Ölmüşdü Ağdam...

25-06-2019, 00:31           
Ölmüşdü Ağdam...
Məhsəti Şərif
Bir şəkil gördüm. Saralmış otlar içində. Miskin, çökmüş, dağılmış. Dedilər Ağdamdı. Yeni rəsimdir, Ağdam? Ola bilməz dedim. Əvvəlcə şəkli böyütdüm. Evimizi axtarmağa başladım. Füzuli küçəsini axtardım, yanmış evlərdən başqa heç nə görmədim. Nə də məscidimizi gördüm. Dedim pasaj vardı, yeni tikilmişdi, yeni deyərkən biz Ağdamda olarkən. Ondan sonrakı dövrü mənən yaşamadığım üçün illəri saymıram. Pasaj da yox idi. Çay evi, onu axtarmağa başladım, o simvoldu mütləq vardı. Bir ovuc kül gördüm. İmarət durar, orda məzarlarımız var. Xurşudbanu yatır orda. Rəsmi bir daha böyütdüm. Nə İmarət, nə məzar... Xursudbanun ruhu kələyağısını da alıb, uzaqlaşıb Ağdamın üzərindən.
Məhəllə-məhəllə axtardım. Uşaqlığımı da axtarmağa çalışdım... Məhəllədə top oynayırıq, qonşularımız sad-xürrəm danışıb-gülürlər. Səhər çantamı alıb 3 nömrəli məktəbə gedirəm. Qonşumuzun uşaqları 2 nömrəli məktəbə gedirdi. Bir-birimizə mane olmayaq deyə, bizi ayırmışdılar. Amma biz yenə ayrılmırdıq. Məktəbdən çıxan kimi oyun başlayırdı, nadinclikdə. Ayrılmayacağıq sanırdıq... Sonra məhəlləmizin peşmək satan Sara xalası vardı. Bir də kağızdan çiçək və sülh quşu satan dayı da vardı. Satığı sülh quşu da bizə yardım etmədi... Aradabir məhəlləmizə taxta arabada dondurmasatan da gəlirdi. 40 qəpiyə satardı. Baha idi deyə, biz də "Dostluq" kinotetrının yanındakı Elxan əmidən 25 qəpiyə olan dondurma alardıq. Hər dəfə də "Elxan əmi, br az çox tök" deyərdik. O da çox vaxt xahişimizi eşidərdi. Bəzən də qovalayardı bizi.
Bir də Ulduzə vardı məhəlləmizdə. Lal və kardı. Əqli catışmazlığı da vardı. Nədənsə Udan deyirdik ona. Həm də qorxurduq. Arada bizi nar çubuğuyla qovardı. Müharibə başlayandan sonra artıq bizi qovmurdu. Sakitləşmişdi. Saralmış, yıxılmış Ağdamda axtardım uşaqlığımı. Məhv olmuşdu. Yoxdu! Ölmüşdü!
...Ağdam çox canlı şəhər idi. Gecələri gündüz kimimi işıqlı, baxımlı, səs-küylü, canlı idi. Ölə bilməzdi Ağdam. Belə miskin, boynubükük, darmadağın ola bilməzdi.
Amma şəkilə baxdım, çoxdan ölmüşdü, ermənilər xəncəri ürəyinə basmış, çıxarıb Qarqar çatına atmış... Qanaxmasından saralıb-solmuşdu Ağdam...
modern.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.