3 kişi ilə evli olan, tanınmış rəssamla dəlicəsinə eşq yaşayan məşhur - MARAQLI FAKTLAR

18-07-2019, 10:02           
3 kişi ilə evli olan, tanınmış rəssamla dəlicəsinə eşq yaşayan məşhur - MARAQLI FAKTLAR
Doğum tarixini soruşan olanda:

“Çarli Çaplin, Tolstoyun “Kreyser sonatası” və Eyfel qülləsi ilə bir ildə anadan olmuşam” deyirdi.

Bir də deyirdi “Sevinci və qəm dolçasını dibinə qədər içmişəm. Hər şeyin fərqindəyəm” .

Şeir kimi yaşadığı ömrü boyu epoxalar dəyişib, iki dünya müharibəsinə şahidlik edib, Leninqrad inqilabı və blokadasını dadıb. Amma ömrünün qaranlıq səhifələri qəlbindəki tufanların, vulkanların yanında sönük qalıb.


Ömrümüzün ən məsumuncu illərində hamımız iki misra da olsa, cızmışıq. Anna Axmatova ilk şeirini 11 yaşında yazmışdı. Nəticədən tam məmnun qalmasa da, bu debüt sözə olan ehtirasını cücərtmişdi.

Anna 1889-cu ildə Odessada zadəgan ailəsində doğulmuşdu. Atası Andrey Qorenko flot mexaniki-mühəndis idi. Qızının şeirə olan marağını sezən ata ailənin şanına xələl gətirəcəyindən qorxduğu üçün soyadını dəyişdirməyi tələb edir. Anna özünə ulu nənəsinin soyadı olan Axmatova təxəllüsü götürür.

Adımı nənəm Anna Yeqorovna Motovilovanın şərəfinə qoyublar. Onun anası çingizlilərdən idi. Özü də tatar knyaginyası olmuşdu. Soyadı mənə elə cəlb etdi ki, məhz bu adla rus ədəbiyyatına xidmət etməyə qərar verdim. Anna Axmatova olmaq mənə dərin qürur bəxş edir.

Anna hələ körpəlikdən fitri istedada malik idi. Uşaqlığının ən gözəl illərini Çar kəndində keçirmişdi. Oxuyub yazmağı isə sevimli Tolstoyunun “Əlifba” kitabından öyrənmişdi. Böyük bacıları müəllimlə firəngcə danışanda eşq dilini də mənimsəmişdi.

Anna deyirdi ki, şeir mənim üçün Puşkin və Lermontovdan deyil, Derjavin və Nekrasovdan başlayır. Bu şairlərin yaradıcılığını anam əzbərləmişdi.

Annanın güclü yaddaşı vardı, amma o bacarığını gündəlik dərslərə qurban vermək istəmirdi. Çar kənd gimnaziyasında öncə kafi sonra isə yaxşı oxumağa başlamışdı. 1905-ci ildən valideynləri onu ev təhsilinə keçirdirlər. Ailənin övladları vərəmə yoluxur. Bu çətin durumda valideynlər də yollarını ayırmağa qərar verir. Növbəti il yeniyemə qız Kiyevdəki qohumlarının yanına köçüb Fundukleyev gimnaziyasına daxil olur. Bitirdikdən sonra isə Ali Qızlar Kursunun hüquq şöbəsinə qəbul edilir. Kiyevdə yaşadığı müddətdə Nikolay Qumilyov adlı gənc şairlə tanış olur. Nikolay hələ 17 yaşlı Oskar Uayldı özünə həyat idealı seçmiş tumurcuqlayan şair idi. Hətta özünü sələfinə bənzətmək üçün dodaqlarını və gözlərini boyayırdı. Ane Qorenko Nikolayın tam əksi idi. Həyatı ehtiraslı yaşamaq, günəş bədənini qovuranadək qaralmağı sevirdi.

Bəli, indi "bronz" dəri dəbdədir. Amma o vaxtlar yüksək zümrələrin övladları bu çılğınlığı özlərinə rəva görmürdülər. Ane üçünsə qadağa sözü böyük faciə ilə sinonim idi. O həm də hədsiz arıq idi. Buna görə ətrafındakılar onu ”hər kəsə bədbəxtlik gətirən müqəvva” adlandırırdı.

Uzun düz saçları, rəngli iri gözləri Nikolayı divanə edirdi. O isə bir az qəribə pərəstişkarını rəfiqələri ilə məsxərəyə qoyurdu. Hətta şeirlərində Aneyə "su pərisi" deyə xitab edən yeniyetmənin duyğularını tapdayıb keçməkdən çəkinmirdi.

