Şah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FAKTLARLA

3-09-2019, 17:24           
Şah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FAKTLARLA
“Şanlı Ağaməhəmməd”. Dahi rus şairi A.S.Puşkin Türk-Qızılbaş xanədanı olan Qacarlar sülaləsinin hökmranı Ağa Məhəmməd şahı “Ərzuruma səyahət” əsərində məhz bu cür adlandırır
Bəlkə də, Sovetlər dövründə Şah Qacarı qaniçən, türk düşməni, işğalçı adlandıran yazıçı və alimlərin çoxu uzun illər türk tarixinə hücumların bir parçası olan tarixi şəxsiyyətləri gözdən salmaq planlarının arxasında ermənilər olduğunu bilməyiblər. Amma yeni sənədlərin aşkar olunması 70 ildən çox davam edən yalanların üstünü açır.
Belə yalanlardan biri də Ağaməhəmməd şah Qacarın Şuşada öldürülməsi barədə saxta məlumatlardır. Bu qətlin arxasında bir gün sonra öldürüləcək 4 nəfərin - Məmməd xan Batmanqılınc, Sadıq xan Şəqaqi, Abbas bəy və şahın qulu Səfərəlinin olması uzun zamandır tariximizdə yazılır. Qətlin bu 4 nəfər tərəfindən icra edilməsi bəllidir, lakin qətlin həyata keçməsində Rusiya və onlara xidmət edən ermənilərin durması barədə əsl həqiqətlər gizlədilib. Öncə Nadir şah Əfşara sui-qəsdin, ardınca ikinci türk hökmranı Qacarın qətlinin təsadüf olduğunu söyləmək qətiyyən düzgün deyil. Tarixə nəzər salsaq, hər iki hökmrana sui-qəsdin eyni ssenari üzrə baş verməsini görərik, planın eyni mərkəzdən hazırlanıb həyata keçirilməsinin şahidi olarıq. 1747-1797-ci illər arasında cəmi 50 il fərq var. Bu 50 il tarix elmində Rusiyanın, İngiltərənin bölgədə güclənmə siyasətinin başlanğıc illəri kimi qəbul edilir və Türk dünyasının iki qüdrətli hökmranının eyni ssenari üzrə qətl edilməsinin arxasında onların olduğu şübhəsizdir. Türk coğrafiyasında işğalçılıq və müstəmləkəçilik siyasətinin qarşısını alan bu iki hökmranın aradan götürülməsi Avropa və Rusiya üçün çox önəmli idi. Bu gün həm Nadir şahın, həm də Ağaməhəmməd şahın Rusiya və Avropa mənbələrində qəddar, işğalçı və qaniçən hökmran kimi göstərilməsi buna əyani sübutdur.
Bu gün tarix elmimiz Qacarlar dövləti barədə ətraflı tədqiqat aparmayıb. İran, Rusiya, Türkiyə və Gürcüstan arxivlərində saxlanılan arxivlərə çıxış əldə edilmədiyindən Qacarlar barədə əsl həqiqətlər üzə çıxarılmayıb. Avropa və rus tarixçilərindən ruhlanan bizim tarixçilərin bəzilərinin iddia etdiklərinin əksinə olaraq, Qacarlar özlərini Qızılbaş dövlətinin varisləri adlandırıblar, Səfəvilərin davamçıları və nəsli elan ediblər. Məlumdur ki, Səfəvi dövlətinin qurucusu olan yeddi tayfadan ən böyüklərindən biri də Qacarlar idi. O dövrün arxivlərinə nəzər salsaq, Qacarlar qədər türk dili və ədəbiyyatına xidmət etmiş ikinci dövlət tapmaq çətindir. Qeyd edək ki, Qacarlar türk coğrafiyasında qurulmuş axırıncı türk imperiyasıdır. 1925-ci ilə qədər yaşadılar və türk kimliklərini də qoruyublar ki, onların nəslindən olanlar da bu gün özlərini türk-qızılbaş adlandırırlar.
