla və bütün müqəddəs kitabların gizli mənalarını dərk edən, “Danışan Quran” anlamında İmam Əli ilə eyniləşdirir. Onun vəhyləri dəqiq anlaması və özünü “İlahinin nuru” adlandırması isə o deməkdir ki, Nəsimi burada özünü İmam Mehdi kimi göstərir.

Sufi-batinilərin “Quş dili”ndə İmam Əli obrazı Mehdi Sahib əz-Zamanın obrazıdır. Batinilikdə Məhəmməd peyğəmbər - yaranışdan axirətə qədər (5500 il) dünyanı idarə edən Rəhman Allahın obrazı, Mehdinin obrazı isə axirətdən sonrakı dövrlərdə (2200 il) dünyanın sahibi olacaq Allahın obrazdır.

Nəsimi, şeirində – “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyir ki, iki cahanın bir bədəndə mövcudluğu - insan bədənindəki ruhun, iki dünyanın ruhuna çevrilməsi deməkdir. Ruhun belə bir metamorfozası yalnız Əvvəldə və Axırda gələn Allaha aidir. Əvvəldə gələn Allah - qədim Misirin ilk fironu Amon olmuşdur. O öləndən sonra, ruhu, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşmiş və iki dünyanın sahibi Ra-Amon/Rəhman Allaha çevrilmişdir. İkinci belə bir ruh isə axirətdə gələcək Mehdidə olacaq ki, o da öləndən sonra, ruhu iki dünyanın ruhuna çevriləcəkdir. Deməli, Nəsiminin şeirlərindəki obrazı, axirətdə gələcək Mehdinin obrazıdır.

“İki dünya” dedikdə sufi məntiqində - yerdəki fiziki dünya və pir/firon Amonun göydə yaratdığı ruhlar dünyası, yəni cənnət başa düşülməlidir. Qədim Misir fəlsəfəsində bu iki dünya Atum adlı Kosmin İnsanın bədənindədir. Bu Kamil İnsanın ayağa durduğu yer – fiziki dünya, onun göydəki bədəni isə ruhlar dünyasıdır. Bu yaradılış haqda mən “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə yazmışam (http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html). Deməli, “iki cahanı” bədənində “daşıyan” Nəsimi – “iki dünyanın sahibi” olan Ra-Amon Allahının axirətdə gələcək obrazıdır.

Gəl, ey mömin, mənim canım Əlidir,

Nə can, kim bil ki, cananım Əlidir.

Nəsimiyəm, Əli mədhin oxuram,

Ki, bülbül-Gülüstanım Əlidir.

Nəsimi burada Əlini – öz canı adlandırır ki, bu da batini mənada Nəsimi obrazına aiddir. Sufizmdə hər bir adın batini mənası var ki, bu da bilavasitə Allahla bağlıdır. “Nəsimi” (N-SM) rəmzi sufizmdə “Sim” (SM) rəmzindən yaranmışdır və bu rəmz Tövratda Musa (MS) kimi keçir. Ümumilikdə Sim/Musa rəmzləri sufizmdə - göyləri və Musa peyğəmbərin bu səmada yaratdığı Vəhy Çadırını (cənnətin obrazı) bildirir. Musanın uşaq ikən zəmbildə çaya atılması və zaman sularından yenidən quruya çıxması onu deməyə əsas verir ki, bu obraz, Allahın “Dünya”nı var etdiyi zaman yaradılmış və göy cənnətində axirətə qədər qalmış Mehdinin obrazıdır. Deməli, batinilərdə Nəsimi rəmzi – göylərin və bu göylərdə yaradılmış Kosmik İnsanla bağlı rəmzdir.

Nəsimi, şeirində İmam Əlini həm də cananı adlandırır. Sufizmdə Əli obrazı çox dərin mənalar verir ki, bunu anlamaq üçün ilkin mənbələrə nəzər salmaq lazımdır. Əli (L) rəmzi yəhudilərdə El (L) kimi məlumdur və “Allah” mənasını verir. Tövratda El-Eliyon, yəni Əli-Əliyyün – Uca Allah deməkdir. Quranda da Əliyyün rəmzi Uca, Ali anlamındadır. Tövratda El-Eliyon rəmzi – axirətdə gələcək Melxisedek obrazına aid edilir və Melxisedek burada “El-Eliyonun kahini”, “Yerin Göyün Hökmdarı”, “Səlim şahı” adlandırılır (Библия, Быт. 14:1-17). Tövratda Səlim şəhəri – həm yerdəki Yerusəlimə və həm də “ruhlar dünyası” mənasında göydəki Səlim şəhərinə aid edilir. Sufi-batinilərdə “Səlim” (SLM) rəmzi ilə eyni mənalı “İslam” (SLM) rəmzi mənbələrdə İslam ərazisi, İslam dairəsi (Dar üs Səlam), İslam Evi və s. mənalarında işlənir ki, bu da Səlim şəhəri ilə eyni fikri bildirir.