Anna ilə Nikolay arasında çox təzadlı eşq tüğyan edirdi. Gənc şair sevdiyi qıza hər dəfə evlilik təklif etdikcə Anna ondan bir az da uzaqlaşırdı. Nikolay Parisdə onun üçün şam kimi əriyərkən, Anna “heç kimə lazım deyiləm” adlı bəhanələr qururdu. Bəlkə də iki söz zərgərinin münasibəti bundan daha yumşaq ola bilməzdi. Hər dəfə Anna Nikolayın evlilik təklifini geri çevirir, çarəsiz gənc intihara cəhd edirdi.


Sevimli ilham pərisinin ilk rədd cavabından sonra Nikolay Parisdə oxumağa gedir. Bu dəfə isə Anna Qumilyova məktub yazır, tənhalıqdan şikayətlənirdi.

Kolya Parisi atıb Annasına geri dönür. Nikolay sahil gəzintilərin birində Annaya evlilik təklif edir. Bu məqamda ləpələrin qovub quma atdığı iki ölü delfin görürlər. Bu mənzərə Annanı elə sarsıdır ki, aşiqinə yox cavabı verir. Cibində həmişə zəhər gəzdirən Qumilyov Parisə qayıdıb düz 3 dəfə intihara cəhd edir. Sonunda gözlənilən triumf baş tutur. Şair vətəninə qayıdıb sevdiyi qadının könlünü almağı bacarır. 1910-cu ildə cütlük evlənir. Bu hər iki tərəfin doğmaları üçün kifayət qədər qəribə durum idi. Hətta Nikolayın bəzi qohumları xəbər yalan çıxar deyə ziyafətə qatılmaqdan boyun qaçırdırlar.

Nikolay Parisdə yaşayıb “Sirius” adlı həftəlik rusdilli qəzet dərc edirdi. 1907-ci ildə ilk dəfə Siriusda Axmatovanın “ Onun barmağında çoxlu parlayan üzük var” şeiri çap olunur.

Cütlüyün ailəli olduğu 8 ilin çoxunu Nikolay səyahətlərdə keçirir, Anna isə ümidsiz tozlu pəncərələr önündə ərini gözləyirdi. Oskar ruhlu ər nikahdan düz 2 il sonra zərrə-zərrə sevgisinə qovuşduğu qadının üzərinə yeni çiçək qoxlayır. Nikolayın xəyanəti Annaya sərt zərbə vursa da bu durumu soyuqqanlı qarşılayıb ailəsini dağıtmır. Çünki özü də ərinin boşluğunu başqa pərəstişkarları ilə doldururdu.

Xatırladım ki, Axmatovanın məhəbbət dairəsi yalnız şairlərdən ibarət deyildi. XX əsr dünya rəssamlığının görən gözü Amadeo Modilyani ilə də çılğın macərası olub. Münasibətləri bir neçə ay davam etsə də sevginin izləri Annanın yaradıcılığından yan keçmir.

Anna ilə Modi 1910-cu ildə Axmatovanın Qumilyovun Parisə ilk toy səyahətində tanış olurlar. Həmin vaxt Modilyani çox kasıb və səfil həyat sürürdü. Amma rəngarəng xarizması və yaraşığı ilə bütün qadınları maqnit kimi özünə çəkirdi.

Axmatova ilk görüşlərini belə xatırlayacaqdı:

“Çox parlaq və zövqsüz geyinmişdi. Sarı velvet şalvarı və eyni rəngli gödəkçəsi gözümü yorurdu. Kifayət qədər gülünc görünüşünə rəğmən özünü gözəl təqdim etmək bacarığı vardı. Elə bu üstünlüyü onu Parisin ən yaraşıqlı və eleqant gənclərinə tay qoyurdu”.