1796-cı ilin mart ayının 21-də “Şahənşah” elan edilən Ağa Məhəmməd şah Qacarın ən böyük arzusu Səfəvi dövlətinin sərhədlərini bərpa edib daha da genişləndirmək idi. Ağa Məhəmməd şah Qacar Şeyx Səfi türbəsindən gətirtdiyi qılıncı qurşamaqla özünü Səfəvilərin varisi elan etmiş oldu. Çingiz xanın siyasətini çox bəyənən Ağaməhəmməd xan dövlət idarəçiliyində da Çingiz xanın “Yasa”da yazılan qayda-qanununu tətbiq edirdi. Hətta tarixdə “Qacar Yasası” kimi sənəd vardır ki, bu sənədə görə, vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi. Təmizqanlı türk soyu və türk xanədanı qurmaq üçün qədim türk idarəçiliyini örnək alan Qacarı eyni zamanda, Qafqaza rusların maraq göstərməsi, Hindistana ingilislərin göz dikməsi düşündürürdü. Qacarın niyyəti şimallı-cənublu Azərbaycanı bir dövlətdə birləşdirmək idi. Bunun üçün onun qarşısında Şimalda özlərini müstəqil elan edən xanlıqların razılığı lazım idi ki, o da səfirlərini xanların yanına danışıqlara göndərdi. (“Agha Muhammad Khan and the Establishment of the Qajar Dynasty”, The Cambridge History of Iran, Vol: 7, Edit by: P. Avery,G. R. G. Hambly, C. Melville, Cambridge University Press, New York 2008, s. 114.)
O dövrdə Rusiya imperiyasının əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirməklə Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün variantlardan biri “erməni dövləti” yaratmaq idi. Təsadüfi deyildi ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq, onları müdafiə etmək və onlardan istifadə etmək tapşırılmışdı.
Qacarın bu cür planları İngiltərədən daha çox Rusiyanı düşündürürdü. Bunun üçün Qacar sarayında öz adamlarını yerləşdirdi. Bu adamlardan biri Sadıq xan Şəqaqi idi. İlk zamandan Sadıq xan Qacar xanədanına qarşı silahlı mübarizə aparırdı. O, 1790-cı ildə Qacar ordusuna döyüşdə uduzandan sonra Qarabağa çəkilmişdi. Burada İbrahimxəlil xan Cavanşirə pənah aparmış, xanın vəziri Molla Pənah Vaqiflə dostlaşmış və onun sayəsində xanın Qacara məktub yazaraq onu bağışlamasına nail olmuşdu. Sadıq xan da vəzir Vaqif kimi Rusiyameyilli idi. Onların gizli yazışmaları var idi. Gizli yazışmaları ermənilər daşıyırdı. Hətta ermənilərə vəd verilmişdi ki, onların məlikliyinə xüsusi səlahiyyətlər veriləcək. Habelə dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq İrana qarşı müdafiə olunmağı təklif etmişdi. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan "yox" cavabı ilə gəlməsini əsas tutaraq Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi.
Rus ordusunda isə Sadıq xan Pyotr Stepanoviç Kotlyarevski ilə yazışırdı. Kotlyarevski Azərbaycanda qalmağı və buranı təkbaşına idarə etməyi çox arzulayırdı. V.Zubova yazdığı məktubda "arzum burada qalmaq, çara olan böyük sədaqətimi nümayiş etdirməkdir, xahiş edirəm, nəzərə alasınız" deyən Kotlyarevski bunun üçün xanlıqları məhv etməli, İran və Osmanlı saraylarını bu regiondan uzaq tutmalı idi.
Sadıq xan və Molla Pənah Vaqiflə yazışan Kotlyarevski rus himayəsi altında Qarabağın inkişaf edəcəyini və sonradan da İranda Sadıq xanın hökmran olacağını vəd edirdi.
Sadıq xanın ona olan məktublarının birində yazılır: “General Kotlyarevski, biz Sizin humanist biri olduğunuza əminik və inanırıq ki, həşəmətli Çar bizi əsla unutmayacaq və verilən vədlərə əməl olunacaq” (Акты, собранные Кавказскою Археологическою Комиссиею. Том 7. Издан под редакциею Ад.Берже.Тифлис, 1878 г., 995 с., с. 481.)
Kotlyarevskinin ona cavab məktubunda isə yazılır: “Əlahəzrət Çarın diqqəti üzərinizdədir. Siz Çara sadiq olduqca, onun himayəsindən yararlana bilərsiniz. Bunun üçün Qacarların bura yürüş etməsinin qarşısı alınmalıdır. Çalışın, o saraya daxil olun və tapşırıqları gözləyin” (“Русская старина”. Ноябрь 1894 г.)
Bundan sonra Sadıq xan Ağaməhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur.