“Din” (DN) rəmzi isə Qurandakı Ədn/Eden (DN) cənnətinin rəmzi ilə eyni məna daşıyır və bu da İslam dininin “cənnət” fikrini ifadə etməsi deməkdir.Mühiddin İbn Ərəbi İslam dinini ölümlə əlaqələndirir və qeyd edir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “din” rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da İslam dininin göydəki El, Vilayət, Dünya mənasında olması anlamındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). İbn Ərəbi bildirir ki, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. Bu isə o deməkdir ki, Səlim/İslam ərazisi, şəhəri - cənnət, ruhlar dünyası anlamındadır. İslam dini də möminin öləndən sonra, ruhunun bu cənnətdə ömrünü davam etdirməsi üçün qanunlar toplusudur. Başqa sözlə, batinilərə görə, Səlim/İslam şəhəri – göydəki cənnət Elidir, ruhlar Vilayətidir. Tövratdakı Səlim şahı El-Eliyun da İslamın Əli-Əliyyunudur və o Yerin Göyün Allahıdır.

Tövratda El rəmzi El-Şadday formasında “Qüdrətli Allah” mənasını verir. Buradakı Şadday rəmzinin kökü olan Şad/Sad (ŞD/SD) rəmzi dilimizdə “seyyid” kimi qalmışdır. İslamda da Allahın adlarından biri “Seyyid”dir. Qədim türk mənbərində Şadday/Seyyid rəmzi - “şad apıt bəgləri” kimi keçir və göydə Tanrı yaratmış türk bəylərinə aid edilir. Bu isə o deməkdir ki, El Allahı – türk bəglərinin teurqiya ilə göydə yaratdığı Allahdır. Türklərin “Moyun Çor” abidəsində türk xanı iddia edir ki, məhz O: “Tanrıda olmuş, El yaratmış müdrik xaqandır. “Bilgə Xaqan” abidəsində isə, göydə yaradılışmış bu El özü - Tanrı, yəni Allah adlandırılır. Bu isə o deməkdir ki, qədim mənbələrdə El Allahı dedikdə, göydə yaradılmış Göy Türk xaqanlığı, Eli, Vilayəti nəzərdə tutulur. Bu Eldə, Vilayətdə türk bəgləri ölümsüzlük qazandığı üçün göydəki bu dünya qədim Assur, Misir yazılarında “ölməzlər yurdu”, yəni cənnət adlandırılır. Bu haqda daha geniş məlumat, müəllifi olduğum “Ledun elmində İmam Əli obrazı” adlı məqaləmdə verilmişdir (http://gilarbek.blogspot.com/2012/08/ledun-elmind-imam-li-obraz.html).

Bütün bunlar o deməkdir ki, Əli obrazı – Kosmin İnsan formasında olan və bədəni ilə iki dünyanı birləşdirən İlahi Varlığın obrazıdır. Şumerdə bu Kosmin İnsan - Luqal adlanırdı ki, sufilər Luqal (LQ-L) rəmzini İlahi-El (LH-L), yəni İlahi-Əli kimi oxuyurlar. İslamda İlahi-Əli rəmzi Əli-İlahi kimi məlumdur və təriqətlərdən birinin adlıdır. Əli-İlahi təriqətində İmam Əli Allah kimi göstərilir. Onlar Allah (LLH) kəlməsini də Əli-İlahi (L-LH) kimi oxuyurlar.