Anna gözəlliyi ilə bütün Paris elitasını, eləcə də Modini heyran edir. Rəssam Axmatovadan portretini çəkməyə izn verməsini rica edir. Qısaqapanmanın ilk qığılcımı alışır. Tezliklə Qumilyovla Axmatova Peterburqa dönürlər. Əri gənc arvadı yenə tək qoyub Afrika səyahətinə çıxır. O vaxtlar Axmatovanı “saman dulu” adlandırırdılar. Quru təklikdə qalan gözəli Modilyani məktubları ilə ovudur, hətta növbəti görüşlərə səsləyirdi. Əri qayıdandan sonra Anna onunla möhkəm dalaşıb Parisə Amadeonun yanına qaçır. Amma gördüyü mənzərə ürəyini parçalayır. Bir neçə ayın içində rəssam səfalətdən içki və narkotikə qurşanmış, sısqalaşmış, solğunlaşmış, azı 10 yaş qocalmışdı. Nə olsun ki?! Anna üçün Modi yenə dünyanın ən yaraşıqlı, cazibəsi ilə dünyanı yandırıb-yaxan kişisi idi. Birgə keçirdikləri 3 ay ərzində Modinin Annaya əyləncə təşkil etməyə qara qəpiyi də yox idi. Amma hər axşam birgə Paris küçələrini gəzmək həzzindən məhrum deyildilər. 1911-ci ildə Modilyani Annaya 16 əsərini hədiyyə edir. Təəssüf ki, rəsmlərin 15-i müxtəlif faciələrin qurbanına çevrilib. Tənqidçilər hesab edirlər ki, Modinin fırçasından qopan 150 əsərdə Annanın gizlənmiş cizgiləri var.

Qayıdaq yerdə qalan bir portretə... Anna bu əsəri daim qoltuğunda gəzdirir və onu "Modinin mirası" adlandırırdı.


Bir fəsillik eşq kitabı Axmatovanın Rusiyaya dönüşü ilə xəzana qarışır. Tezliklə Amadeo fransız rəssam Janna Ebüternə aşiq olur. Janna Modidən övlad dünyaya gətirir. Bir müddət sonra rəssam soyuqdəymədən ölür. Hamilə Janna ərinin ölümündən xəbər tutan kimi özünü 5-ci mərtəbədən atıb intihar edir.

Təəssüf ki, dünya Modilyaninin dahiliyini ölümündən bir neçə il sonra etiraf edəcəkdi. Bu gün onun əsərləri auksionlarda milyonlar dəyərində hesablanır.

Heç solmayan sevgisinin ölümünü Anna jurnalların birindən öyrənir. Düz yarım əsr sonra rəssamla yaşadığı çılğın eşq romanını vərəqə tökməyə cəsarət tapacaqdı: “Baş verənlər hər ikimiz üçün tarixin başlanğıcı idi”.

Şeirlərində Modinin izlərinə, cizgilərinə rastlamasaq da, “Qəhrəmansız poema” əsərində bu sətirlər diqqət çəkir...

Paris göyümtül duman içindədir

Bəlkə də elə indicə Modilyani

Oğrun-oğrun ardımca gəzir.

Zaman çarxında geriyə qayıdaq... Bir müddət sonra Axmatova Nikolaydan övlad dünyaya gətirir.

Qumilyov əvvəlki kimi səyahət edir, amma artıq Anna tənhalığını pəncərə ilə bölüşmürdü. Körpə oğlunu anası ilə qoyub gün üzünə çıxırdı.

Birinci Dünya Müharibəsi başlayanda Qumilyov hərbi xidmətə yollanır. Bu müddətdə Axmatova Boris Anreplə görüşməyə başlayır. Bir müddət sonra ailə dağılır. Həm Anna, həm də Nikolay yeni ailə qururlar. Bir müddət sonra 35 yaşlı Qumilyov bolşeviklərin gülləsinə tuş gəlir.

Həyat böyük bir müəmmadır. Nə vaxt hansı sürprizlə qarşılaşacağını bimirsən. Nikolay dünyadan köçəndən sonra ömür boyu ərinə buz münasibət bəsləyib, ikinci dəfə ailə quran Anna sanki onun ruhu ilə yenidən evlənir. Bu dəfə bünövrə daha möhkəm, daha gerçək eşq üzərində qurulur. Anna ruh ərinin şeirlərini çap etdirib, yaradıcılığını dünyaya tanıtmaq uğrunda can qoyur.

Peterburqa gələndən sonra Anna Ali tarix-ədəbiyyat kursuna daxil olur. Yaradıcılığını digər müasirləri Qumilyov, Qorodetski, Mandelştam kimi akmeizm üzərində qurur. Akmeizm XIX əsr simvolizminə tərs mütənasib idi. Ümumiyyətlə, bu janr mahiyyət etibarilə konkretlik, maddiyat, əşyavi obrazlar üzərində qurulub. Axmatovanın mütəmadi yazdığı şeirlər onun şöhrətini günbəgün artırırdı. Ən böyük uğuru isə “Avara it” kabaresindəki çıxışlarından sonra oldu.