Ağaməmməd şah xanlıqların Rusiya ilə gizli anlaşmaya getməsini eşidəndə qəzəblənir və dərhal 85 minlik qoşunla Şimali Azərbaycana yürüşə başlayır. Onun Qarabağ və digər xanlıqları işğal etmək planı ilk illərdə yox idi. Ümid edirdi ki, xanlıqlar xaçpərəstlərlə işbirliyinə getməz. Lakin Rusiya ilə onların yaxınlaşması barədə kəşfiyyat ona məlumat gətirəndə dərhal hücuma başlamaq qərarına gəlir. 1797-ci ilin yazında Ağa Məhəmməd şah güclü ordu ilə növbəti səfərə - Qarabağ istiqamətində hücuma başladı.
İbrahim Xəlil xanın Car əyalətinə qaçmasından sonra - Qacarın Şuşaya daxil olmasından bir müddət öncə Sadıq xan Kotlyarevskiyə dərhal çapar göndərir. O, məktubunda yazır: “Əlahəzrət General, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa, Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlıqları bir araya gətirəcək. Əmrinizə tabeyəm”.
Cavab məktubu qısa olur: “Əlahəzrət Çar sizin bu xidmətinizi böyük dəyərləndirir. Şahın orda qalmasının qarşısını ala bilməsəniz, öldürün. Sadıq xan, İran hökmdarı olacağınıza əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiniz”. (Esnadi ez Revabet-ı İran ve Rusye ez Safaviye ta Kacariye, Ter. Rahim Musulmanyan Kubadiyani, Behruz Musulmaniyan Kubadiyani, Tahran 1387.)
Şah Şuşada İmarətdə qaldığı üç gün ərzində heç bir qətlə imza atmır. Sadıq xanın davranışlarından şübhələnən Şah onun evində axtarış aparmağı xəlvət fərraşlara (kəşfiyyatçılar) tapşırıq verir və onun yazışmaları ələ keçir. (П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869, стр.142.)
Abbas bəy, Sadıq xan və Səfəralı həbs edilirlər. Onlarla yanaşı, Məmməd bəy Batmanqılınc da həbs olunur. Sadıq xan xəlvət fərraşlarının rəisi olduğu üçün həbs otağının qapısına qıfıl vurulmur. Gecə ikən Məmməd bəyi, Abbas bəyi və Səfəralını gizli müşavirəyə dəvət edən Sadıq xan Kotlyarevski ilə danışdığını, Məmməd bəyin Qarabağ xanı elan ediləcəyini və özünün İran taxtına oturacağını bildirir. Bunun üçünsə Qacar şahın öldürülməli olduğunu deyir. Qətli Məmməd bəy boynuna götürsə də, Sadıq xan bu işi Abbas bəy və Səfəralıya tapşırır. Onlar da gecə saat 2-dən keçmiş və 3-ə bir qədər qalmış (zaman tarixi mənbələrdə belə göstərilib - Z.Ə.) hər ikisi xəncərlərini çəkib girirlər şah yatan оtağa. Abbas bəy qabaqca yеriyib pərdəni yığışdırır əlinə. Səfəralı cəld şahın üstünə gеdib qəməni sancır ürəyinə. Sonra da qaçırlar. Ağa Məhəmməd Şah Qacar hövlnak yеrindən qalxıb, əli ürəyində оnların dalınca qapıyadək yüyürür, sоnra qayıdıb оtağın оrtasında yıxılır. Ürəyini tutan şah “Еy еvi dağılmışlar, İranı viran qоydunuz” deyib ölür. Otağa daxil olan Sadıq xan onun başını kəsir və tacını, qolundakı bahalı daşlardan olan qolbağı götürüb otaqdan çıxır. Qolbağı Kotlyarevskinin gecə ikən Şuşaya gələn adamlarına verən Sadıq xan dərhal generaldan vədinə əməl etməsini xahiş edir.
Şahın başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu qəbiristanlıqda torpağa tapşırırlar.
Səhər açılan kimi Sadıq xan Şəqaqi “qatilləri” yaxaladı. Onları vəliəhdin anası və şahın xalası başda olmaqla Qacar xanımları çarmıxa çəkdirdilər.
Ağaməhəmməd Şahın cənazəsi Şuşadan Tehrana aparıldı və oradan Nəcəf şəhərinə göndərilərək 8 yanvar 1798-ci ildə birinci imam həzrət Əlinin məqbərəsi yaxınlığında dəfn edildi... (Abbas Amanat`s (1998):essay on Qajar Iran in Layla S. Diba, ed., Royal Persian Paintings: The Qajar Epoch 1785-1925 , I.B. Tauris Publishers, London.)
Qacarın ölümü Azərbaycanın Rusiya tərəfindən işğalını sürətləndirdi.../publika.az/
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.