Digər tərəfdən, qədim Şumerdə “İlahi” rəmzi Asar, yəni qədim Misirin Osiris/Azər Allahına aid edilərək mənbələrdə Asar-Luhi, yəni Azər-İlahi kimi yazılır. Deməli, Əli-İlahi elə şumerlərin Asar-İlahisidir. Bu isə o deməkdir ki, İmam Əli (El Allahı) obrazı elə Asar, yəni qədim Misirin Osiris/Azər Allahıdır. İmam Əlinin də axirətdə gəlməli olan Mehdi obrazında göstərilməsi, onun qədim Misirdəki “Ölüb-dirilən Osiris Allahı”nın obrazı olması deməkdir.

Nəsiminin İmam Əlini canı, cananı adlandırması o deməkdir ki, Nəsimi burada El/Əli adlı Kosmin İnsanın ruhu anlamındadır. Hər bir canlı varlıq bədəndən və ruhdan ibarətdir ki, bu kosmik varlığın da bədəni El/Əlidir. Batinilərə görə, məhz axirətdə, insan kimi doğulmuş Mehdinin ruhu göyə qalxaraq, El ilə birləşəcək və ona ruh verəcək. Başqa sözlə, axirətdə adi insan kimi doğulmuş Mehdi öldükdən sonra, onun ruhu göyə qalxaraq, Kosmin İnsanın ruhuna çevriləcək və Kosmin İnsanı dirildəcək. Bununla da Kosmin İnsan-Allah canlanacaq və dünyanın yeni sahibi zühur edəcək. Nəsiminin İmam Əlini canı, cananı adlandırması da sonda onunla birləşməsi anlamındadır. Nəsiminin dərisinin diri-diri soyulması da rəmzi mənadadır və bu rəmz – insan ruhunun, fiziki bədəni tərk edərək yeni forma alıb, ruhlar dünyasında ölümsüzlük qazanması mənasındadır. Nəsimi bu ruhlar dünyasını Gülüstan, ruhu isə bulbul quşu adlandırır.

Gülüstan rəmzi batinilərdə Gel-İstan, yəni Gel ölkəsi deməkdir. Qədim Misir mənbələrində bu Gel ölkəsi Geliopol, yəni Gel şəhəri adlanırdı. Məhz bu şəhərdə Allah “Dünya” yaratmışdır və qədim dünyanın bütün sirləri də məhz bu şəhərlə bağlıdır. Yazılara görə, axirətdəki diriliş də məhz burada baş verməlidir. Mənbələrə görə, Nəsimi Hələb şəhərində edam olunmuşdur ki, Hələb rəmzi sufizmdə Gel-Ba mənasında Gel elinin Ba Allahı deməkdir. Qədim Misirdə Ba Allahı (İslamda Bəsmələ) dedikdə, ruh mənasında olan ölümsüzlük qazanmış Benu quşu nəzərdə tutulurdu. Benu quşunun yaşadığı ölkə isə El-Benu, yəni Alban ölkəsidir. Maqarlı isə odur ki, erməni mənbələrində Alban ölkəsinin bir adı da Alu, yəni Əlidir (El). Assur mənbələrində Alu adlı bu göy cənnətinin, yəni İç Oğuzun yaradılması haqda mən “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə yazmışam (sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).

Deməli, Nəsiminin “Quş dili” – göydəki cənnətdə quş formasında ölümsüzlük qazanmış müqəddəs ruhların dilidir. Ruh isə göyləri təşkil edən ilkin materiyanın bir “damlası”dır. Başqa sözlə, Nəsiminin “Quş dili”- sufilərin “Hü”adlandırdıqları İlahın “dili"dir. Tövrata görə, bu dil – Şərqdən gələn və bir dildə danışan Assurların dili olmuşdur. Onlar Babil qülləsini tikmiş və məhz bundan sonra Allah onların bu “Quş dili”ni 70 dilə parçalayaraq, onları “Dünya”ya səpələmişdir. Babil qülləsinin, Sünikdə tikilmiş Albaniyanın “rəmzi” olmasını nəzərə alsaq anlayarıq ki, bütün qədim müdriklər kimi Nəsimi də öz yaradıcılığını Allaha və Onun bu dünyada yaratdıqlarına həsr etmişdir. Sufi məntiqinə görə bu dünyada yaradıcı Allahdan və onun seçilmişlərindən başqa heç kim yazılarda qeyd olunmağa laiq deyildir. Çünki bütün insaniyyət bu Tək Allahın "Əzəl Yazısı”dır.

Bütün bunlar haqda daha geniş məlumatlar, müəllifi olduğum ”Batini-Quran” kitabında və məqalələrimdə verlmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.