Anna xatirələrində yazırdı: “Mayın əvvəllərində Peterburq mövsümü öləziyirdi. Hamı yavaş-yavaş gen düşürdü. Amma bu dəfə Peterburqla vida əbədi olacaqdı. Biz Peterburqa yox, Petroqrada qayıtdıq. Birdən-birə XIX əsrdən XX-yə qədəm basdıq. Şəhərin duruşundan tutmuş, səmasına qədər başqalaşdı.

Bir də heç bir nəsil bu taleyi yaşamayacaqdı.

1912-ci ildə Axmatovanın “Axşam” adlı şeirlər toplusu çap olunur. Peterburqun ədəbi kütləsi kitabı dərin maraqla qarşılayır. Şah əsəri- oğlu Lev Qumilyovu da həmin il doğur( Lyova böyüyüb alim olacaqdı)...

Anna Parisin ruhuna da aşiq idi. Peterburqla yanaşı sevgi şəhərindən də ilhamlanırdı. Amma mütəmadi səfər etdiyi şəhərin xəstə halı bəzən qəlbini yorurdu.

“Parisin yeni bulvarları hələ tam hazır deyildi, şeirlər aşağı səviyyəyə endirilmişdi, onları az-çox tanınmış rəssamların şəkillərinə görə alırdılar. Mən onda başa düşdüm ki, Paris rəssamlığı fransız poeziyasını yedi”.


İkinci Dünya Müharibəsinin astanasında Anna növbəti kitabının səhifələrini ümidsizcə oxucularının barmaqlarına toxundurur. Nədənsə o düşünürdü ki, dünyada belə qlobal hadisələr tüğyan edərkən heç kim eşq şeirləri oxumayacaq. Anna unudurdu ki, savaşların tüstüsünə boğulanlar bir xoş sözə, isti ümidə daha çox möhtac olur. Kitab 10 il ərzində 8 dəfə yenidən çap olunur.

1917-ci ildə Axmatovanın “Bəyaz sürü” adlı üçüncü şeirlər toplusunu nəşr edilir.

Annanın ikinci əri Vladimir Şileyko şair-şərqşünas qədim Misir üzrə araşdırmaçı idi. 1921-ci ildə Qumilyov edam olunandan sonra Axmatova yazacaqdı: “Blok, Qumilyov, Xlebnikov demək olar ki, eyni vaxtda öldülər. Remizov, Svetayeva və Xodaseviç ölkədən köçdülər. Orada həmçinin Şalyapin, Mixail Çexov və baletin digər yarısı da vardı".

İtkiləri, faciələri əskik olmayan 21-ci il Axmatovanın yaradıcılığının ən məhsuldar dövrü sayıla bilər. Həmin il Annanın iki kitabı çap olunur. 22-ci ildə isə ikinci ərindən də boşanıb yolunu sənətşünas Nikolay Puninlə birləşdirəcəkdi. Həyatımıza gələn hər kəs bizi özünə bənzədir. Axmatova da ərinin təsiri ilə Peterburqun tarixi inşaatına dərin maraq göstərirdi. O həmçinin Puşkinin yaradıcılığına meyl etməyə başlayırdı.

Punin Axmatova ilə vətəndaş nikahında yaşayırdı. Qəribəsi budur ki, onların eşqi alovlananda Nikolay evli idi. Anna ərinin arvadı və qızı ilə bir mənzili bölüşməyə məcbur qalır. Üçbucağın hər 3 küncü bədbəxt idi və bu müddət ərzində Anna bir dəfə də olsun şeir yazmadı. Puninin həbsindən sonra Axmatova onun paltosunu mənzilin girəcəyindəki asılqandan götürmür. Bu gün Axmatovanın ev muzeyində həmin palto elə həmin asılqanda intihar edir.


30-cu illərdə Punin bir, Qumilyov isə iki dəfə həbs olunur. Axmatova deyirdi ki, hələ heç bir dövrün sakinləri belə acı tale yaşamayıblar. 1938-ci ildə edam olunan ədəbiyyat nümayəndələrinin qadınları, anaları “xalq düşməni” elan edilib repressiya qurbanlarına çevrilirdilər. Bu haqda Axmatova avtobioqrafik “Rekviem” poemasında ən acı xatirələrini bölüşür.

Bütün acılara rəğmən Axmatova xalqın danışan səsi idi. 1939-cu ildə əlamətdar hadisə baş verir. Anna Axmatova Sovet Yazıçılar Şurasına qəbul edilir.

