Səmərqənd - "Gur Əmir"də düşüncələr...

6-02-2019, 08:05           
Səmərqənd - "Gur Əmir"də düşüncələr...
Sona Vəliyeva

Səmərqənd - "Gur Əmir"də düşüncələr...

Ruhun qorunduğu,

sözün bitdiyi, heyrətin

sükuta yendiyi

yerdir bura,

Əmir Teymur!



Yuxumda gördüyüm kürsümdə

yarı insan, yarı Qurd donunda

elə bir andaca

görünüb gözümə,

yox oldun yenə...

Günəş Tanrının mərhəmət,

səxavət üzü...

Günəşin şüaları

dəyişdirir qəbir daşının

rəngini...

Əzəmət, heyrət, səndən

danışılan əfsanələr,

sehrləyib insanları...

Cazibən min-min heyranını

Sorğu-sualsız qarşılayıb,

yola salır...

Əsgərləri övlad kimi

bəslədiyin, nar şirəsi sıxılan

daş dibəklər danışır: ...

Əmir olanın, əsgəri dəmir kimi

möhkəm olmalıymış, -

demə...

Daş divarlarda

Qurdun baxışı, öz baxışın,

Əmir Teymur!

Min illər sonra da

yaddaşları oyaq tutacaq.

qurd rəsmi

görünür gözümə...

"Camal, huyy, huyy" - deyə

yaşlı qadın türbə önündə

nəvəsini axtarır.

Qurd ulamasına bənzəyir:

"huyy, huyy"...

Doğrumu,

deyirlər, sərkərdələrin

şəhid olanda,

sən "huyy" çəkəndə

yerlə göy qovuşarmış...

Dağ-daş ovularmış

Qurd qiyyəsi,

Qurd əsgərlərin yası, xiffəti,

öc andı, əsgər dəyəri,

övlad məhəbbəti...

Deyirlər qələbə müjdən,

Şükranlıqla qovuşan gün,

dağ başında, Ay işığında

qıldığın namaz

çoxdan Tanrıya qəbul,

Əmir Teymur!

Yüz illərdir, Əmir,

Türkün qum saatı

Zamanı qürurla çevirir,

Sevin!

Üzümüz günəşə doğru yol gedirik.

Ruhumuz Tanrıya

iman və məhəbbəti,

İçimiz Fateh sevgisini, nəsihətini

ocaqda od kimi qoruyur.

Nəsihətin, vəsiyyətin ömür yavanlığımız,

Tarixin qapıların

Nəsihətinlə, ədalətlə

üzüağ açırıq, Əmir!

Dedilər, pirdən, mürşüddən

ayaqda uyumaq vəsiyyətin

könül rahatlığın, -

Tanrı məqamında, işıq kimi

ucalmağın.

Dedilər, "Əmir Qarabağa aşiq",

Dedilər, "Əmir Qarabağı gözələ

bənzətmiş".

Bu gün Qarabağ qara sevdam,

Əmir!

Ruhun qələbəsi,

Türkün zəfəri,

Qurd qiyyəsində

Sənə çatan gün

duyuram çox uzaq deyil.

Deyirlər pirlər piri

Əmirin,

"Tanrı qulu Teymurun"

Haqq məqamında nur yeri var...

Qələbə günündə,

üçrəngli bayrağın

Ay üzünə kölgə saldığı zaman

türkün yeni zəfərində

görüşənədək,

Əmir Teymur.
edebiyyatqazeti.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.