Torpağı bizə Vətən edənlər ..........

23-08-2019, 20:45           
Torpağı bizə Vətən edənlər ..........
Cəbrayılın işğalından 26 il ötür. Bu torpağın düşmənə əsir düşməməsi üçün son damla qanına qədər mübarizə aparan və elə o torpağın bağrında uyuyan , yurdu kimi məzarı da işğalda qalan çox kiçik- cəmi 11 yaşında olan, yurd sevgisi ilə uşaqlığdan kişilik məktəbi yaratmış balaca qəhrəman haqqında danışmaq istəyirəm. Səngərlərdə yurd uğrunda hayqıran , ölməyə hər dəqiqə hazır olan bir oğul haqqında..
Samir Tiqana haqqında .. Qaracallı Qədirin yeganə oğlu Samir. Hamı onu Tiqana çağırırdı. Saçının , qaş -gözünün zil qaralığı , qarabuğdayı çöhrəsi onu " Tiqana " ( Fransa futbolçusuna bənzədiyinə görə Samiri belə adlandırırdılar) .
Qəhrəmanlar üçün dünyanın bir qapısı olur. Onlar dünyaya gəlir, ancaq getmirlər. Qəhrəmanlıq elə bir yüksək zirvədir ki , o zirvəyə ucalmaq üçün gərək bəşəriyyətin , tarixin və ən əsası məxsus olduğu millətin , xalqın , millətin sınağından mərdanəliklə çıxasan. Bu gün hamı kimi dünyaya gələn körpənin sabah igid olacağını heç kim bilmir. Qəhrəmanı mühit yetişdirir , zaman ərsəyə gətirir , xalq yaşadır , sevir və əfsanələşdirir. Samir də belə əfsanələşən qəhrəmanlardandır. Ali məktəbdə oxuduğum illərdə bu balaca igidin qəhrəmanlığı haqqında çox oxumuşdum. Və onun haqqında nə vaxtsa öz anasının dilindən qəhrəmanlıq tarixi eşitməyi heç zaman fikirləşməmişdim. " Oğlum 15 illik ömrünün 5 ilini rayonumuzun müxtəlif kəndlərində erməni işğalçıları ilə gedən ölüm - dirim savaşının ən qaynar nöqtələrində olub. "

Əliyev Samir Qədir oğlu 1977 - ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olmuşdu. Onu 80 - ci illərin əfsanəvi futbolçusu , nəhəng sıçrayışlı Jan Tiqanın adıyla çağırırdılar. Döyüşçü dostları üçün Samir Tiqana idi. Çevik , qaynar enerjili görkəmə , güllə yağışı altında ölüm xofuna qalıb gələ bilmək kimi ifadə sahibi olan bir yeniyetmə. Tiqana Cəbrayıl rayonu ərazisində yerləşən " Günəşli " , " Quşçular " , " Banazur-1" , "Banazur -2" , " Sur", " Şirik", " Zamzur " , " Qazanzəmi" , " Qızılqaya" və " Daşbaşı " postlarında hərbçilərlə və polis əməkdaşları ilə ən gərgin döyüşlərdə vuruşmuş , düşmənlə ölüm - dirim savaşında cəbhə yoldaşlarının istər su , istərsə də güllə sarıdan korluq çəkməyə qoymamışdı. Həmin illərin qəzetlərindən götürdüyüm nümunələr : " Polkovnik Heydər Əliyev onun haqqında deyirdi - Bu ağır döyüşlər zamanı aramızda balaca Tiqananı görərkən , ölümü ağlımıza gətirməyi belə özümüzə ar bilirdik . Əgər mənim Tiqana kimi 200 əsgərim olsaydı, Qarabağ torpağından ən sonuncu erməninin ayağını üzərdim " ( " İlham çeşməsi" qəzeti 15 may 2013 )
Tiqana - Samir düşmən arxasına " gedər - gəlməz " xarakterli kəşfiyyatlara gedir , eyni zamanda döyüşlərin ən kəskin məqamında güllə yağışları altında sürünə - sürünə patron , silah - sursatı döyüş meydanlarına əsgərlərə vaxtında çatdırırdı. Tiqana mərmi, silah və texnikalarlarla da səlis davrana bilirdi. " Bir dəfə Tiqana Teymurovun qrupu ilə düşmən arxasına kəşfiyyata çıxarkən , gecə ermənilərin postda yatdığını görüb raket qurğularının məftilini və silahlarını yığışdırıb geri qayıdır. Səhər bizimkilər ermənini geri oturda bilirlər " ( " Xudafərin " qəzeti 25 yanvar 1999- cu il).
Tiqana dağlara , dağ yollarına yaxşı bələd olduğundan tez - tez düşmən arxasına keçir , məlumatlar toplayır , bəzən də yolları minalayardı.
" Gizli yolla Hadruta gedən Tiqana orada rus əsgərlərinin döyüşə hazırlaşdığını görür. Gəlib bu barədə komandanlığa məlumat verir. Qayıdarkən bir neçə at da gətirir.." ( " Açıq söz " qəzeti 19 avqust 1994 - cü il )
Samirin - Tiqananın torpağa , yurda olan sevgisi onu taxta uşaq avtomatını odlu silahla əvəz etməyə sövq edir.
Ardı var...
Mehriban Sadiq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.