Şairin qismətində ikici dünya savaşının da kədərində qovrulub yeni əsərlər yaratmaq vardı. Müharibə başlayanda Leninqradda yaşayan Axmatova öncə Moskvaya, oradan isə Daşkəndə evakuasiya olunur. Daşkəndin hospitallarında çıxış edib yaralı əsgərlər üçün şeirlər səsləndirir, amma doğma Leninqradı üçün çox darıxır, mütəmadi olaraq xəbərlər alırdı. Anna şimal paytaxtına bir də 1944-cü ildə qayıda bilir.

Doğma şəhərimin cildinə girən əcaib cin məni elə vahiməyə saldı ki, görüşümüzü nəsrə çevirdim. Nəsr hər zaman mənim üçün əsrarəngiz cazibə olub. Şeiri doğulandan tanıyıram, amma nəsrlə yenicə isnişdik.

Annanın qeyri-adi gözəlliyi yox idi. Amma pərəstişkarlarını sərxoş cazibəsi ilə dəli edirdi. Hətta müharibə bitəndən sonra Rusiyanın tanınmış alimi Vladimir Qarşin ona məktub yazıb evlilik təklif edir. Lakin Anna düşünməyə vaxt tapmamış alim yuxuda ölən arvadını görür. Bəli, tibb elmləri üzrə professor Qarşin ölü qadın ruhunun etirazını dinləyib Axmatovaya etdiyi təklifi geri götürür.

1946-cı ildə Mərkəzi Komitə bir neçə sənət jurnalında dərc olunan şeirləri mənasızlıq, ideya kasadlığında ittiham edir. Ən çox tənqid olunanlar isə Anna Axmatova və Mixail Zoşenko olur. Hər ikisi Yazıçılar İttifaqından uzaqlaşdırılır.

Qəzetlər onlar haqda belə yazırdı:

“Zoşenko sovet səliqəsini və insanlarını karikaturalarında çox eybəcər tərzdə təsvir edir. Onları mədəniyyətdən kasad, dedi-qoduya meylli göstərir. Axmatova isə xalqımızın ideologiyasına yad ədəbi fikirləri zəif şairdir. Onun misralarına kədər, pessimizm çöküb. Hər ikisi yetişən sovet gənclərinə pis örnəkdirlər. Odur ki, ədəbiyyatımızda da yerləri ola bilməz”.

Annanın oğlu Lev Qumilyov ikinci dünya savaşına könüllü yollansa da savaşdan sonra həbs olunur və yalnız 1956-cı ildə azad edilir.

Axmatova 1951-ci ildə yenidən Yazıçılar İttifaqına qəbul edilir. Bir neçə il sonra hökumət şairə qutuya bənzər bağ evi də verir.

“Şeir yazmağa heç vaxt ara vermədim. Şeirlərimin xalqımın yeni həyatı ilə olan bağım idi. Yazdığım misraların ritmi ilə yaşayırdım. Bu çox gözəl duyğu idi. Dövrümün qaranlığında qəhrəmanlarımın nuruna isinmək mənə dəli xoşbəxtlik duyğusu daddırırdı”.


Ötən əsrin 60-cı illərində şairin yaradıcılığı ən şəfəqli dövrünə qədəm qoyur. Nobel mükafatına namizədliyi irəli sürülür, ardınca İtaliyanın “Etna-Taormina” ədəbi mükafatını alır. Bu da azmış kimi Oksford Universiteti Annanı fəxri doktor adına layiq görür.

1966-cı ilin mart ayında Axmatovanın ürəyi yerdəki zavallıların darıxmamaqçün qurduğu eşq oyunlarından yorulub göyə qayıdır. Anna Axmatova Leninqradın Komarovskiy qəbristanlığında uyuyur.

Həyatının bütün faciələrində, həbsində yalnız anasını günahkar görən Lev Qumilyov ölənədək anasını bağışlamır, hətta son nəfəsində yanına gəlməkdən imtina edir. Lyova adlı ən böyük ağrısı da Annanın canı ilə birgə fəzaya qarışır.

Axmatova ilə birgə rus şeiriyyatı da harmoniyasını itirdi. Puşkin nəğmələrindən Axmatova nəğmələrinədək olan sənət epoxası sona çatdı.

Şairin özünü də dediyi kimi “Tanrı üçün hamı sağdır”. Demək içində tanrının zərrəsi olan hər kəs üçün Anna yaşayır. O sağdırsa, demək ki, ağrıları da canlıdır.

Zaman-zaman gah şöhrətin çiyinlərinə çıxıb, gah da ayağının altında tapdanan Anna üçün hər ikisi eyni duyğudur. Ölümündən sonra tapılan gündəliyində gizlətdiyi həyat hekayəsini oxuduqca bu teorem bizim üçün bir daha sübut olundu.

Leyla Sarabi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.